“Vəziyyət mütləq tənzimlənməlidir”

musahibe
25-11-2015, 13:07 1153
“Vəziyyət mütləq tənzimlənməlidir” Yeni media özü ilə bərabər çoxlu problemlər gətirib. Bəzi media qurumlarının və internet resurslarının yalan, əsası olmayan və şantaj xarakterli məlumatları cəmiyyətdə çaşqınlıq yaratmaqda davam edir. İnsanlar hansı xəbərin gerçək, hansının yalan olduğunu ayırd etməkdə çətinlik çəkirlər.
İP yığmaq xətrinə və bir sıra başqa məqsədlərlə fəaliyyət göstərən bu cür media orqanları cəmiyyətin gerçək informasiya ilə təminatında da problemlər yaradır. Artıq bu cür saytların və internet resursların fəaliyyəti ilə bağlı hüquqi addımlar atılması, monitorinqlərin keçirilməsi və s. məsələlər Dəyirmi masalarda, konfranslarda müzakirə mövzusuna çevrilib.
Gerçəkdən “reket” jurnalistikası ilə necə mübarizə aparmaq olar? Medianın əsil üzünü yalandan, hədyandan, şantajdan təmizləmək üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?
Kaaspi” yə istinadən xəbər verir ki, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, məsələnin həllində ictimai qınaqğın da əsas oldğunu vurğulayıb.
“Yalan informasiyalarla populyarlaşmaq ötəridir”
- Yeni nəsil jurnalistikasında yalan, şantaj xarakterli məlumatların yer almasından, reketçiliyin baş alıb getməsindən danışırıq. Maraqlıdır, bu cür maraqlara xidmət edən saytlar necə yaranır?
- Hesab edirəm ki, bunun kökləri Azərbaycanda «KİV haqqında» qanunun həddən artıq loyallaşmasına gedib çıxır. Mətbuata yaradılmış bu şəraitdə və bəzi mətbuatdan uzaq, «jurnalistliyə” iddia edən adamlar istifadə edirlər. Onlar öz maraqları naminə insanları şantaj edirlər. Mətbuat Şurasında “reket” jurnalistikası ilə mübarizə komissiyası yaradılıb, sonra da məlum olub ki, həmin qəzetlərin bir çoxları hansısa strukturlardakı insanlarla əlaqəlidirlər.
Onlar hətta dövlət vəzifəsində olan adamları qazanc məqsədi ilə şantaj edirlər. Yeni media isə təkcə Azərbaycanda deyil, bütün dünyada təzədir. Qəzetlər tutaq ki, «KİV haqqında» qanunla qeydə alınırdısa, saytlar çoxu qeydiyyatsız fəaliyyət göstərirlər. Hərəsi bir domen alıb sayt açıb istədiklərini yazırlar. Sosial şəbəkələrdə də belə bir şərait var. İndi bu adamlar media adından istifadə edərək ifadə azadlığı, söz azadlığını qabardaraq əslində çirkin niyyətlərə xidmət edirlər. Beləliklə, onlar hansısa insanların – pis niyyətli, qisas almaq, əleyhdarlarını, rəqiblərini vurmaq istəyən adamların əlində alətə çevriliblər. Bəzən də sadəcə insanları şantaj etməklə onlardan pul alırlar.
Burada da vəziyyət tənzimlənməlidir. Amma orası da var ki, bu, çox çətin prosesdir. Hələ bunların media olub-olmaması, fəaliyyətlərinin necə tənzimlənməsi ilə bağlı söhbətlər gedir. Hesab edirəm ki, internet mediasının fəaliyyətinin tənzimlənməsi Mətbuat Şurasının xətti ilə olacaq. Bütün mətbuat orqanları peşə davranış qaydalarına qol çəkərək Mətbuat Şurasında birləşib. İnternet medianın da tanınmış bir sıra nümunələri Mətbuat Şurasına üzv olublar.
Kimlər peşə prinsiplərini pozurlarsa, ictimai qınaq yolu ilə uzaqlaşdırılacaqlar. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi kimi, onlar qanunauyğun olaraq cəzalandırılacaqlar. Hansı saytlar ciddi media kimi fəaliyyət göstərmək istəyirlərsə, Mətbuat Şurasının üzvlüyünü qəbul etməklə peşə etikası prinsipləri çərçivəsində yola davam edə bilərlər.
- Bəzən olur ki, şantaj xarakterli, dəqiqləşdirilməmiş, yalan materiallar ictimai fikrə nüfuz edən saytlarda da yer alır. Bəs onların məqsədi nədir? Pul qazanmaqmı, sifarişləri yerinə yetirməkmi, yoxsa nə?
- Qabaqlar hər hansı bir jurnalistin və ya jurnalistliyə iddia edən bir adamın mətbuat orqanında çalışması üçün iki-üç il jurnalistikanın peşə prinsiplərini, yazmaq vərdişini öyrənməsi prosesi lazım idi. İndi elə bir vəziyyət yaranıb ki, ümumiyyətlə, bu prosesi keçməmiş, yetkinləşməmiş, formalaşmamış, peşə qayda və prinsiplərini mənimsəməmiş insanlar sayt açıb ona rəhbərlik etməyə başlayırlar. Lap ibtidaidən başlasaq, Azərbaycan dilinin qayda-qanunlarını pozdular. Ana dilimizdə normal cümlə yaza bilməyən adamlar saytlarda artıq jurnalistika nümunəsi kimi məlumatlar təqdim etməyə başladılar. Belə hallar bizim dilimizə zərər verir, burada tənzimlənmə getməlidir.
Sonrakı mərhələdə isə onlar jurnalist, mətbuat adına iddia edib diqqət cəlb etməyə çalışdılar. Çox zaman onlar populyar olmaq üçün özlərindən uydurulmuş xəbərlər və ya hansısa qeyri-adi fikirlər səsləndirməklə diqqəti cəlb etməyə cəhd göstərirlər. Mən həmişə demişəm ki, bu cür diqqət cəlb etmək və yalan informasiyalarla populyarlaşmaq ötəridir. Bu cür saytların yalançı informasiyaları insanların əsəbinə toxunaraq bir-iki dəfədən sonra artıq öz etibarlarını itirməyə başlayacaq və heç kəs onlara maraq göstərməyəcək. Təbii ki, burada ictimai qınaq da olmalıdır ki, bu tip adamlar jurnalistikadan uzaqlaşsınlar və bu, gələcəkdə o birilər üçün görk olsun.
Yeni media içərisində səviyyəliləri var
- «Allah eləməsin, hər şey qəzetlərin yazdığı kimi olsun» deyə vaxtilə Napoleonun səsləndirdiyi bu fikirlər bugünkü medianın vəziyyəti ilə adekvat səslənmirmi?
- Əlbəttə, Napoleon indiki dövrdə yaşasaydı daha çox təəccüblənərdi. Onun bu proseslərə necə davam gətirə biləcəyi də sual altındadır. Tutaq ki, qəzetlər gündə bir dəfə nəşr olunurdusa, hansısa bir xəbərdən insan gündə bir dəfə sarsıla bilirdisə, bu gün hər anın içərisində qisas almaq istəyən, sifarişlər yerinə yetirən, yalan xəbərlər yazan insanların meydanında qalmışıq. Hər kəs istədiyi an öz qəzəbini mətbuat adı ilə püskürə bilər. Bu mənada Napoleonun da bu vəziyyətə davam gətirməsi çətin məsələdir. Bəzən insan saytlarda və sosial şəbəkələrdə hansısa hücumlar nəticəsində təzyiqə məruz qalır. Buna tab gətirmək çətin olduğundan bu cür hücumlara Napoleon da dözməzdi.
- Elə isə «Yeni media» deyirkən biz bunu şantaj, reketçilik və hədyan kimi sözlərləmi xarakterizə etməliyik? Yoxsa qapı arasından işıq görünür?
- Yeni medianın səviyyəli nümunələri də var və biz buna şahidik. Mən APA, Lent.az, Modern.az, “Qafqazinfo” artıq ciddi medianın formasını dəyişmiş şəklidir. Bunları qəzetlərin elektron variantı da adlandırmaq olar. Hesab edirəm ki, onlar nümunədirlər və bu nümunədən bəhrələnmək lazımdır. Uzun illər formalaşmış qəzetçilik ənənələrinin internet mediaya transfer olan və orda davam etdirilən yaxşı tərəflərini öyrənmək lazımdır. Yalançı hay-küylə, şok informasiya ilə, şayiələrlə məşğul olmağın ömrü çox qısadır və sonu da yoxdur.
Biz xaosa doğru getməkdəyik...
- Əgər bu gün sosial media KİV kimi çıxış edirsə və insanlar həm də əsası olmayan xəbərləri oradan əldə edib onlara inanırlarsa, bu, cəmiyyətin gerçək mediaya olan inamına da təsir etmirmi?
- Bir neçə il bundan əvvəl Bakıda «Hər kəs jurnalist ola bilərmi?» adlı bir konfrans keçirilirdi. «Exo» qəzetinin baş redaktoru Rauf Talışınski ilə mənim - uzun illər qəzetə rəhbərlik etmiş şəxslər kimi fikirlərimiz üst-üstə düşürdü. Biz o nəsil jurnalistikaya aid idik ki, «Hər kəs jurnalist ola bilməz» - deyə düşünürdük. Şəxsən mənim fikrimcə, jurnalist olmaq üçün çoxlu keyfiyyətlər lazımdır. O cümlədən də yazmaq qabiliyyəti, intuisiya önəmlidir. Məlumat, savad sonradan əldə oluna bilər, ancaq bir sıra keyfiyyətlər var ki, onlar genetik olmalıdır.
Bu baxımdan, mən hər kəsin jurnalist ola biləcəyinə inanmıram. Düzdür, hər adam yaza, hər hansı xəbəri çatdıra bilər. «Filan şair vəfat etdi», «Filankəs işdən çıxdı» kimi xəbərləri yazmağa xüsusi qabiliyyət tələb olunmur. Ancaq axı jurnalistikanın əsas sahələri bu deyil. Jurnalistika dəyərli araşdırmalar, ictimai həyata təsir edən analitik yazılar və s. sahəsidir. Ancaq indi sosial şəbəkələrdə ayrı-ayrı vətəndaşlar da öz fikirlərini bildirə bilirlər.
Elə bir vəziyyət yaranıb ki, hətta, psixi durumu yerində olmayan adamlar hansısa fikirlər səsləndirirlər. Bu fikirləri də ifadə azadlığı, söz azadlığı altında təqdim edirlər. Hesab edirəm ki, bu, düzgün deyil. Bu, yeni medianın – yeni şəraitin yaratdığı anormal bir vəziyyətdir. Bu vəziyyət mütləq tənzimlənməlidir. Yoxsa bu bizdə və ümumiyyətlə, dünyada xaotik bir duruma aparıb çıxaracaq. Bir ingilis şairinin dediyi kimi: “Dünyanın axırı: nə su basması, nə alovla – od püskürməsi ilə gələcək. Dünyanın axırı xaosla gələcək”. Biz xaos vəziyyətinə doğru getməkdəyik. Bu xaosun qarşısının alınması üçün mütləq həyəcan təbili olmalıdır ki, hansısa çıxış yolu tapılsın.
- Sizcə vəziyyətin hüquqi müstəvidə tənzimlənməsi mümkündürmü?
- Biz bunları müzakirə edirik... İnternet media ilə bağlı «Mətbuat haqqında qanun»a da dəyişiklik olub. Həmçinin Respublika Prokurorluğuna təkzib tələb etmək barədə də səlahiyyətlər verilib. Yeni media hələ oturuşmayıb. Belə vəziyyətdə hansısa qanunların yazılması və bəndlərin əlavə olunması tam nəticə vermir.
Mənim fikrimcə, ilk növbədə ictimai qınaq olmalıdır. Mətbuat Şurası, mətbuatın özünü tənzimləyən qurumu tez-tez ictimaiyyətə “hansı media qurumları qayda-qanunları pozub, hansı fikirlər yanlışdır və yaxud ziyanlıdır” deyə açıqlamalar verməlidir. Sonrakı mərhələdə bu prinsiplərə əməl etməyənlər hüququn nəzərdə tutduğu qaydada cəzalandırılmalıdır.