Dərmanlar ucuzlaşdı, yeni təhlükə yarandı

sehiyye
20-10-2015, 10:02 831
Dərmanlar ucuzlaşdı, yeni təhlükə yarandı Səhiyyə Nazirliyi dərman satışında yeni qaydalar tədbiq edəcək.
Ölkədə dərman preparatlarının qiymətinin ucuzlaşmasına dair Tarif Şurasının verdiyi qərardan sonra artıq hər kəs qiymətlərdəki fərqi hiss edir. Bəzi dərmanların qiyməti kifayət qədər aşağı düşüb. Amma vahid qiymətin formalaşması bəzi dərmanların tapılmamasına da təsir edir. Xüsüsilə də alıcılar bahalı dərmanların qıtlığı ilə üzləşdiklərini deyirlər.
Ümumilikdə 2183 dərman vasitəsinin qiymətində nəzərə çarpacaq endirimlər həyata keçirilib. Təbii ki, bu, bir çox vətəndaşın büdcəsində özünü əməlli başlı göstərir.
Amma bir müddət sonra apteklərdən dərmanların yoxa çıxması barədə xəbərlər yayılmağa başladı. Yəni qiyməti endirilən dərmanların bəzisinin bir çox apteklərdə satışı dayandırılıb. Bundan başqa, endirim tədbiq edilməyən dərman vasitələrinin qiymətinin artdığı barədə də xəbərlər yayıldı.
Uzun müddətdir bu sahəni araşdıran Xəyal Məmmədxanlı deyir ki, qiymətlərə birdən-birə endirimlərin tədbiq olunması bu sahədə elə də ürək açan nəticələr verməyəcək:
“Belə olan halda sahibkarlar gəlir əldə etməyəcək, dərmanları avtomatik olaraq sıyahıdan çıxaracaq. Nəticədə eyni tərkibli Hindistan və ya Çin istehsalı olan dərmanların bazara daxil olma ehtimalı artacaq”.
Səhiyyə Nazirliyindən isə bildirilir ki, sadalanan faktların olması normaldır. Çünki qiymətlərdə dəyişiklik olmadığı bir zamanda da bir aptekdə olmayan dərmanı digərindən tapmaq mümkün idi və ya əksinə. O ki, qaldı digər dərmanların qiymətinin artması bu qanunsuzdur və belə fakt aşkarlandığı təqdirdə bunu edən sahibkar cəzalandırılacaq.
Səhiyyə Nazirliyi növbəti yeniliyi də etməyə hazırlaşır. Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyir ki, bu qaydalar təsdiqləndikdən sonra, həkimlər dərman vasitəsini ticarət adına deyil, onun təsiredici maddəsini yazacaq.
Yəni müalicə tələb olunan orqan üçün yazılacaq təsiredici maddə özündə bir neçə şirkətin müxtəlif qiymətə olan dərmanlarını birləşdirəcək.
Bu qayda həm də bəzi xəstəxanalarda həkimlərin dərman şirkətləri ilə sövdələşməsinin qarşısını alacaq. Belə olan halda həkimə müraciət edən xəstə də qiyməti dəfələrlə şişirdilmiş dərman almaq məcburiyyətində qalmayacaq.
Bəs, apteklərdə çalışan əczaçılar təsiredici maddə anlayışından nə qədər xəbərdardır? Bunun üçün şəhərdə fəaliyyət göstərən bir neçə aptekə baş çəkdik. Təsiredici maddələrin adını təqdim etdiyimiz 10 aptekdən 6-nın işçisi bu qrupa daxil olan dərmanların adını deməkdə çətinlik çəkdi. Vəziyyət bölgələrdə də eynidir.
Deməli ələkdən keçirilməli olan həm də əczaçılardır. Çünki xəstə ilə dərman vasitələri arasında dayanan canlı vasitələr onlardır və bir çox hallarda həyatımız onlardan asılı ola bilər.
Xatırladaq ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.
İndiyədək 2183 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bununla da satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 53 faiz dərman vasitəsinin qiyməti iki dəfədən çox, 28 faiz dərman vasitəsinin qiyməti üç dəfədən çox aşağı salınıb.
Ümumilikdə isə satışda olan dərman vasitələrinin 98 faizi üzrə qiymətlər endirilib. Yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək.