"Azərbaycanda pulsuz tibbi xidmət yoxdur" - Deputatdan səhiyyəyə TƏNQİD

sehiyye
29-12-2015, 13:54 860
"Azərbaycanda pulsuz tibbi xidmət yoxdur" - Deputatdan səhiyyəyə TƏNQİD Milli Məclisin iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinə dəyişiklik müzakirə edilir. Modern.az-ın verdiyi xəbərə görə, müzakirə zamanı deputat Zahid Oruc bildirib ki, tibb müəssisələri, bağçalar özəlləşdirilməlidir:
“Azərbaycanda pulsuz tibbi xidmət yoxdur. Ona görə də hesab edirəm ki, gələcəkdə bu məsələyə baxış genişlənməlidir. Yeni xəstəxanalar, diaqnostik mərkəzlər tikilir və yüksək avadanlıqlarla təchiz olunur, həkimlərimiz bu texnologiya ilə insanlarımızı ayağa qaldıra bilmir və onlar xarici ölkələrə müalicəyə gedir. Bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oğlanların sayının qızları üstələdiyini açıqladı Biz, sadəcə, ana bətnində UZİ aparatla qızları bədəvi ərəblər kimi öldürürük. Azərbaycan qızları çatışmayanda millətin geninin dəyişilməsi prosesini gələcəkdə izləyəcəyik. UZİ aparatlarını xeyli neytrallaşdıran addımlar atmışdıq. Amma bu proses cəmiyyətdə gedir. Qızları vəsf etsək də, bunu real həyatda görmürük, oğlan sifətli cəmiyyət qururuq. Qanunvericilikdə elə bir addımlar atmalıyıq ki, bu aparatlar sağlamlıq üçün yarısın, gələcək övladı itirmək üçün yox”.
Spiker Oqtay Əsədov deputata cavabında deyib: “Dərdi deyəndə dərmanı da fikirləşmək lazımdır ki, necə etmək olar? Məsələn, uşaq bağçalarının özəlləşdirilməsini təklif edirsiniz. Bir uşaq üçün bağçada xərclər ən azı 100 manat düşür. Kənd yerində bir uşağa normal yemək, içmək üçün bağçaya 100 manatdan pul vermək mümkün olmur. Dünyanın heç yerində dövlət bağçaları özəlləşmir. Bu məsələlər hesablama məsələsidir, çətindir”.
Deputat Sədaqət Vəliyeva bildirib ki, nikaha girənlərdən sağlamlıqla bağlı arayış istənilsə də, çoxları cavabları gözləmədən evlənir: “Cavab gözləmədən tərəflər dini nikahla evlənirlər. Onların müxtəlif xəstəliklərə yoluxması ilə bağlı cavab gələndə isə gec olur. Ona görə təklif edirəm ki, din xadimlərimiz, Şeyxüslam bu məsələdə bizə yardımçı olsun ki, rəsmi nikahsız kəbin bağlanılmasın”.