O GECƏ XOCALIDA

yazarlar
17-02-2016, 07:28 1902
O GECƏ XOCALIDA







Yeri-göyü bürüdü ah-nalə səsi o gün,
Bir şəhər dağıdıldı, viran oldu büsbütün.
İgidlər candan keçdi el üçün, Vətən üçün,
Su yerinə axdı qan, o gecə Xocalıda.

Əsir qızlar, gəlinlər ağladı sübhə qədər,
Al-qırmızı geyindi açılan qanlı səhər.
Qalmadı o şəhərdə, qalmadı bircə nəfər,
Alışdı can, yandı can, o gecə Xocalıda.

Diksindi dağ da, daş da güllələrin səsindən,
Qan püskürdü bir an da dağların sinəsindən.
Qaçan çıxa bilmədi düşmən əhatəsindən,
Quruldu qanlı divan, o gecə Xocalıda.

Bir köməyi olmadı, bir arxası olmadı,
Səsi ərşə ucaldı, daş üstə daş qalmadı.
Göylər də bu haraya, haya nəzər salmadı,
Köməksiz qaldı insan, o gecə Xocalıda.

Çapaladı, sızladı sübhə qədər qız-gəlin,
Qocalar fələklərə yalvarıb açdı əlin.
Kəsdilər körpələrin ana söyləyən dilin,
Verilmədi bir aman, o gecə Xocalıda.

Xain qonşularımız arzu-kamına yetdi,
Cəlladların qəlbində insaf, mürüvvət itdi,
Qarabağın açarı, qapısı əldən getdi,
Toy-bayram etdi şeytan, o gecə Xocalıda.

Nahaq qılınc çalırdı, haqqın batmışdı səsi,
Ölənlərin o gecə yox idi bir kimsəsi,
Düşmən kəsib-tökürdü düşünmədən hər kəsi,
Yox idi ümid, güman, o gecə Xocalıda.

Qar, şaxta bir tərəfdən, cəlladlar bir tərəfdən,
Yox idi bir haraya, yox idi haya yetən.
Güllələr dolu kimi yağırdı göydən, yerdən
Yolu tutmuşdu duman, o gecə Xocalıda.

Körpələrin naləsi göylərə ucalırdı,
Bu ölümdən, bu qandan yağı ləzzət alırdı.
Qradlar, alazanlar yurda lərzə salırdı,
Çox oldu ölüb-qalan, o gecə Xocalıda.

Qan içində boğuldu Qarabağda bir şəhər,
Dinib-danışmaq olmur, boğur adamı qəhər.
Köməyə yetişmədi Bakı tutsa da bu xəbər,
Başladı qanlı talan, o gecə Xocalıda.

Əliyalın adamlar qaldı düşmən əlində,
Qeyrət heykələ döndü Koroğlunun elində.
Vətən kəlməsi dondu bu millətin dilində,
Ayaq açdı şər, yalan, o gecə Xocalıda.

Heç bilmirəm fələklər axı haraya baxdı,
Qarabağın gözünün yaşı sel kimi axdı.
Şəhid oldu bir şəhər, əsrin günün bu vaxtı,
Susdu vaxt, susdu zaman, o gecə Xocalıda.

Əziz Musa