Bakıda Pre-COP29 başladı

gundem
13-10-2024, 17:18 735
Bakıda Pre-COP29 başladı Oktyabrın 10-da Bakıda Pre-COP29 konfransı işə başlayıb.
Axar.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusuna həsr olunub.
Əvvəlcə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.




Açılış mərasimində çıxış edən BMT Baş katibinin birinci müavini Amina Mohammed qlobal temperaturun 1,5 dərəcədən yuxarı artmasının astanasında olduğunu və “Milton” qasırğası kimi dəhşətli nəticələrin müşahidə edildiyini deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyəti müxtəlif mübarizə tədbirləri gördüyü üçün insanların hələ də ümidi var: “COP29 bu impulsu inkişaf etdirməli, ambisiya və götürülmüş öhdəlikləri real iqtisadi nəticələrə çevirməlidir. Noyabrda biz inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemin miqyasına uyğun gələn yeni iddialı iqlim maliyyəsi hədəfini razılaşdırmalıyıq”.
COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, iqlim dəyişmələrinin yaratdığı problemləri sərhədlər, dar maraqlar çərçivəsində həll etmək olmaz. “Biz bir yerdə işləməli, açıq və dürüst dialoqda iştirak etməliyik. Sessiya COP29-da uğurlu danışıqların aparılması üçün təşkil olunub. Gündəlikdə duran məsələlərin əhəmiyyətini nəzərə alaraq biz mümkün qədər onları əvvəlcədən razılaşdırmalıyıq.
Milli müəyyənləşdirilmiş töhfələr sənədləri (NDC) COP29 Sədrliyinin əsas prioritet istiqamətidir. Məqsədimiz odur ki, fəaliyyətlərə və inkişaf edən ölkələrə təkan verək və problemin mahiyyətini hər kəsə çatdıraq. Biz mümkün elementlər üzrə dəyişiklikləri görməliyik. Diqqəti təməlin qoyulmasına ciddi yönəltməliyik ki, digər məsələlər üzrə də müzakirələr müvəffəqiyyətli keçsin. Eyni zamanda, məsuliyyətimizi ciddi qəbul etməli, müddətləri nəzərə almalı və həllər ortaya qoymalıyıq. Məqsədlərə nail olunmasında şəffaflığı, əlçatanlığı, ədaləti təmin etməliyik. Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istəyirik. Bu, maliyyə və texniki resursları səfərbər etmək üçün çox vacibdir. Çünki bu, iddialarımızı irəli aparacaq və karbon bazarlarının yaradılması ilə əlaqədar daha ciddi nailiyyətlər ortaya qoyacaq. Hazırda niyyətləri konkret nəticələrə çevirməli olduğumuzu düşünürük. Biz körpülər yaradırıq, lakin tələb olunan daha böyükdür”, - deyə nazir bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in Prezidenti Sultan Əl Cəbirin sözlərinə görə, bugünkü narahat və parçalanmış dünyada 1,5 dərəcə hədəfinə çatmaq və iqlim böhranının ön cəbhəsində olanları qorumaq üçün kollektiv səyləri ikiqat artırmaq lazımdır. “Beynəlxalq ictimaiyyət ötən il Dubayda əldə edilmiş uğuru builki COP29-da inkişaf etdirməlidir. COP29-da maliyyələşdirmə məsələləri müzakirə edilməlidir. Maliyyə ən vacib məsələdir, BƏƏ konsensusunun təməl daşı idi. Vəsaitlər ən həssas əhali təbəqələrinin dəstəklənməsinə yönəldilməlidir ki, onların iqlim dəyişikliklərinə davamlılığı təmin edilsin və nəticələrlə mübarizədə dəstək göstərilsin”, - deyə COP28 Prezidenti bildirib.
Maliyyənin iqlim gündəliyində ən vacib mövzulardan biri olduğunu deyən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still qeyd edib ki, COP29 konkret nəticələrə nail olmağa kömək edən stimullaşdırıcı konfrans olmalıdır: “Bu, ötən il Birləşmiş Ərəb
Əmirliklərində tarixi konsensus çərçivəsində götürülmüş öhdəlikləri həyata keçirməyə və real iqtisadiyyata fayda verməyə kömək edəcək. Aydındır ki, maliyyə bu il konkret nəticələrə çatmaqda əsas rol oynayır”.
O qeyd edib ki, COP29 həm də Paris Sazişinin 6-cı maddəsi üzrə iddialı nəticələrin əldə olunmasını təmin etməlidir.
Köməkçi icra orqanının (SBI) sədri Nabil Munir öz çıxışında artıq bütün dünyada milli töhfələrin yenilənməsi prosesi başladığını diqqətə çatdırıb.
“Biz iqlim problemləri ilə bağlı həlledici işlər görməli olduğumuz vaxta gəlmişik.
Hazırda iqlim prosesləri ilə bağlı olduqca vacib mərhələdir. Prioritet istiqamətlər daha dərindən araşdırılmalıdır. COP29 iqlim problemləri istiqamətində görülən işlərə və bizim fəaliyyətimizə nəzər salmağa imkan yaradan platformadır. Hər kəsi bu sahədə daha cəsarətli addımlar atmağa çağırıram. Bu tədbir həlledici rol oynamalıdır. İnsanlar dünya tarixində baş verən ən isti ilin, eyni zamanda, buzlaqların əriməsinin şahidi oldu. Düşünürəm ki, biz innovativ tərəfdaşlıqlar qurmalıyıq”, - deyə Nabil Munir əlavə edib.
Konfrans yan tədbirlərlə və plenar sessiyalarla davam edib.

Tədbir zamanı Azərbaycanla Braziliya arasında Anlaşma Memorandumu imzalanıb. “Bakıdan Belemə (B2B) İqlim Tərəfdaşlığı” üzrə Anlaşma Memorandumunu (Memorandum of Understanding on the "Baku to Belem (B2B) Climate Partnership") COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliyanın Xarici İşlər Nazirliyinin İqlim, Enerji və Ətraf Mühit üzrə Katibi Andre Correa do Lago imzalayıblar.
Konfransın işinə oktyabrın 11-də yekun vurulacaq.