Nuşirəvan Məhərrəmli bu sorağın ilk qaranquşu oldu!

musahibe
5-10-2015, 13:39 1114
Nuşirəvan Məhərrəmli bu sorağın ilk qaranquşu oldu! Adama deyərlər, sən kim olursan?
Milli Teveziya və Radio şurasının ANS-in iki verilişinin bağlanması haqda qəbul etdiyi qərarı "Musavat.com" saytında "Nuşluğu da acı, rəvanlığı da - nə nuş olsun, nə rəvan!" adı altında yerləşdirilən yazıda şərh edilib.
ANS PRESS həmin yazını oxucularına təqdim edir:
"Bu yazı oxunanda artıq dördüncü gün olacaq ki... MTRŞ-nın ANS-in özü və verilişləri haqqında bəyanatı gündəmdə olacaq. Əslində də o boyda rəsmi qurumun bəyanatıyla o boyda özəl telekanalın taleyi həll olunmuş məqamda üzdə olanın Nuşirəvan Məhərrəmli, Mir Şahin, Xoşqədəm, Zaur müstəvisində sirkulyasiyası və vibrasiyasından başqa daha faciəli nüansa heç kimin diqqət yetirmədiyi bəlli. Bax məhz həmin nüans üçün yazılır bu yazı-etiraz.
Mənim nə MTRŞ, nə Nuşirəvan Məhərrəmli ilə kəsişən nöqtələrimiz heç vaxt olmayıb - hətta bu ölkənin vətəndaşı olaraq bir tamaşaçısı kimi də, jurnalistliyi heç nəzərə almadan.
Fəqət Mir Şahin də, Xoşqədəm Hidayətqızı da ən kəskin tənqid etdiklərimdən və həm də münasibəti heç vaxt pozmadıqlarımdandır. YƏNİ, tənqid bu imzalar üçün faciəli deyil, normal, tolerant insanlardır. İndiki halda da, nə ANS-i, nə Xoşqədəmi, nə Mir Şahini qəsd etmədən deyirəm: Nuşirəvan Məhərrəmli həddən artıq təhlükəli, üstəlik də mahiyyətində dövləti düşmənçilik nümayiş etdirən bəyanatı rəsmi qurum adından yaymaqla tele-cəlladlıq missiyası sərgiləyib. Ən azından bunu Azərbaycan xalqının rifahı adıyla edib, ən azından bunu dövlət qayğısıyla pərdələyib, ən azından qanunları tapdayaraq edib. Və... o bəyanatın mahiyyətinə uyğun gəlməyən "cəza növü" müəyyənləşdirib.
Nuşirəvan Məhərrəmli heç hara tərpənmədən, hətta heç kimdən soruşmadan öyrənə bilər ki, mən Xoşqədəm Hidayətqızına hətta bir qəzetin müxbiri olaraq mənimlə bir redaksiyada işləməyi rəva görməyən adamam, handa ola ona efir haqqı tanımaq, nə bilim populyarlığı onun boyuna biçilmiş saymaq ola. Ancaq adamın ya gərək allahı ola, ya gərək dövlətinin qanunlarına sayğısı ola, ya da gərək demokratiyanın təməl prinsiplərinə əməl edə. Məndə üçü də var deyə, Xoşqədəm Hidayətqızını öz qəzetində də, ATV-də də, ANS-də də görəndə bir imza olaraq salamlayıram. Amma və lakin...
Nuşirəvan Məhərrəmlinin bəyanatındakı "... əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini..." ifadələrini görəndə, doğrudan da dəhşətə gəldim. Çünki o ifadələri oxuyanda ən azından bunu ANS-in, Xoşqədəm Hidayətqızının, yaxud da Mir Şahinin etdiyini yox, məhz Nuşirəvan Məhərrəmlinin sərgilədiyini gördüm.
Yaxşı ki... bu bəyanatdan sonra ANS-in MTRŞ-ni məhkəməyə verdiyi xəbərini oxudum.
Yaxşı ki, məsələnin mahiyyəti tam açılmasa da, aydınlıq gətirilən sualların cavablarında bəzi müəmmaların üstündən pərdə götürüldü.
Və bu bəyanat mənə "Eynulla Fətullayev presedenti"ni xatırlatdı.
Və bu bəyanat... Azərbaycanda çox önəmli bir qurumun başında çox kəmfürsət bir adamın oturduğunu, cəlladlıq eşqini, monstr obrazını proyeksiyaladı həm də.
Nə ANS-ə bir şey olasıdı - Nuşirəvanlıq deyil ANS-i silmək: Azərbaycan tarixində və Azərbaycan efirində ANS-in xidmətləri hələ ki tərəzinin pozitiv gözünü əyir; nə Xoşqədəm Hidayətqızı harasa itəsidi - o da Nuşirəvanlıq deyil; nə də Nuşirəvan Məhərrəmli bu obrazını yaşada bilməz.
Fəqət... mən yenə də bəyanatın mahiyyətindən çıxış edərək bir incəliyi incələmək istəyirəm: MTRŞ nəzarət üçündüsə, tənzimləmək üçündüsə, tam sərasər beş il hara baxırdı, axı bu verilişlər bu günün-dünənin deyil! İndiyə qədər keçirilən ən azı əlli iclasın birində irad tutmaq olardı, tövsiyələr vermək olardı, düzəlişlər etmək olardı!
Yox! MTRŞ bunların heç biri deyil! Olmadı! MTRŞ cəllad obrazını sərgilədi!
Fərq etməz ki, MTRŞ bunu etdi və yaxud etmədi - niyyət əməldən irəlidi!
Faciəli həm də odu ki, "tikansız balıq" imicli Nuşirəvan Məhərrəmli birbaşa özünü baltaladı.
Mən həm də buna təəssüf etdim - doğrudandamı bu xalqın idarə olunmasında müstəsna səlahiyyət verilmiş vətəndaşımızın içində bu qədər insananifrət eşqi ola bilir?
MTRŞ xilas üçündü, nizamnaməsinə görə!
Və mən bircə nəfər də jurnalist görmədim ki, Nuşirəvan Məhərrəmlini yaxalasın soruşsun: dədəle, o bəyanat ki var ha, imzalamısan, saa elə gəlmirmi ki, ölüm hökmüdü, həm də o bəyanatı imzalamaqla elə özün də o ittihamların ifadəçisisən?
Demədilər! Deməzlər! Hamı münasibət saxlayır! Hamı fal açır! Hamı "leytenant Şmidtin oğlu"nun çulunu qoruyur!
Fal açmaq deyəndə, "analiz, təhlil" bölümlərində xüsusi vurğulanır ki, tapşırıq yuxarıdan gəlib, YƏNİ ki, Nuşirəvan kimdi ki?! Əvvəla bu rəyin özü böhtandı! Sonrasına gələndə də, adama deyərlər, sənin analizini təhlil edib təzədən analiz edəndə cavab bu olur: a kişi, o nəzərdə tutduğun "tapşırıq verilən yuxarı" hər həftənin birinci və beşinci günləri bu telekanal rəhbərlərini qəbul edib instruktaj eləmirmi, özünü dolamısan, ya milləti, o sadə səbəbdən ki, hansı efir məkanı nəzarətsizdi bu dəqiqə? Bu ölkədə ən böyük uğur elə informasiya sahəsində əldə edilib. Sadəcə, bir məqam var: doğrudan da MTRŞ-nın olmasa da, Nuşirəvan Məhərrəmlinin Xoşqədəm problemi ola bilər - qurunun oduna yaş da yanıb.
Zaur da Xoşqədəm kimi Baxşəliyev olduğundan "yandırılıb". Bunlar önəmli olmamalı olduğu halda, məhz bu ştrixlərə önəm verilməsi diletantlıq. Önəm veriləsi məhz budu: "əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını..." sübut etdirmək! Kimmiş o əxlaqında və səhhətində problem olan adamlar... bu nə təhqir, bu nə "xalq atası" imicini formalaşdırma istəyi?
Nə qədər adam o verilişlərin hesabına müalicə alıb, problemini həll edib, itiyini tapıb, türməyə düşməkdən xilas olub, namussuzluq ləkəsini üstündən götürüb, nə qədər qəbuluna düşülə bilinməyən məmur yerində oturdulub, neçəsi sağalıb, neçəsi iş tapıb... ən azından hər verilişdən sonra bircəciyinin də "yaralı barmağına ilkin tibbi yardım" göstərilibsə, niyə də olmasın?
Ağlaşma pis təsir edir "xalqa"? Rəhmətlik Heydər Əliyev Telman Orucovdan soruşduğu kimi soruşmaq lazımdı: "hansı "xalq"? bu "xalq"? bu "xalq"dan sənin qabağına iki milyon çıxardaram..."
Üstəlik də... vəziyyətimiz "gülməli"di ki, ya təbəssümümüz əskik olmamalıdı üzümüzdən - ?..
Bütün bunların üstündən o halda keçmək olardı ki, cəza "cinayət"ə bab olaydı. Qərara baxın ki, onsuz da, - mətbuatda yayılan informasiyalar görə, - ANS oktyabrın 5-dən bu verilişləri efir setkasından çıxarmağa qərar veribmiş, efirdən çıxarılmış verilişi bir ay müddətinə efirdən çıxarma. Adamlar birdəfəlik çıxarıblar verilişi, bunlar cəzayla... yenidən efirə qaytarmaq istəyirlər.
Xoruzun quyruğu görükmür ki?
Bu da cəhənnəmə!
MTRŞ əmrlə göstəriş verir ki, bu verilişlərin yerinə mədəni-maarif mövzulu verilişlər salınsın.
Adama deyərlər, sən kim olursan? Efir siyasətini, mövzu seçimini, vaxt təyinini mən aparıram - təsisçiyəm, kanal mənimdi, nə istəyərəm onu da edərəm, müstəqilliyim hara getdi? (Heç olmasa görüntüdə bu "müstəqillik haqqı"nı tanımaq lazım!)
İki hal ola bilər: "dədəm mənə kor dedi, gəlib-gedəni vur dedi".
İkinci hal: "materiallar müqaviməti"
Bu iki haldan kənar istənilən baxış bucağında bir məqam var: proqnozlaşdırılmayan idarəetmə və monstr iddiası.
Əlbəttə ki... ""ya saz, ya paz" siyasəti qorxuludu - bilinmir ki, musiqi haçan bitəcək, edam nə vaxt başlayacaq!
Bu sorağın ilk qaranquşu isə... Nuşirəvan Məhərrəmli oldu!
Nuşluğu da acı, rəvanlığı da - nə nuş olsun, nə rəvan!