Azərbaycanda yeni doğulan körpədə əməliyyat aparılıb

sehiyye
11-01-2016, 06:06 1210
Azərbaycanda yeni doğulan körpədə əməliyyat aparılıb Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında hələ ana bətnində qastroşizis patologiyası aşkar edilən körpə qeysəriyyə üsulu ilə doğulub. Dünyaya gələn kimi körpənin bağırsağında əməliyyat aparılıb.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun Modern.az-a verdiyi məlumata görə, xəstə hamiləliyin ilk günündən sözügedən klinikada müayinə olunub.
Hamiləliyin 8-ci həftəliyində ultrasəs müayinəsi (USM) zamanı qadında dölün ürək döyüntüsü normal izlənilib və o, müəyyən analizlər verib:
“Daha sonra qadın bütün hamilələr kimi hər ay ardıcıl olaraq müayinələrə çağırılıb. Növbəti ay baş tutan müayinə zamanı (hamiləliyin 12-ci həftəsində) belə bir patologiya aşkar edilib: ana bətnindəki körpənin bütün nazik bağırsağı və yoğun bağırsağın bir hissəsi vücuddan kənara çıxıb. Bu patologiyanın adı qastroşizisdir. Yəni, uşağın bağırsağı bədənindən çöldə, qarnının üstündədir. Adətən bağırsağın çölədönmə hərəkəti hamiləliyin 10-11-ci həftələrində bərpa olunur, bağırsaq içəri daxil olur. Lakin xəstədə bu proses baş verməyib.”
T. Canbaxışovun sözlərinə görə, hamiləliyin 28-29-cu həftəsində dölyanı mayenin möhtəviyyatı dəyişdiyi üçün körpənin bağırsaqlarına ziyan dəyə bilərdi:
“Bunun qarşısını almaq üçün biz hamiləliyin 28-ci həftəsindən etibarən hər 3-4 həftədən bir düz 4 dəfə xəstənin ana bətninə müdaxilə edərək, dölyanı mayeni 500 ml litrdən 700 ml litrə qədər dəyişdik. Yəni bu mayeni porsiyalarla çəkib, əlavə mayeni durulaşdırdıq ki, bağırsağa heç bir zərər gətirməsin. Bu prosedur ilk olaraq yerli keyitmə vasitəsilə, digər 3 prosedur isə xəstəni ümumi yatızdırmaqla 30-35 dəqiqə müddətində icra olundu”.
Həkim bildirib ki, bu, olduqca riskli bir prosedurdur, çünki, ana bətninə qarın nahiyyəsindən girilir: “Ana bətninə bir iynə ilə müdaxilə edirik və bu müdaxilə çox vaxt erkən doğuşa səbəb olur. Amma bütün bu təhlükələrdən uğurla keçdik. Hamiləliyin 37-ci həftəsi tamamlandıqdan sonra qadının sancıları başlayıb. Qeysəriyyə əməliyyat hazırlığında 26 nəfərə yaxın tibbi personal iştirak etdi. Xəstə gecə saat 1-də əməliyyata alındı və əməliyyat 5-də tamamlandı. Əməliyyatxanada ana bətnindən azad edilən körpə 1-2 saat özünə gəldikdən sonra uşaq cərrahlarının öhdəsinə verildi”.
ATU-nun uşaq cərrahiyəsi şöbəsinin müdiri Ramiz Poluxovun sözlərinə görə, qastroşizis qarnın ön divarının inkişaf qüsurudur və yaranma səbəbi qarın divarının qidalanmasının pozulmasıdır:
“Belə qüsurların, patologiyaların aşkarlanması üçün Azərbaycanda xəstəyə tam yardım göstərməsi mümkün olan klinikalardan biri də bizim Tədris Cərrahiyyə Klinikasıdır ki, burada həm mama-ginekoloji, həm cərrahi, həm də neonatoloji xidmət göstərilir. İlk olaraq xəstə təbii ki, bizim ginekoloqlara müraciət edib, müayinələr zamanı Turab doktor bu xəstədə qastroşizisin olduğunu müəyyənləşdirdi. Biz məsləhətləşdik və doğuşa qədər aparılmalı olan bütün manipulyasiyalar ginekoloqlarımız tərəfindən müvəffəqiyyətlə həyata keçirildi. Belə uşaqlar mütləq qeysəriyyə üsulu ilə doğulmalıdırlar”.
R. Poluxovun bildirdiyinə görə, ana bətnində əməliyyat olunan uşaqda qastroşizisin ağır forması olub (ən böyük deffekt 4 sm sayılır) və doğulan kimi körpəyə neonatoloqlar tərəfindən yardım göstərilib: “Bütün çöldə olan orqanlar steril plyonkaya bükülüb və uşağın əməliyyat üçün hazırlanması gözlənilib. Burada əsas məqsəd o idi ki, orqanlar yerinə qaytarılsın, deffekt bərpa olunsun. Körpə üzərində əməliyyat uğurla keçirilib, heç bir fəsad baş verməyib”.
Hazırda ATU-nun həkim briqadasının nəzarətində olan bu körpə tam sağlamdır. Uşağın qidalanması da tez bir zamanda bərpa olunub.