Bəhruz Quliyev: "Azərbaycan xalqı belə cəfəngiyyatlara fikir vermir"

musahibe
22-09-2015, 14:29 1062
Bəhruz Quliyev: "Azərbaycan xalqı belə cəfəngiyyatlara fikir vermir" “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin APA-ya müsahibəsi
- Azərbaycan parlament seçkiləri ərəfəsindədir və bu seçkilər beynəlxalq aləmin də diqqətindədir. Lakin bu ərəfədə Avropa Parlamenti və digər Avropa institutları Azərbaycanla bağlı qətnamə qəbul edib, seçkiyə müşahidəçi göndərməyəcəklərini bəyan ediblər. Sizin buna münasibətiniz necədir?
- Öncə deyim ki, kimlərin, hansı dairələrin nə deməsindən asılı olmayaraq, Azərbaycanda tam sağlam seçki mühiti mövcuddur. Ona görə də hər hansı qərəzli iddia ilə çıxış edən tərəflər hər şeydən öncə, bu amilləri nəzərə almalı, reallığı görməlidirlər. Ancaq seçkilərlə bağlı yaranan bir sıra sualları cavablandırmazdan öncə mən bir neçə faktlara, dəlillərə söykənən və Avropanın bəzi institutlarının Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsinə dair şəxsi fikirlərimi bildirmək istərdim.
Bəli, Azərbaycanda baş verən proseslərə Avropa Parlamenti, eləcə də Qərbin bir sıra dairələri həmişə ikili standartlar çərçivəsindən yanaşıblar. Yəni bu kimi qərəzlər ölkəmizə qarşı davamlı olaraq işlədilir. Xüsusilə, Avropanın siyasi təfəkkürü "Xristian klubu" deyilən bir psixoloji çərçivədən çıxmağı bacarmır. Yəni qəbul edə bilmir ki, Asiyada Avropa qədər inkişaf edən güclü bir dövlət – Azərbaycan var. Onu da qeyd edim ki, biz həm də bir avropalıyıq. Coğrafi mövqeyinə görə asiyalı olsaq da mədəni, psixoloji, inkişaf cəhətdən avropalıyıq. Ancaq bütün bunlarla yanaşı, asiyalı olduğumuzu da təbii ki, dana bilmərik. O cümlədən, biz Avropa məkanında ilk Asiya dövləti olaraq, demokratiya quran böyük xalqıq. Bu məkanda qadına seçib-seçilmək hüququnu verən də məhz bizik. Sadəcə, bir misal gətirim. Azərbaycanda qadınların seçib-seçilmək hüququ tanındıqdan 10 il sonra Avropanın mərkəzində yerləşən Fransada bu prosedur həyata keçirilib.
Bizim mədəniyyətimiz də Avropanın bir çox ölkələrindən zəngin olmaqla yanaşı, çoxsaylı ilklərə imza atıb. Məsələn, Asiya regionunda ilk opera mədəniyyəti də Azərbaycanda yaradılıb. Əbəs yerə deyil ki, Şərqdə ilk qadın opera bəstəkarımız da Şəfiqə xanım Axundova olub. Bəlkə də bu avropalılar üçün bir az çətin qəbul edilə biləcək bir reallıqdır. Ancaq fakt budur ki, Azərbaycanda demokratik mühit uzun illərdir ki, mövcuddur və bu mövcudluq bizim tariximizə qızıl hərflərlə yazılıb. Bütün bunlar Azərbaycanda Avropa düşüncə tərzinin göstəricisidir.
Daha bir məqama diqqət yetirək. Ölkəmiz post-sovet dövlətlərindən biri olaraq, iqtisadi və sənaye, həmçinin başqa sahələr baxımından yerdə qalan digər ölkələri, həmçinin Şərqi Avropa ölkələrini kifayət qədər geridə qoyur. Həmçinin, Şengen zonası dövlətlərinin bir neçəsini çıxmaqla Azərbaycanın paytaxtı, eləcə də bölgələri həmin ölkələrin paytaxt və bölgələrindən qat-qat gözəl, abad və inkişaf etmişdir. Bu gün bizim əyalətlərimiz bir sıra Şengen ölkələrinin paytaxtlarını inkişaf baxımından çox geridə qoyur. İnanın ki, məni bu fikirlərimi tamamilə pafossuz, qətiyyətlə və inanaraq deyirəm.
- Yəni, Avropa siyasətində Azərbaycan inkişafını anlamaqda çətinlik çəkirlər?
- Məncə, belədir. Bu gün Avropanın siyasi başbilənləri hələ o qədər yüksək şüura malik deyillər ki, Azərbaycan kimi inkişaf edən, tərəqqi yolunda gedən Asiya dövlətini dərk etsinlər. Yəni bunların psixologiyasında müsəlman anlamı geridə qalmışıq və s. kimi təzahür olunur. Bunların çatışmazlığı da ondadır ki, yuxarıda vurğuladığım kimi, heç cür "Xristian klubu" çərçivəsindən çıxmağı bacarmırlar. Görünür hələ bu səviyyədə inkişaf etməyiblər və buna gücləri çatmır.
Götürək qardaş Türkiyə dövlətini. Biz bilirik ki, dünyada nüfuzu olan, sözü və gücü olan, sarsılmaz dövlət quruluşu olan, altı əsərdən çox dövlətçilik ənənəsi olan Osmanlı dövlətinin varisi bu gün Türkiyə Cümhuriyyətidir. Baxın, Avropa siyasiləri bu gün böyük Türkiyə dövlətini belə, qəbul edə bilmirlər, öz məkanlarında təsəvvür etmirlər, qorxurlar. Ona görə də böyük Türkiyə dövlətinin qarşısını almaq üçün türk-müsəlman dövləti olaraq, ona qarşı mübarizə aparan, lobbi fəaliyyəti aparanlar mənəvi-fiziki terror həyata keçirirlər. Təkcə “Gəzi olayları” faktını xatırlasaq kifayət edər ki, avropalı siyasilər yürütdükləri islamofob addımları ilə əslində hansı maraqlara söykənirlər? Bunlar açıq-aşkar Türkiyəni inkişafdan, güclü tərəqqidən saxlamaq istəyirlər.
- Demək istəyirsiz ki, Azərbaycana qarşı da eyni motivli addımlar atılır?
- Bəli, məhz həmin qüvvələr, eyni zamanda, Azərbaycana qarşı mübarizə aparırlar. Azərbaycanı həm də müsəlman-türk dövləti olaraq qəbul etmirlər, ona qısqanclıqla yanaşırlar. Özü də burada yalnız qısqanclıq dayanmayıb. Eyni zamanda, bu, rəqabətdə qeyri-təbii metodlardan istifadədir. Fəqət, onlar Azərbaycana qarşı fiziki terror keçirməkdə acizdirlər. Çünki onların buna gücləri çatmır və çünki Azərbaycanın dövlət strukturları çox oturuşmuş, təməlli, çevik, öz işinin öhdəsindən gələn bir güclü mexanizm kimi işləyir. Ona görə də fiziki terroru həyata keçirə bilmədiklərinə görə, həmin amili mənəvi cəhətdən törətməyə cəhdlər göstərirlər. Təbii ki, burada Azərbaycan əleyhinə çalışan lobbi fəaliyyətinə daha çox üstünlüklər verilir. Anti-təbliğatlar, qətnamələr və s. Budur Avropa siyasətinin Azərbaycana qarşı apardığı ikili standartların mahiyyəti. Yeri gəlmişkən, bir neçə tarixi dəlillərə toxunmaq istərdim. Təəssüfedici haldır ki, bu gün dünyanın ən böyük sülh mükafatının, dünyanın ən böyük elm mükafatının, dünyanın ən böyük mədəniyyət və yaradıcılıq mükafatının - Nobel mükafatının maddi bazası Avropadadır və bu baza Azərbaycanın hesabına yaranıb. Daha bir faktı qeyd edim ki, Nobel mükafatının təsis edilməsinin kökündə Azərbaycanın sənaye mədəniyyəti dayanır. Çünki Azərbaycanda neft çıxarılarkən, neft anlamı olarkən, Avropa bu barədə heç nə bilmirdi, anlamı belə yox idi. 1847-ci ildə milli sənaye texnikası ilə Bakıda ilk neft quyusu qazılıb. Bu gün Azərbaycana qarşı qərəz püskürən avropalı başbilənlər yaxşı olardı ki, bunu da özləri üçün qeyd etsinlər və bilsinlər ki, biz sənaye məsələsində də Avropanı üstələmişik. Baxın, hələ ötən əsrin birinci yarım illiyində Nobel qardaşları öz ölkələrindən çıxıb-gəliblər Azərbaycana ki, burada iş qursunlar. Demək, hələ o zamanlardan Azərbaycanda işgüzarlıq mühiti olub ki, onlar da burada fəaliyyət göstəriblər. Daha sonradan, onların qazanclarının hamısı yox, yalnız bir hissəsi mükafat kimi nəzərdə tutulub.
O cümlədən, Simens qardaşlarını da göstərə bilərik. Onlar da ölkəmizdə digər yataqlarla – əlvan metal əldə etməklə məşğul olaraq, burada – Azərbaycanda biznes fəaliyyəti qurublar. Bu ətrafda çoxsaylı misallar gətirə bilərik.
İndi bunlar Azərbaycanın maddi bazasını əldə ediblər və bunun müqabilində Azərbaycana qarşı belə çirkin oyunlar oynamaqdadırlar. Demək biz, hələ iki əsr bunda əvvəl Avropaya bir avropalı kimi öz töhfələrimizi vermişik. İndi bunlar əgər hər hansı iddialarla çıxış edirlərsə, buyursunlar bütün bunları boğazdan yuxarı deyil, əsaslı şəkildə əsaslandırsınlar. Çünki bu gün Avropanın dünyagörüşü yüksək, zəngin mədəniyyətə malik olan insanları var. Ancaq təəssüf olsun ki, lobbi fəaliyyəti ilə məşğul olan avantüraçılar həmin fəaliyyətləri ilə Azərbaycan haqqında yuxarıda qeyd edilən fikirləri təsdiq edən avropalıların həmin fikirlərini ört-basdır etməyə səy göstərirlər. Buna baxmayaraq, reallıqdan çıxış edən, hadisələri düzgün qiymətləndirməyi bacaran avropalı dostlarımız bizi müdafiə edir, dəstəkləyir, çirkin oyunları pisləyən bəyanatlar verirlər. Ona görə də biz inanırıq ki, avantüraçılardan fərqli olaraq, doğru yolda olan avropalı dostlarımız zərərli fikirlərin, xüsusilə, "Xristian klubu" amilinin aradan qaldırılması istiqamətində öz fəaliyyətlərini davam etdirəcəklər.
Biz eyni indiki müasir zamanımızda da Avropanı üstələyir, onu geridə qoymağı bacarırıq. Xüsusilə, Avroviziya mahnı müsabiqəsi və “Bakı 2015” I Avropa Oyunları çərçivəsində biz bunun şahidi olduq. Təkcə bir misalı gətirim. Bakıda Avroviziya mahnı müsabiqəsinin keçirilməsindən sonra İsveçrənin Malmö şəhərinin rəhbərliyi etiraf etmişdi ki, onlar Bakıdakı kimi bu qədər yüksək səviyyəli müsabiqənin təkrar olaraq öz ölkələrində keçirməyə acizdirlər. O cümlədən, “Bakı 2015” I Avropa Oyunlarını götürək. Bu Oyunlarla Azərbaycan sübut etdi ki, hətta dünya Olimpiya Oyunlarından da yüksək səviyyədə tədbirlər keçirməyə qadir bir güclü dövlətdir. Bütün bunlar danılmaz faktlardır.
- Bəs xalq amilini bu kimi məsələlərdə necə qiymətləndirərdiniz?
- Bu da bir həqiqətdir ki, Azərbaycan xalqı belə cəfəngiyyatlara fikir vermir. Çünki tarix boyu sübut olunub ki, xalqımız heç vaxt xarici dairələrin maraqlarına boyun əyməyib. Son tarixi hadisələr də bunu göstərir. 1988-ci ildən başlanan xalq hərəkatı dövrü və ondan sonrakı illərdə baş verən hadisələr, Azərbaycanın yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalması, xalqımızın öz xilasını, nicatını Ulu Öndər Heydər Əliyevdə tapması və müstəqilliyimizin qorunaraq əldə saxlanılması – bütün bunlar xalqımızın öz torpağına, dövlətinə bağlılığının nümunəsidir. Yəni demək istədiyim budur ki, heç bir vaxt xalqımız xarici maraqlara boyun əyməyib və bundan sonra da əyməyəcək. Bu gün Ulu Öndər Heydər Əliyev siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, uğurla davam etdirilir. Məhz ölkə başçımız da öz çıxışında xüsusilə vurğulamışdır ki, heç bir xarici dairələr, siyasi qurumlar Azərbaycan dövləti ilə diktə, təzyiq dili ilə danışa bilməz. Bu, birmənalıdır və xalqımız da bu bəyanatı tam şəkildə dəstəkləməkdədir. Eyni zamanda, Azərbaycan xalqı taleyüklü məsələlərdə öz dövlətinə arxa-dayaq olur, xalq-iqtidar vəhdətindən çıxış edir. Ona görə də mən tamamilə əminəm ki, Avropa Parlamentinin hansı qətnamə qəbul etməsindən, nə deməsindən asılı olmayaraq, seçkilər Azərbaycan xalqı, cəmiyyəti, dövləti üçündür. Ona görə də düşünürəm ki, bu taleyüklü məsələdə xalqımız da öz sözünü qətiyyətlə deyəcək, Qərbin qərəzli dairələrini növbəti dəfə susduracaq.
- Azərbaycanın qətnaməyə kəskin münasibətindən və “Avronest”də fəaliyyətini dayandırmaqla bağlı qərarından sonra bir sıra Avropa dairələri Azərbaycanla əməkdaşlığın davamlı olması barədə istər fərdi şəkildə, istərsə də təşkilatlar şəklində bəyanatlar verdilər...
- Ümumiyyətlə, faktiki olaraq, qeyd etdiyim kimi, Azərbaycan Avropa üçün önəmlidir. Azərbaycan Avropa dəyərlərini özündə cəmləyən bir Şərq ölkəsidir. Yəni ortada bir sintez mövcuddur. Azərbaycan eyni zamanda Şərqin ən inkişaf etmiş, qüdrətli dövlətləri sırasında birinciliyini qoruyub-saxlamaqdadır. Ona görə də Qərb, Avropa dairələri Azərbaycanı itirməyin əleyhinədir, bunu arzulamır və istəmir. Bu səbəbdən, onlar Azərbaycanın irəli sürdüyü şərtləri, xüsusilə ikili standartlar siyasətini bir kənara qoyub, hadisələrə ədalətli qiymət verməyi bacarmalıdırlar. Təbii ki, belə olmadıqda Azərbaycan dövləti də öz gücünü ortaya qoyur və öz qətiyyətli mövqeyini sərgiləyərək, heç də Avropaya aşağıdan yuxarıya doğru baxmadığını sübuta yetirir. Artıq Avropa geri çəkilməyə məcbur olur və təbii ki, yeni əməkdaşlıq təkliflərini irəli sürərək, daha öncələr hansı yanlış qərarlar qəbul etdiklərinin fərqinə varmağa başlayırlar. Nəticədə onlar ölkəmizə qarşı apardıqları siyasətlərində korrektələr etməyə borcludurlar. Əks təqdirdə, Azərbaycandan bundan sonra da adekvat cavabları gözləməli olacaqlar.