Böhtan libası geyənlər...

yazarlar
12-11-2015, 13:20 2429
Böhtan libası geyənlər... Son vaxtlar bir sıra saytlarda bəzi dabanbasma yazılar üzə çıxır ki, bu da ümumən mətbuata ancaq utanc yeri kimi ləkə gətirir. Bir də görürsən ki, bu sayt o, biri saytdan “qapıb” götürdüyü yazının obyektivliyini, doğru və düzgünlüyünü yoxlamadan “əlimyandı” ilə öz səhifəsinə çıxardır. Nə var, nə var, sensasiya yaratsın, oxucunun sayını artırsın. Heç fərqinə də varmır ki, bu “sıyıq” harda bişib, hansı çömçədən süzülüb.
Elə insanlar, elə şəxsiyyətlər haqqında böhtan dolu cızmaqaralar saytlarda yer alır ki, bu da oxucularda ancaq ikrah hissi oyadır! Həm elə mətbuat bülvar mətbuatına çevrilir, həm də günün, zamanın zibil qutularını üfunətlə doldurur. “TİA” adlanan, yəni özünü “Tribuna İnformasiya Agentliyi” kimi təqdim edən sayt 11 noyabr tarixli sayında Azərbaycan Dövlət Pedoqoji universiteti haqqında əsassız, yazı verməklə, tanınmış professor, əməkdar elm xadimi kimi halallıqla ad- san qazanmış, dəyərli bir ziyalımız olan Yusif Məmmədovun da adını hallandırmaqdan çəkinməmişdir. Çox təəssüf və hiddət doğuran bir hadisədir. Əgər yazılan, göstərilən “faktlar” doğru və reallığa söykənsəydi yenə dərd yarı olardı. İrad və tənqid hədəfləri görün nədən ibarətdir: Tələbələr təhsil haqqlarını niyə məhz Beynəlxalq bankın, Səbail rayon şöbəsinin vasitəsilə köçürürlər?! Gülməlidir, elə deyilmi?! Belə də tənqid irad hədəfi olar?! Mətbuat yəni bu günə qalıb?! Məgər tələbə təhsil haqqını həmin bankın başqa filialında ödəsə, qəbul etmirlər? Absurd fikirdir! Və tələbə həmin filialda ödəyəndə əlavə pul da verir ki, burada maraqlı şəxs olsun? Burada rektoru və ya universitetin rəhbərliyini tənqid etməyə, qınamağa dəyərmi?! Həm gülməlidir, həm də məəttəl qalmalı. O, biri irad və tənqid isə... (Əgər tənqid demək mümkündüsə...) Daha çox yalan və şər motivləri üzərində qurulub. Yazırlar ki, “Tələbə əvvəlcə imtahan girir, imtahanı kompüterlə verir, bütün sualları düzgün cavab verirsə, o zaman rektorun cəza maşını işə düşür”. Axı bu universitetdə şəffaf imtahan prosesinin mövcudluğu, bütün ictimaiyyətə, o cümlədən biz jurnalistlərə də məlumdur.Bəli, ADPU-da kompüterlə test üsulu ilə şəffaf imtahan prosesi qurulub. Lakin testlə biliyin mükəmməl qiymətləndirilməsi mümkün olmadığı üçün, yüksək qiymətə iddialı tələbələr əlavə yazılı sualları da cavablandırmalıdırlar. Hesab edirəm ki, gənclərin savadlanmasını istəyən hər kəs buna görə Universitetə və onun rektoruna sağ ol deməlidir. Hətta yazı müəllifi ADPU-da bütün sualları cavablandıran tələbəyə 3,5 qiymət verildiyini də vurğulayır. Məktəb, Ali məktəb savadı olan hər kəs bilir ki, nə keçmiş, nə də indiki qiymətləndirmə sistemində 3,5 qiyməti mövcud deyil.
Adamı dəhşət və təəccüb bürüyür. Təkcə onu deyə bilirsən: Ar olsun belə yazının müəllifinə! Nə cəza, nə başqa söz- söhbət?! Bu boyda da haqsızlıq, qərəz, böhtan?!
Yəqin belə böhtan, şər libaslı yazıya görə onlar ölkəmizin görkəmli bir ziyalısının- hələ orta məktəbi qızıl medalla bitirən, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi , Əməkdar Elm Xadimi olan rektor Yusif Məmmədovun şəxsiyyəti qarşısında vicdan əzabı çəkəcəklər!

Tahir Məmmədov
YAP “91- lər” hərəkatının üzvü,
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
Respublikanın Əməkdar jurnalisti