MƏMMƏD ARAZ MƏNİM ÜÇÜN BU GÜN DƏ BİR FATEHDİR

edebiyyat
17-10-2024, 17:52 1253
 MƏMMƏD ARAZ MƏNİM ÜÇÜN  BU GÜN  DƏ BİR FATEHDİR İnsan Allahın (məğzi mənada) bir surətidir. Allah özünün bir sıra əlamətini insanın görkəmində zahir edib. Sadəcə, insan bu fitrətin fövqünə vara, öz cismində Allahın cizgilərini görə bilmir...

...İlk dəfə Məmməd Arazı yaxından görəndə elə bilmişdim ki, olduğum hücrə hər gün ümidlə əl uzatdığım səmadır, (orada) bir topa buludda şimşək təlatüm edir. Həyəcan məni necə çulğamışdısa nitqim qurumuşdu. Qarşımdakı adamın çöhrəsində çırpınan işıqlı təbəssümləri sezdikcə gözlərim hədəqəsindən çıxmışdı. Nə üçün də belə olmamalı idi; mən illərdir Məmməd Arazın – varlığıma atom bombası kimi təsir edən parlaq (bir) simanın surətini canlı görmək arzusu ilə yaşayan bir kənd uşağı idim, indi onunla qabaq-qənşər durmuşdum... “Azərbaycan təbiəti” jurnalının otaqları bu səhnəyə canlı şahiddir...
Məmməd Araz məni baş redaktoru olduğu jurnala işə götürmüşdü. Hər gün nəşriyyatın ikinci mərtəbəsindən o məsum insanın gəlişini izləyir, yeridikcə çəkdiyi əzabın rənglərini yaddaşıma köçürürdüm. Hər dəfə Məmməd Araz mənə o qədər nəhəng görünürdü ki, ona iyirminci mərtəbədən baxmaq lazım gəlirdi. Redaksiyanın işlərindən qabaq əsas məşğuliyyətim Məmməd dədəni otağına qədər müşayiət etmək, çöhrəsində ləngər vuran sadəliyi, bakirə baxışları sezmək olurdu. O da sanki bunu hiss edir, təbəssümünü artırırdı.
Məmməd Araz işə gəlməyəndə (səmimi deyirəm) narahatlığım artır, özümə yer tapa bilmirdim. Elə sanırdım ki, nəsə itirmişəm. Yazı-pozuya (da) əlim yatmırdı...
Məmməd dədənin son günlər necə sarsıntı keçirdiyinin, yerimək və danışmaq əzabının canlı şahidiyəm. Onun sadəcə, uğultulu və bir az da boğuq səsdən ibarət olan danışığından heç nə başa düşmürdüm. Ancaq özümü elə aparırdım ki, sanki nə dediyini anlamışam.
Bir gün bəlli oldu ki, uşaq və yeniyetmə çağlarımın poeziya fatehi, hazırda isə başımın üstündə bir Günəş kimi çırpınan Məmməd dədə şeirlərim haqda nəsə yazmaq istəyir. Qarşı çıxdım, əziyyət çəkməsinə razı olmadım. Çünki onun qələmi əlinə götürənə qədər necə sarsıntı keçirdiyini görürdüm. O isə israrından dönmədi, “Ədəbiyyat qəzeti”ndə çıxan şeirlərim haqda (dörd günə) bir vərəq yazı yazdı.
Məmməd dədə o yazıda məni şeirimizin pünhan buludu Əli Kərimlə müqayisə edir, bir növ, (məni) ona bənzədirdi...
“Azərbaycan təbiəti” jurnalının redaksiyasında (Məmməd dədəyə görə) Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Hüseyn Abbaszadə, Əlibala Hacızadə, Gülhüseyn Hüseynoğlu, Abbas Abdulla, Afaq Məsud, Əmir Mustafayev, Nazim İbrahimov, Şahmar Əkbərzadə və digərləri ilə tanış oldum, onların məsləhətlərini eşitdim, xeyir-dualarını aldım. Məmməd dədə ona ehtiram göstərmək üçün redaksiyaya gələn görkəmli şəxslərə məni göstərir, təbəssümlə nəsə deyirdi... Onlar da mənə sarı çevrilib: - Şamaxıdandır, Xaqani, Nəsimi xələfidir, inşallah, ondan yaxşı şair çıxacaq, - deyirdilər. Mən də həyəcan boğmuş çöhrəmi onlardan gizlətməyə çalışır, arada Məmməd dədəyə baxırdım...
Beləcə, bir neçə müddət Məmməd Araz şəxsiyyətinin fövqündə ədəbi düşüncəmi, poetik əzmimi (və s.) cilaladım, qələmimin süzgəcindən düşən hər şeirə təkrar-təkrar diqqət etdim.
Bir müddət sonra ölməz şairimiz Bəxtiyar Vahabzadə “Azərbaycan” jurnalı və “Ədəbiyyat qəzeti”ndə dərc olunan şeirlərimi oxuyub mənə dedi: “Məmməd Araz yanılmayıb...”. Onun bu israrda dediyi sözlər qulaqlarımda raket mərmisi kimi uğultu qopartdı...
Məmməd Araz mənim üçün bu gün də bir fatehdir. Onun narahat gözləri, hər gün salamlaşarkən yumşaq bulud sandığım əlləri, işə gələrkən və gedərkən arxası ilə sürüdüyü ayaqları, təbəssüm dolu, lakin o təbəssümün fonunda kədər doğranan çöhrəsi, məsum – bakirə sifəti... indi də gözlərimin içində təlatüm qoparır. Mən onu ilk gün bu görkəmdə gördüm. O, anadan bu tərzdə doğulmamışdı, nizamsız həyat, harın-yaltaq adamlar, haqsızlıq, şəxsi maraqlara daha çox meyl edənlərin saxta təbəssümləri və s. onu bu günə salmışdı. Bütün hallarda Məmməd Araz mənim üçün nəhəng insan idi, onun fiziki zəifliyi ona olan hislərimdə heç bir məna kəsb etmirdi (və etmədi də).

Nə yaxşı ki, uşaq ikən umduğum arzu həyata keçdi – mən Məmməd Arazı yaxından gördüm, ünsiyyət qurdum, hətta onunla bir redaksiyada işlədim...
Əlbəttə, Allah böyükdür!
Və təkrar deyirəm: Məmməd Araz mənim üçün bu gün də bir fatehdir!


Hikmət MƏLİKZADƏ

 MƏMMƏD ARAZ MƏNİM ÜÇÜN  BU GÜN  DƏ BİR FATEHDİR