Dərmanların qiymətinə yenidən baxılacaq - Səhiyyə Nazirliyi

sehiyye
23-12-2015, 12:59 1124
Dərmanların qiymətinə yenidən baxılacaq - Səhiyyə Nazirliyi "Manatın məzənnəsinin düşməsindən sonra ölkədə satılan dərman preparatlarının qiymətilə bağlı Tarif Şurasına Səhiyyə Nazirliyi tərəfindən deyil, iş adamları tərəfindən müraciət olunub. Bu günlərdə məsələ ilə bağlı şuranın növbəti iclası olacaq".
“Qafqazinfo” SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsəvər Ağayev deyib. O bildirib ki, Tarif Şurasında qiymətlərə yenidən baxılacaq: "Bu zaman dərmanların qiymətlərinin neçə faiz artacağına qərar veriləcək. Çünki Nazirlər Kabineti Azərbaycanda qeydiyyatdan keçən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və onlara nəzarət qaydalarını təsdiqləyib. Bu qaydalara əsasən valyutanın məzənnəsi 5 faizdən artıq dəyişərsə, onda təsdiq olunan qiymətlərə yenidən baxılacaq".
E.Ağayev əlavə edib ki, dekabrın 21-dən 3540 adda dərman yeni qiymətlə satışa çıxarılıb, dərmanların 46 faizi 2 dəfədən artıq, 24 faizi 3 dəfədən artıq, bəziləri isə 4-5 dəfə uculaşıb: "Təbii ki, qiymətlərin artıq olması qaçılmazdır. Lakin yeni qiymət əvvəlki qiymətlərdən aşağı olacaq. Yeni qiymət artımından sonra belə qiymətlər əvvəlkindən çox olmayacaq".
Nazir müavini, həmçinin bildirib ki, manatın məzənnəsi ilə əlaqədar dövlət xəstəxanalarında heç bir problem yoxdur: "Xəstəxanalar ilin əvvəlində və ortasında dərman tədarükünü görüblər. Dövlət səhiyyə müəssisələrində xidmət pulsuzdur, ancaq özəl müəssisələrdə belə deyil. Buna görə də onların gətirdikləri məhsulların qiymətində hər hansısa bir dəyişiklik olarsa, xidmət haqqının qiymətini dəyişə bilərlər".