Gənclər daha çox göz infeksiyalarından şikayət edirlər

sehiyye
7-10-2015, 16:25 1290
Gənclər daha çox göz infeksiyalarından şikayət edirlər İnsanı ətraf mühitə bağlayan əsas orqanlardan biri də gözdür. Gözümüzün nurunu qorumaq üçün hansı tədbirlər görülməlidir? Bu orqanla bağlı nələri bilmək vacibdir? Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov göz və göz xəstəlikləri haqqında müsahibə verib. AZƏRTAC universitetin mətbuat xidmətinə istinadən həmin müsahibəni təqdim edir:
-Adətən fəsil dəyişən ərəfədə gözdə müəyyən allergik reaksiyalar gedir. Bu, nə ilə əlaqədardır?
-Fəsillər arasında, əsasən də yazda gözdə allergiya əmələ gəlir. Məhz bu zaman yaranan “konyuktivit - pollinoz konyuktiviti” adlanan (latınca pollek - tozcuq) xəstəlik bitki tozcuqları ilə törədilir. Bitkilərin, xüsusilə çöl otlarının, taxıl bitkilərinin, bəzi kol və ağacların çiçəklənməsi zamanı rast gəlinir. Fəsil dəyişiklikləri zamanı xəstələr daha çox gözlərdə qaşınma, qızartı, sulanma, gözlərin “zığlanması” şikayətləri ilə müraciət edirlər. Bundan başqa, ilin bütün fəsillərində az görmədən, bulanıq və ya dumanlı görmədən, yazıları oxumaqdan və iynə saplamaqdan çətinlik çəkən insanlar da klinikamıza müraciət edirlər. Həmçinin diabet xəstələri də adətən öz həkimləri tərəfindən ildə ən azı bir dəfə oftalmoloq müayinəsi üçün yönləndirilir.
-Göz xəstəliklərinə əsasən hansı yaşlarda daha çox rast gəlinir?
-Bütün yaş kateqoriyasından olan insanlarda müşahidə olunur. Uşaqları adətən zəif görmə və çəpgözlüklə bağlı klinikamıza gətirirlər. Orta yaşlılar və gənclər göz infeksiyası və allergiyaları, yaşlılar isə adətən katarakta, diabetik retinopatiya, göz dibi dəyişiklikləri ilə əlaqədar müraciət edirlər.
-Gözdə sulanma halları nəyə işarədir?
-Bunun bir çox səbəbi ola bilər. Allergiya ilə bağlı sulanma ən çox rast gəlinən haldır. İstənilən halda belə şikayəti olanlar həkim-oftalmoloq tərəfindən müayinə ediləndən sonra səbəbi aydınlaşır. Göz yaşı kanalının tıxanıqlığı, korneal və ya konyuktival yad cisimlər və keratit kimi digər göz xəstəlikləri mütləq həkim tərəfindən müayinə edilməlidir. Əks təqdirdə çox ciddi fəsadlar baş verə bilər.
-Gözü infeksiyalardan necə qorumaq lazımdır?
-Şəxsi gigiyena qaydalarına əməl etmək çox vacibdir. Hər səhər üz yuyularkən göz qapaqlarına və kirpik dibinin təmizliyinə diqqətlə yanaşmaq lazımdır. Gözlər üçün istifadə edilən kosmetik vasitələri diqqətlə seçməlisiniz, keyfiyyətinə əmin olmadığınız vasitələrdən uzaq durmağa çalışmalısınız.