“Onun yaradıcılığında qadın keçici obrazdır” – NÜSRƏT KƏSƏMƏNLİ SÖHBƏTİ

yazarlar
18-12-2015, 10:25 1395
“Onun yaradıcılığında qadın keçici obrazdır” – NÜSRƏT KƏSƏMƏNLİ SÖHBƏTİ Kulis “Ədəbiyyatımızın dünəni” layihəsindən Cavanşir Yusifli ilə Şərif Ağayarın Nüsrət Kəsəmənli haqqında söhbətini təqdim edir.
- Bir evdə ata yad, bir evdə ana… Qəribə taleyi vardı... Atası da atmışdı onu, anası da... Şair və tale... Bu ifadələr ciddi sənət kontekstində biri-birinə nə qədər bağlıdır?
- Azərbaycan poeziyasının son yüz ildə başına gələnləri bir yerə toplayıb onu kaleydoskop kimi fırlatsaq, çox-çox maraqlı hadisələrin şahidi ola bilərik. Əlbəttə, bildiyimiz şeylərin bu “dar macalda” görünməsi qəribə hislər bəxş edəcək, hər gün gördüyümüz hadisələr bu təsadüfdə qəlbimizi həyəcanla dolduracaq, bizə elə gələcək ki, yol kənarında bitən çiçəklərin də baxışları var və onlar min illərdi üfüqlərin qaşını aşan ağ yola baxırlar. Yəni, məlum bir mətndə deyildiyi kimi, biz taleni seçə bilmirik, tale bizi ümidin gəlməyən bir yol kənarında qəddarcasına gözləyir. Onu qarşılamaqdan başqa çarən və əlacın qalmır. Bizim təsəvvürümüzə gətirdiyimiz damarında qanı daşan o gənc adam bu taleyin əllərini sıxır, amma təsəvvürünə gətirmir ki, yolun o biri ucunda bir qoca da var və o, zamanın içindən keçib bu günə gəlib çıxarkən hər yer adi bir hənirdən taxıl zəmisi kimi od tutub yanıb, külək əlindəki hər şeyi alıb aparıb. Həmin gənc bu qocanın taleyindəki uçqunlardan xəbərsizdir. Hadisələr necə olursa baş verir, kimsə kimisə atır, kimsə kiminsə umuduna qalır, bunlar hər gün baş verir, amma kimsə bu hadisələrin düyününü birdən dözülməz ağrı kimi yaşayır. Taleyi bu kor düyünə dönür. Ən çətini budu, etdiyin seçimi dərindən nəfəs alıb verirmiş kimi yaşamaq...
Şair və tale... Kim kimi seçir? Kim kimi atır? Kim kimi unudur və ... günlərin bir günü sən bütün bunları, bəlkə də kiminsə yuxuda gördüyü şeylər kimi yaşayırsan. Yuxudan silkinib durmaq mümkün olmadığı kimi (onun səni oyadan məqamını gözləməyə məhkumsan...) bu taledən çıxıb getmək də olmur.
Onun bir “Allaha şikayət ” şeiri var.
Ömrüm gedər gəlməz yoldu,
Acısı da məna baldı,
Ətəyində əlim qaldı,
Məni görmədin, Allahım.
Ömür verdin ölmək üçün,
Kədər verdin bölmək üçün,
Könül verdin sevmək üçün,
Sevgi vermədin, Allahım.
Çox atdılar söz daşını,
Hər kəs qoruyur başını,
Axıtdılar göz yaşını,
Sən də silmədin, Allahım.
Mən tutdum haqqın yolunu,
Haqsızlar qırdı qolumu,
Səni sevən bir qulunu,
Niyə sevmədin, Allahım?
Ömrüm həsrət qaldı yaza,
Sən yazanı de kim pozar,
İmkan verdin insafsıza,
İnsaf vermədin, Allahım.
İllərimi sərt göndərdin,
Ağrılı həsrət göndərdin,
Çəkilməyən dərd göndərdin
Dözüm vermədin, Allahım.
“Könül verdin sevmək üçün / Sevgi vermədin, Allahım...” - qəribə deyilmi, halbuki şairin sevgi şeirləri dillər əzbəri idi, hamı bu şeirlərlə vurulur, hamı bu şeirlərlə ayrılırdı.
- Nüsrətin adı qadınlarla da çox hallanırdı. Özü də buna şərait yaradırdı çox vaxt. Hərdən mənə elə gəlirdi ki, o, onu atan anasının heyfini alır qadınlardan.
- Əslində, Nüsrət bizim bilmədiyimiz bir adamdı. Bu tipli insanların taleyi daha çox yaratdıqları mətnin içində xarabazar kimi qalır. Ondan əvvəl sanki kimsə gəlib bu məmləkəti yağmalamışdı. Onu bura susmaq və dərd çəkmək üçün göndərmişdilər. Təsəvvür edin, yağmalanmış, başdan-ayağa daranmış torpaqlara göndərilən şair o torpaqlara toxum kimi səpilən dərdləri içinə çəkməli, özündən sonra doğulacaq insanları dərd-bəladan xilas etməliydi. Bunu, bu qırıntıları indi uc-uca calayıb bərpa eləmək və nəsə demək qeyri-mümkündür. Amma dəqiq bilirəm ki, Nüsrət siz deyən kimi, qadınlardan anasının heyfini alan bir adam deyildi. Hamı Nüsrətin sevgi şeirlərinə bənddir. Onun digər mövzularda hər bir kəsin taleyində səslənən və bilinən çox sərrast, çox mükəmməl mətnləri də var. Onun ürək ritmi bu mətnlərdə qüsursuz çarpırdı və hiss edilirdi. Siz onun istənilən şeirini götürün, oxuyan kimi onu nəfəsində hiss edəcəksən, bu şeir, onun misraları aramsız bir hadisə təsiri bağışlayır, nəfəs dərmirsən və qəribədir, nəfəsin də tıncıxmır, əksinə, daha da açılır, təkcə ona görə yox ki, bu şeirlərin poetikası millidir, daha çox ona görə ki, bunları taleyinə küsmüş, taleyin hansı kritik məqamındasa dərindən təlaş keçirmiş və taleyinin külünü ovcunun içində gəzdirən bir adam yazıb. Onun hər şeydən xəbəri var, keçmişdən gəlir, gələcəyi bilir, ancaq bu günə, onun ağrılarına dözə bilmir. Ona görə yaşamaq çox əzablı və məşəqqətlidir. Şeirlərinin intonasiyasında bu ağrılar hiss edilmir, ağrı sonra gəlir, kadr arxasında, ritm və intonasiya şairin ifadə etmək istədiyi kədərin, qüssənin havasına köklənib. Nüsrətin qəribə, insanı ovudan səsi vardı. Yalnız çox güclü adamlar belə astadan, ürək rahatlığı ilə danışa bilərdi. Həm də o vardı ki, sanki bir azdan sənə nəsə bir sirr açacaq. Ancaq o bu sirri dilinə gətirmirdi. Deyə bilmirdi, sadəcə səni səsi ilə ovutmağa çalışırdı. Nüsrət bir gün taleyinin içində gizlənən qəzanın üstünə getdi və ...
O, əşyaları onların içinə gömülən sirlərin aynasından görürdü. Belə olduğu üçündür ki, məsələn, yağışın lalələri söndürməsi insanı heyrətə salmaqdan yana, həm də onun ürəyini qəribə təlaşla doldururdu.
Daha bu yağışa otlar göyərməz,
Daha bu yağışda lalələr sönməz.
Bu yağış buludun yükü deyil ki,
Bu yağış bir simurq tükü deyil ki,
Yandırsan ömür-gün qayıda geri,
İndi ürəyimiz - köhnə yurd yeri,
Torpağı nəmlidir,
Daşı nəmlidir.
Sevgimi uçurub bir ümid kimi
Torpağı qəmlidir,
Daşı qəmlidir...
Sırsıra asılıb gül budağından,
Baharı itirdin,
Yayı ötürdün;
Qış gəldi, yatmısan fil qulağında...
Beləcə gün keçdi, zaman gecikdi,
Gecikmiş istəyi nədi göylərin?
İndicə buludlar töküləcəkdir,
Ürəyi doludur xatirələrin.
Dindirsən, təəssüf hönkürəcəkdir.
İndi belə gözəl şeirlər yazılmır, onlar Nüsrət və Səyavuşla getdi.
- Şeirlərində qadına fərqli münasibət var. Özünqədərki şairlərin heç birində olmayan... Məsələn, elə “Etiraf” şeiri... Bizdə həyat yoldaşını aldatdığını ona səmimi şəkildə etiraf edən neçə şair, hətta kişi var görəsən?
- Nüsrət, hərdən mənə elə gəlir ki, heç nəyə fikir vermədən ürəyinə gələnləri yazan və ürəyindəki hər şeyi qarşısındakı adama etiraf edən şair obrazında yaşayıb ölürdü. Onun həyatının əsas məqamı ölüm idi. Bu ölüm onun bütün sevgi şeirlərinin içində bir uşaq kimi mışıl-mışıl yatırdı. Nüsrətin şeirlərində, xüsusən sevgi şeirlərində xüsusi bir hal var. Nədir o? Bizim poeziyada əksər sevgi şeirlərində yalnız keçmiş zaman var. Sən getdin, elə bil dünya boşaldı, yaz da köçüb keçdi, yeri boş qaldı... Nüsrətin şeirlərində həm də indiki zaman var. Daha doğrusu, hər ikisi bir yerdə. Belədə “bir qəlbin sevgi tarixçəsi bir xalqın tarixindən daha qədim görünür...”.
Həsrətim qəlbimdə dinir tar kimi,
Nəğmələr dənizdir, vüsalın qayıq.
Sən də, ay sevgilim, getdin qar kimi
Qayıtsan, qar kimi ləkəsiz qayıt!..
Yaxud:
Sənə ümid dolu dikilən gözlər
Yenə xatirədə donub qalandır.
Əlim əsə-əsə yazdığım sözlər
O zaman düz idi, indi yalandır...
-Bəzən səmimiyyət ifrata da varırdı elə bil... Ümumiyyətlə, sənətdə səmimiyyət məsələsi nə dərəcədə vacibdir? Misal üçün, Sartra, Ekoya, Pamuka səmimidir demək doğrudurmu? Bəlkə şeirdə bu məsələ fərqlidir.
- Səmimiyyət qədərində olur həmişə, ifrata varmaq kimi halı olmur. Bizim xəbərsiz olduğumuz, yalnız başqalarının dəyərləndirə biləcəyi şeylər. Hər şeydən xəbərsiz yazmaq, yazmağın ən gözəl halıdır. Nüsrət şeiri yazıb, çox rahat şəkildə çıxıb gedirdi, başqaları kimi şeirin yanında donub qalmırdı. Mən şeir yazmıram ki, ürəkdən yük atıram, / Tanış olaq, oxucum, tanış olaq, bu mənəm. Onun “Avtoportret” şeirindəndir. Məclislərdə, görüşlərdə estrada effekti doğuran, insanları həyəcanlandıra bilən şeirlərini oxuyardı. Amma, əslində, Nüsrət bu şeirlərin içində deyildi. Nüsrət, heç axıra qədər də açılmadı. Bir yandan ip-isti sevgi yazıları, digər yandan dramatizmlə dolu olan mətnləri, mürəkkəb kompozisiyaları çox asan formada təqdim etmək bacarığı... Nüsrət bu iki bir-birinə ziddi şeylər arasında mürgüləyirdi, yaxud can verirdi. Başına gələcək qəzanı gözləyirdi. Onun mətnlərini təzad daşqınlarına bənzətmək olar. Köhnə qəbirlərdən təzə ot bitir… Yaxud: Paslı mismarlar vurdular ovcuma
Təbrizdə farslar,
Dərbənddə ruslar,
Sinəmə xəncər sapladılar Qarabağda,
Çarmıxa çəkdilər Azərbaycanı
Alov kimi göyərtdilər
Yaramdan axan qanı…
Çəkdilər qollarımı üzülənə qədər,
Uzatdılar yollarımı,
Məzarım qazılana qədər…
Daha sonra:
- Sırada olduğumu bilirəm,
Məndən öndəkini
Gülləynən vurdular,
Arxamdakını infarkt vurdu..
Sonra:
Analar su səpdi siz gedən yola,
Bəlkə izləriniz göyərdi deyə…
Adi məntiqlə yanaşsaq, adi şeydi: kiminsə dalınca su atmağın bəlli mənası. Ancaq Nüsrət başqa bir şey deyirdi və bu dəhşət idi. Müharibədə həlak olmuş bir adamın izlərinin göyərməsi… Bunu həsrətlə gözləmək nə deməkdir? Belədə, təsəvvür edin, həmin namərd güllələr oğulların getdikləri, vuruşduqları cəbhəyə dikilən gözlərə də dəyir, onların içində qəlpə kimi qalır, qövr edir və ağrıdır… Və bu güllənin yolu bitmir, bütün ömürlərdən keçir.
Nüsrət, ümumiyyətlə, gəlişiylə poeziyaya çox maraqlı və orijinal deyimlər gətirdi. Təzə-tər. Bəlkə heç kəsin ağlına gəlməyən şeylər. Bunlar bəzən bir şeirdə sıx-sıx işlənirdi, onların ətrafa yaydıqları hənir isti və məhrəm idi. Həm də hadisənin ən ağrıyan yerindən göstərmək qüdrəti ilə aşılanmışdı. Məsələn, əllərin elə bil qar çiçəyidir…
- Səmimiyyət bəzən sadəlövhlük kimi də görünür. Məsələn, elə Nüsrətin “Biri vardı, biri yox” şeiri ilə bu mənada xeyli adam məzələnir.
- Nüsrətin şeirlərinin çoxu mahnı mətnlərinin poetikası üzərindədir. Səlis, axıcı və lakonik. Nüsrət taleyini yazırdı, tuş gəldiyi ağrını ifadə edirdi, yəqin o məzələnənlərin ağrı duymaq hissiyyatı yoxmuş.
- Qadın mövzusu Nüsrətin ilkin şeirlərindən qırmızı xətt kimi keçir. Və bu qadınların əksəri də, dünən toyu olan vəfasız, bəzənsə əlacsız qadınlardır. Ümumilikdə nə idi bu qadın obrazlarını fərqləndirən?
- Bu, Nüsrətin yaradıcılığında görünən şeylərdir. O qızlar, o qadınlar, o insanlar Nüsrətin obrazlarıdır. Amma həm də keçici. Kino lenti kimi. Nüsrət bunların üstündə dayanıb özünü təkrar eləmirdi, çünki onu hər şeydən öncə insan maraqlandırırdı, həm də onun sevgisi, daşlara dəyən, onun taleyinin yönünü dəyişdirən bir hadisə kimi. Belə bir obraz var, qəlbini kitab kimi açıb oxumaq… Bu obraz Nüsrətə çox yaraşır və onun şair xislətini açmaq üçün bəlkə ən əlverişli keyfiyyətlərdən biridir. Bu kitabda yazılanların heç də hamısı onun başına gəlməmişdi, amma bunu o, öz başına gəlmiş, öz taleyini ağrıtmış nəsnələr kimi qələmə alırdı. Bəziləri lap qara kömürlə yazılmışdı. Ömrün divarına kömürlə yazılmış yazı. Günlərin bir günü o, bu kitabın hansısa sətrində ilişib qalacaqdı. Bunu özü də bilirdi. Və taleyindən xəbər verən adam obrazında yaşayırdı. Bu səbəbdən bəzən onun cızdığı mənzərələr çox dəhşətli təsir bağışlayırdı:
Bayaq nəğmə idi suların səsi,
İndi hər dalğadan bir qorxu baxır.
Dənizin elə bil donub nəfəsi,
Dənizə soyumuş ulduzlar axır...
Gün batdı, qorxulu bir gecə düşdü,
Bilmədik bu gecə heç necə düşdü.
Bəlkə də yersizdir bu inad, qürur,
Qarşıda dağ kimi dalğalar durur.
Bu nimdaş qayıqla, köhnə avarla
Dəli dalğaları yıxmaq çətindir.
Qaçıb gəldiyimiz bu arzularla
Deyəsən, sahilə çıxmaq çətindir.
Daha da geniş desək – Nüsrətin özünü fərqləndirən...
Nüsrət bu dünyaya elə bur fərqi göstərmək üçün gəlmişdi. İmkanı olan kimi bunu etdi və çıxıb getdi. Amma burda qəribə və dəhşətli bir şey də var. Nazim Hikmət demişkən, səsimiz bu göy qübbəsinin altında qalmayacaq deyə, təsəllimiz yox… Onun taleyi şeirlərinə elə çəkilmişdi ki, bircə qatını qaldırmaq kifayət idi ki, ordakı faciələrin yanıq iyini hiss edəsən. Nüsrət niyə dalbadal sevgi şeirləri yazırdı. Və bu mövzu onda heç zaman təkrara çevrilmirdi, yazıdan-yazıya bu şövqün daha da gücləndiyinin şahidi olurdun? Bunun əsaslı və həm də bizim anlaya bilməyəcəyimiz səbəbləri olmamış deyildi. Zənnimcə, o, taleyində hər an qəza baş verə biləcək bir insan idi və buna görə şair idi. Yəni bizim hər gün tələffüz etdiyimiz sözün, “şair” sözünün mənası elə onun şəxsində daha dərindən açılırdı. Taleyində hər an qəza gözlənilə bildiyi üçün o sevgi, məhəbbət daşqınları ilə dolu yazılar yazırdı, bu hissi bəlkə uzaqlaşdırmaq, yaxud kim bilir, daha da yaxınlaşdırmaq üçün. Bu hardasa ruhların çağırılmasına da bənzəyirdi. Yaxud qədim insanın yağış duasına.
Ayrılıb gedərəm,
tabutum altda
Dörd çiyin görüşər,
Dörd ürək vurar...
Mənim çarpayımda sükut uyuyar,
Artar bir sakini qəbristanın da.
Bir çiçək kökünü sinəmə qoyar,
Rəngi ləçəklərə keçər qanın da.
Gəlib bu çiçəyi dərənim olmaz,
Bahar göyərdəcək,
Qış solduracaq.
Kiçik bir təpədə çiçəklər hər yaz
Yorulmuş çiynində qəm qaldıracaq.
Köçüb gedəcəyəm dünyadan bir gün,
Bəlkə yüz il sonra, bəlkə də sabah.
Bəlkə bir qu kimi çırpınıb bu gün
Nəğmə oxuyuram ölümdən qabaq...
«Qu» obrazı şeirdən şeirə adlayırdı...
- Qəribə insan portlerləri də yarada bilirdi: “Dəli Zəhra”, “Çoxuşaqlı Aşır kişi” və s.
- Bu nümunələr bizim ədəbiyyatın mükəmməl nümunələridir. Orada şeirin dili ilə dramatik və həm də gündəlik faciələrin alt qatlarını açmaq cəhdləri var. Bu nümunələr mətndə mətləbi açmaq ustalığının bənzərsiz yollarını nişan verirdi. İndi filoloqlar bununla ciddi şəkildə məşğul olmalıdırlar, yoxsa hamı qurşanıb postmodernizmdən yazır, sanki yalan bir sözdən həqiqət düzəldəcəklər.
- Demək olar ki, bütün şeirlərində kədərli bir həzinlik hiss olunur. Deyəsən, bu onu hamıdan fərqləndirən nüansdır elə. Baxmayaraq ki, ənənədə yazırdı şeirləri on addımdan çağırır...
- Nüsrət üçün əsas olan ürəyində həyəcan kimi duyulan nəsnələri yazmaq idi, bunların ənənənin hansı qatında ifadə edilməsi artıq ikinci dərəcəli bir şey idi. Əsas bu deyildi. Onun ilk şeirləri və ilk kitabı (“Gözlərimin qarası”) çap ediləndə nələrin baş verdiyini xatırlayırsanmı? Mən xatırlayıram. Hamı bu şeirləri özününkü bilirdi. Məktəbimizdə bir komsomol katibi vardı. Bizim dərnəyə gəlib o şeirləi öz yazıları kimi oxuyurdu. Hamını inandırmaq istəyirdi ki, bu hislər məhz ona aiddir. Başqa şairlərin şeirlərinə münasibətdə mən ikinci belə hadisənin şahidi olmamışam. Nüsrətin nə yazdığını, niyə yazdığını düşünəndə onun “Yaddan çıxmaz Qarabağ” lirik-dramatik poemasındakı bayatı yada düşür:
Bülbül kişidi gəldi,
Dərdə tuş idi, gəldi.
Bülbül gül havasına
Hələ qış idi gəldi...
- Bir “Məhəbbət şairi” titulu da vardı... Deyəsən, Nüsrətlə başlayırdı elə...
- Bizim ədəbiyyatşünaslıqda şairlərə belə ucuz adların qoyulmasının tarixini bilmirəm. Kiminə təbiət, kiminə məhəbbət, kiminə nifrət… şairi deməyin nə mənası var? Nüsrət hər şeydən əvvəl bir xarakter idi, yaradıcılıq laboratoriyası kifayət qədər mürəkkəb olan, insana doğma olsa da, onu özünə yaxın buraxmayan , öz içində möhtəşəm qala kimi susan bir fərd idi. Həm fərdiyyətçiydi, həm də hamıya qaynayıb-qarışan… Amma yenə bilinməyən şeylər çox idi. Nüsrətin yazdığı misraları, bütöv mətnləri orta əsrlərdə mövcud olub bir təsadüfdən uçmuş şəhərə, yaxud bir qalaya bənzətmək olardı. Kimsə gəlib bu qırıntılardan bir tale düzəltməlidir. Milyon adam, milyon mütəxəssis gəlsin, o taleni bərpa eləmək, onun sirrini açmaq mümkün olmayacaqdı. Nüsrətin arada medium olmaq həsrəti də burdan doğurdu, o da hansısa qədim bir şairin taleyini bu şəkildə yozmaq istəyirdi.
- Belə bir fikir var: Nüsrətin sevgi şeirlərinin alt qatı, yaxud metafizik qatı yoxdur... Haqlıdırmı bu fikir?
- Hər şairi tipinə görə araşdırmaq yaxşıdır. Onun bütün şeirləri bir pıçıltı qədər qısadır. Elə şair tipi, elə şeir nümunəsi var ki, siz deyən keyfiyyətləri sənə mətnlə təqdim edir, mətn belədə başqa bir mətnin içinə girir, intertekstuallıq yaranır, elə bir mövqe seçilir ki, bəhsi açılan mətləb bütün yönləri ilə həm ortada olsun, həm də sirr tülünə bürünsün. Nüsrətin şeirləri belə deyildi, bu kimi şeylərə bu mətnlərdə ehtiyac yox idi. O, yuxarıda dediyimiz kimi, keçmişlə indiki zamanı birləşdirirdi. Siz deyən yöndən yanaşıb Nüsrəti araşdırmağın elə bir perspektivi yoxdur.
- Yaşı irəlilədikcə sosial mövzulara da keçdi, hətta irihəcmli əsərlər də yazdı, amma deyəsən tutmadı.
- O, sən deyən sosial mövzularda həmişə yazırdı. Və onun yaradıcılığındakı sevgi şeirlərinin ağır basması bəzən insanlara bunu sezməkdə çətinlik yaradırdı. Onun bu mövzudakı mətnlərində incə zövq, dərin hissiyyat vardı. Əslində Nüsrət bir sıra mövzularda usta şəkildə davrana bilən bir sənətkar idi. Bunu çoxları bilmir.
Bu da səhər…
Alatoran bir səhər…
Gözlərimə dolan
Küləyin sovurduğu tozdur,
Hər yan bombozdur.
Hava yaman soyuqdur…
Mən varam,
Arzularım var,
Mavi şəhər yoxdur…
İrihəcimli əsərləri də öz yerində. Qarabağ mövzusundakı poeması xüsusilə seçilirdi. Bu poemalar bizim ədəbiyyatda xüsusi çəkisi olan nümunələrdir. Triptixləri. Onlar da gözəl nümunələrdir. Bu şeirlərin hər birində nə var hər şeydən öncə, soruşsalar yəqinliklə belə cavab vermək olar: Nüsrət! Bizim tanıdığımız və tanımadığımız. Onun “Etiraf”, “Bir Sevda ağlayır içimdə mənim” kimi şeirlərindəki Nüsrət bilinəndir, amma ümumiyyətlə hətta bu şeirlərdə də obraz çox dərinlərə işləyir, insan taleyindəki ağrıları bilmək, duymaq mənasında onları anlamaq o qədər də asan deyildir.
- Azərbaycanın Yesenini... Belə də qiymətləndirirdilər onu...
- Çox nahaq yerə. Nüsrət Kəsəmənli xarakterinə və şair naturasına görə tək və bənzərsiz idi. Onu kiməsə bənzətmək bizə heç nə vermir. Onu Allah yaradanda Yeseninə qiyas tutmayıb ki, biz də onun yaradıcılığını dəyərləndirəndə bu yolu seçək? Nüsrət çox istedadlı və orijinal bir şair idi.
- Yaxşı insan idi. Mərdliyi, açıqürəkliliyi vardı. Şeirlərindən də hiss olunurdu bu xarakteri.
- Kişi adam idi.
- Fərqli mövzularda yazdı. Kirayənişinlik, ev, iradəsizlik, qohumların soyuqluğu, fahişəlik, paxıllıq... Bunlar şeirimizdə nə dərəcədə təzə idi?
- Bu mövzular təzə deyildi. Ancaq Nüsrətin dilində, Nüsrətin bizim poeziyamızda yaratdığı o kor bucağın ölçüsündə son dərəcə orijinal və təzə səslənirdi. Şair elə həmişə bu işi görür. Min illərdi ovxalanıb tökülən kitaba təzə səhifə əlavə edir. Muzeydə qonaq dəftərinə imza edən müsafirlər kimi. O mürəkkəblə yox, suyla yazır. Yazı görünmür. Perqament kimi aşkarlanır.
- Arada bir dəfə ruhlarla danışdığını da bəyan elədi. Sizcə nə idi bu? Oyun, ya özünü aldatma? Bəlkə oxucunu aldatma.
- Heç kəsi aldatmırdı. Onun insan kimi hissiyyatı çox dərin idi. Şair kimi ürəyinin tarixçəsi, şeirlərinin çəkdiyi, ortaya qoyduğu xəritə kimə məlum idi ki? Təsəvvür elə, əllərin piano dillərinə toxunur və sən qəlbinə dolan həzinliyin dilində anlayırsan ki, çöldə narın yağış yağır. Çöldə isə hava isti, yaxud bürküdür. Amma şairin hissi heç zaman aldadıcı olmur. Onun qəlbində hiss edilən şey, ümumiyyətlə göy qübbəsinin altında insanın başına gələcək şeylərin musiqi dilindəki notları idi. Bunu yetərincə kim anlaya bilər ki? Ona görə də şeirdən yazmaq çox çətindir. Biz bəzən şeirdən yazdığımızı zənn edirik, amma bu aldadıcı da ola bilər, sən dediyin o həzinlikdən necə yazmaq olar? Onun rəsmini hansı dildə çəkib oxucuya təqdim etmək olar.
- Məncə də insanları çox sevirdi. Hətta bəzən incitdiyi, aldatdığı insanları da...
- Əlbəttə. Yaxşı müşahidədir. Əslində, Nüsrət indi bizim tanıdığımız, haqqında danışdığımız adam deyildi. Onun o qədər təəccübə səbəb olan cəhətləri vardı ki, bunlar Nüsrətin şair obrazının bəlirlənməsinə həm mane olur, həm də onun açılmasına kömək edirdi.
- Məşhur üçlükləri vardı: Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli... Amma deyəsən şair kimi Nüsrət ən populyarı idi.
- Bizdə, məşhur bir ifadəyə görə, şairlər bu dünyaya və ədəbiyyata tək yox, “paçka” şəklində gəlirlər. Üçlük, beşlik və ya bir sıra… Adətən o şairlər nələrləsə bir-birinə bənzəyir, eyni bir dövrdə yaşayb fərqli üslubları ilə gerçəkliyin dərin qatlarında iş görürlər. Amma belə bir danılmayan və deyilməyən fakt da var ki, həmin paçkalar daha çox bir əsas ideyanın – bir əsas şairin üstündə bərqərar olur. Nüsrət bu üçlükdə istedadının böyüklüyü, taleyinin qeyri-adiliyi, sözünün belə deyək, iliyə işləməsi ilə seçilib-fərqlənirdi. Bəzən özü bu “üçlük” ifadəsinə ironiya ilə yanaşırdı. Onları bir yerdə təhlil edənləri gördükdə deyərdi: bu qardaşlıq məzarında bizim yerimiz doğrudanmı belədir? Üçlükdəki fərdlərin hər biri bizim poeziyamızda özünəməxsus yeri ilə seçilir. Sabir Rüstəmxanlı, onun məşhur “Vətən ” şeiri, Çingiz Əlioğlu və onun çox məşhur “Sevgi şeirləriu yaza bilmirəm”, bir də Nüsrət Kəsəmənli – görürsənmi yenə də isti yağışlar yağır. Nüsrət eyni bir mövzunu, eyni bir dərdi bütün mətnlərinə səpələyirdi, sonra özünə min bir əziyyət verib həmin dərdin qəlpələrini bu vahid mətndə qurmaq istəyirdi. Hər şey – bütün mətləb ilk səsin və ilk hərfin üstünə gəlirdi.
- Gənclər arasında bu qədər sevilmək ondan sonra kiməsə müyəssər olmadı, mən bilən.
- Məsələ təkcə populyarlıqda və sevilməkdə deyildi. Bu hadisələr dünyada hər an baş verir və gözlənilir. Nüsrətin taleyini digərlərindın ayıran və fərqləndirən həm də o idi ki, populyar olmaqla bərabər, həm də çox ciddi bir şair idi. Yəni, sevilmək adi bir məsələ və əhvalat deyildi, bu sevginin dərinlikləri vardı və Azərbaycan ədəbiyyatının taleyi ilə bağlı idi. Yadınıza düşürsə, mərhum akademik Tofiq Hacıyev Əli Kərimdən ilk dəfə yazanda bu ifadələri işlətmişdi: adama elə gəlir ki, Əlinin başqaları kimi ilk qələm təcrübələri heç olmayıb, o, ədəbiyyata elə hazır şəkildə gəlib və ilk sözündən müdrikliyini ifadə edə bilib. Nüsrət də bu şəkildə görünən və təsir bağışlayan bir şair idi. Onun yaradıcılığının xüsusi bir xassəsi vardı. Bu, ənənədə və ya başqa bir üslubda yazmaqla bağlı deyildi. Nüsrətin özü bir şair kimi ənənəni və üslubu seçir, yaradır və ya ondan imtina edirdi. Nüsrət şeirdə, yazdığı mətnlərdə min bir əhvalatı, insan ürəyini riqqətə gətirən hisləri bir-birinə qatışdırıb çox istedadlı bir kimyagər kimi nələrinsə alınmasına dəli bir ümidlə yanaşırdı və bu onun şeirlərindəki qəfil dönüşlərdə, müdrik yanaşmada özünü büruzə verirdi.
- Dramatik bir ömür başladı. Arada xoşbəxt göründü. Amma az keçməmiş məlum oldu ki, xoşbəxt ola bilməyəcək. Tale onu Nüsrətə qıymadı. Oğlunun tutulması... Sonra özünün qəfil xəstələnib tezliklə vəfat etməsi... Bu yazı yazılmışdı, sizcə?
- Bilmirəm. Bütün bunlar onun mətnlərində var. Sızıltı, hıçqırıq kimi…
- Son olaraq Nüsrət yaradıcılığı ilə bağlı oxuculara nə tövsiyə edərdiniz...
- Nüsrətin yaradıcılığını gənclər bizdən yaxşı bilir.