MTN-nin sözçüsü nazirlikdə baş verənlərlə bağlı müsahibə verdi

musahibe
5-11-2015, 11:15 1200
MTN-nin sözçüsü nazirlikdə baş verənlərlə bağlı müsahibə verdi Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev son vaxtlar nazirlik haqqında yayılan müxtəlif məlumatlarla bağlı APA-nın suallarını cavablandırıb
Həmin müsahibəni təqdim edir.
- Milli Təhlükəsizlik Nazirliyində bəzi əməkdaşların işdən uzaqlaşdırılması, yenilərinin təyinatı ilə əlaqədar müxtəlif informasiyalar yayılır. Bəzi məlumatlara görə coxlu sayda əməkdaş işdən çıxarılıb. Bunlar nə qədər həqiqətə uyğundur?
- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində əsaslı dönüş yaradılması, şəxsi heyətdə nizam-intizamın daha da gücləndirilməsi və peşə keyfiyyətlərinin yüksəldilməsi istiqamətində qarşıya ciddi vəzifələr qoyub. Bununla əlaqədar, hazırda Milli Təhlükəsizlik Nazirliyində genişmiqyaslı, məqsədyönlü və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Görülən tədbirlər çərçivəsində, mövcud nöqsanların və çatışmazlıqların aradan qaldırılması məqsədilə hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik aktlarının tələblərini kobud şəkildə pozmuş, hərbi qulluqçu kimi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyən, həmçinin əməliyyat-xidməti fəaliyyətdə ciddi qüsurlara və intizamsızlığa yol vermiş bir sıra əməkdaşlar vəzifələrindən uzaqlaşdırılıblar.
Bununla yanaşı, milli təhlükəsizlik nazirinin 1-ci müavini, nazir vəzifələrini icra edən general-leytenant cənab Mədət Quliyevin göstərişi ilə, vaxtilə milli təhlükəsizlik orqanlarında uzun illər işləmiş, lakin müəyyən səbəblərlə xidmətdən uzaqlaşdırılmış bir sıra əməkdaşların şəxsi işlərinə yenidən baxılır. Artıq bir neçə peşəkar əməkdaş yenidən xidmətə qəbul olunub və müvafiq vəzifələrə təyinatlar aparılıb.
- Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı baş verən son hadisələrə dair KİV-də cürbəcür versiyalar sürülür, fikirlər təqdim olunur. Yayılan məlumatlarla bağlı fikirlərinizi bilmək istərdik.
- Baş vermiş son hadisələrə ictimaiyyətin maraq göstərməsi başa düşüləndir. Lakin bəzi məsələlərin, o cümlədən xüsusi xidmət orqanında kadr təyinatları ilə əlaqədar xəbərlərin doğru, yaxud qeyri-səhihliyindən asılı olmayaraq, həmin məlumatların yayılmasında ehtiyatlı olmaq lazımdır. Çünki Milli Təhlükəsizlik Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada, səlahiyyətləri çərçivəsində həyata keçirdiyi fəaliyyəti özünün spesifikliyi, o cümlədən konspirasiya, aşkar və qeyri-aşkar üsul və vasitərlərdən istifadə etməklə fərqlənir. Bu baxımdan və ümumiyyətlə geniş mənada götürüləndə də aydın başa düşülməlidir ki, milli təhlükəsizliyin təmin olunması işində - aidiyyəti orqanlarla yanaşı bu məsuliyyəti bölüşməli olan, vəzifə borcunu düzgün qiymətləndirən KİV-lər ölkənin milli mənafeləri və təhlükəsizliyi ilə bağlı mövzuların işqlandırılması məsələlərinə həssas yanaşmalı və diqqətli olmalıdırlar. Məsələn, son vaxtlar bəzi qəzetlərdə və saytlarda “MTN işi”, “MTN şəhidin qardaşının pulunu aldı” və ya “MTN qalmaqalı” kimi absurd, heç bir məntiqə sığmayan qərəzli başlıqlar və məlumatlar manşetlərə çıxarılır. Bu qəti yolverilməzdir. MTN - Milli Təhülkəsizlik Nazirliyi deməkdir. Bu dövlətin icra hakimiyyəti qoluna aid olan mərkəzi icra hakimiyyəti orqanıdır. Dövlət orqanının adının bu cür müxtəlif mənfi çalarlarla hallandırılması, təqdim olunması heç bir vəchlə dövlətçiliyə xidmət etmir.
Bəli, ictimaiyyətə məlumat verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə cinayət işi başlanıb, nazirliyin bir neçə vəzifəli şəxsi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə məhkəmənin qərarları ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi tərəfindən hazırda əməliyyat-xidməti fəaliyyətdə mövcud nöqsanların, pozuntuların və çatışmaqlıqların aradan qaldırılması məqsədilə kəsərli tədbirlər görülür.
Lakin təqsirləndirilən şəxs qismində cəlb olunmuş bir qrup şəxsə görə bütöv bir dövlət orqanının adının müxtəlif mənfi formada hallandırılması qəbul ediləsi deyil. Unutmaq olmaz ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixi Azərbaycan Xalq Cümhüriyyətindən başlanır. Ümummilli lider Heydər Əliyev zəngin və mənalı ömrünün 25 ilini bu orqanlarda xidmətə həsr edib. Ulu öndərin azərbaycanlıq, vətənpərvərlik, dövlətçilik irsini layiqincə mənimsəmiş bütöv bir nəsil yetişmişdir. Həmin xüsusi xidmət zabiti korpusu bu məktəbin şanlı ənənələrini qoruyaraq indi də xidmətini şərəflə davam etdirir. Milli Təhülkəsizlik Nazirliyinin əməkdaşları ölkəmizin müstəqilliyi uğrunda, torpaqlarımızın erməni işğalçılarından qorunması və azad edilməsi yolunda canlarını qurban veriblər. Bu gün MTN-in Heydər Əliyev adına Akademiyasında gələcəyin təhlükəsizlik zabiti olacaq xeyli sayda gənc oğul və qızlarımız kursant qismində təhsil alır. Əlbəttə ki, bu cür düşünülməmiş məlumatların KİV-də yer alması xoş təsir bağışlamır.
Bundan başqa, yaddan çıxarmamalıyıq ki, Azərbaycan müharibə şəraitində olan ölkədir. Yaxın bölgələrdə baş verən qanlı hadisələr, o cümlədən tüğyan edən beynəlxalq terrorçuluğun doğurduğu təhlükələr fonunda milli KİV-imizdə Milli Təhlükəsizlik Nazirliyinin bir dövlət orqanı kimi nüfuzunun aşağılanması düzgün addım deyil.
- Hazırda milli təhlükəsizlik naziri vəzifəsinə təyinat olmayıb. Bununla bağlı müxtəlif xəbərlər dolaşmaqdadır. Bu barədə nə deyə bilərsiniz?
- Bununla bağlı onu deyə bilərəm ki, nazir vəzifəsinə təyinat məsələsi yalnız möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müstəsna səlahiyyətinə aiddir. Eyni zamanda o da qeyd olunmalıdır ki, Milli Təhlükəsizlik nazirinin 1-ci müavini, nazir vəzifələrini icra edən general-leytenant cənab Mədət Quliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün əmr və göstərişləri Milli Təhlükəsizlik Nazirliyində dərhal və vicdanla yerinə yetirilir.
Milli Təhlükəsizlik Nazirliyi ölkəmizdə sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müsbət fəaliyyətini əzmlə davam etdirir. Ölkənin digər hüquq-mühafizə orqanları ilə birlikdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı, preventiv tədbirlər həyata keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur.