Ucuzlaşan dərmanların satılmamasının səbəbi açıqlandı

sehiyye
6-11-2015, 11:50 1087
Ucuzlaşan dərmanların satılmamasının səbəbi açıqlandı Tarif Şurasının rəsmisi dərman qiymətlərindən danışıb.
"Dünyada tanınmış nüfuzlu əczaçılıq şirkətləri tərəfindən istehsal olunmuş dərman vasitələri bəzi Avropa ölkələrində ucuz, bəzi Avropa ölkələrində isə daha baha qiymətə satılır. Yaxud müşahidələrimiz eyni istehsalçının dərman vasitələrinin qiymətlərinin bir sıra Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrdə Avropa ölkələri ilə müqayisədə dəfələrlə baha olduğunu göstərir". Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov deyib.
Onun sözlərinə görə, qiymətlərin ucuzluğunu əsas gətirərək həmin Avropa ölkələrində dərman vasitəsini istehsal edən şirkətlərin qiymətin aşağı olması üçün keyfiyyətdə "güzəştə" getdiklərinid emək olmaz.
Məhz bu kimi səbəblər Avropa ölkələrini "maya dəyəri", "keyfiyyət" kimi amillər əsasında deyil, istinad ölkələrində qiymətlərin müqayisəsinə dayanan referans qiymət sistemi əsasında dövlət tənzimlənməsi mexanizminin tətbiqinə yönəldib.
İ.Məcidov qiymətləri təsdiq edilən bəzi dərmanların satışda olmamasının səbəbinə də aydınlıq gətirib.
"Qanunvericiliyə əsasən sadəcə satışda olan dərman vasitələrinin deyil, dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiymətləri tənzimlənməlidir. Belə ki, beynəlxalq təcrübədə də dövlət qeydiyyatından keçmiş dərman vasitələri adətən aktiv və passiv dərman vasitələri olmaqla iki qrupa ayrılır. Faktiki satışda olan dərman vasitələri aktiv, satışda olmayanlar isə passiv dərman vasitələri adlanır.
Dərman vasitəsi qeydiyyatda olduğu müddət ərzində (Azərbaycanda qanunvericiliyə əsasən qeydiyyat vəsiqəsi hər dəfə növbəti 5 il üçün verilir) idxal, paylanma, marketinq siyasəti və s. kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah aktiv, gah da passiv vəziyyətdə olur. Ona görə də, Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilən qiymət cədvəlində dərman vasitələri ticarət adlarına görə deyil, tərkiblərinə (yəni, təsiredici maddələrə) əsasən sıralanıb.
Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi, yuxarıda qeyd etdiyim kimi, “tanıtma xərcləri”ni artıraraq hər hansı bir adda dərmanı 3-5 dəfə, bəzən 8-10 dəfəyədək baha qiymətə satmaqla məşğul olan “marketinq firmaları”nın imkanlarını məhdudlaşdırır və həmin firmalar hazırkı şərtlərlə razılaşmaya və həmin adda olan dərmanı ölkəyə gətirməyə bilərlər. Buna baxmayaraq, dünyanın aparıcı şikətlərinin istehsalı olan və həmin dərmanla eyni tərkibə malik çox adda dərmanlar ölkəmizə idxal olunur və vətəndaşlar bu dərmanları daha optimal və aşağı qiymətə alacaqlar".
Qurum rəsmisi deyib ki, ölkəyə idxal olunan dərman vasitələrinin həm qeydiyyat prosesində, həm də idxal zamanı keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən müvafiq qaydada nəzarət olunur.
İ.Məcidov bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da tətbiq edilən mexanizm mütəmadi olaraq təkmilləşdiriləcətini deyib.
Tarif Şurası tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib. Bunun nəticəsində satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 50% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 26% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, bütövlükdə isə, həmin dərman vasitələrinin 96%-i üzrə qiymətlər endirilib.
Təzyiq əleyhinə olan amlodipin, xolestirin tənzimləyici atorvastatin, qan durulaşdırıcı klopidoqrel tərkibli dərmanların qiymətlərinin 6-8 dəfə aşağı salındığını xatırladan Şura rəsmisinin sözlərinə görə, qurumun son qərarı ilə həmçinin, öskürək əleyhinə olan, xolesterin tənzimləyici, ağrıkəsici, mədə-bağırsaq sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri və s. ilə əlaqədar dərmanların qiymətləri dəfələrlə endirilib.