Yusif Nəğməkar ədəbi hadisədir...

edebiyyat
15-06-2024, 00:38 725
Yusif Nəğməkar ədəbi hadisədir... Allah onu elə-belə şair etməyib
Adı peyğəmbər adı, soyadı Allaha pənah, lütf və səcdə (haqqı), ata adı Mütləq Müqəddəsə (Allaha) sığınmaq (dühası) olan parlaq istedadlı şair Yusif Nəğməkar (Mədətov Yusif Məhiş oğlu) 69 il əvvəl 15 iyunda doğulub – o ayda ki, illərdir ruhumuza qurtuluş sevdası səpir, duyğularımıza qurub-yaratmaq ovqatı bəxş edir. Bu, o anlama gəlir ki, tale onu (bu vaxta qədər) əbəs yerə çarpaz səmtlərə yönəltməyib, həyat boş yerə onu minbir təlatümdə cilalamayıb və ən əsası, Allah onu elə-belə şair etməyib. Demək, Yusif Nəğməkar fitrətində hər şey nizamda – ölçü-biçidədir...

Həyat tarixçəsindən yarpaqlar:
15 iyun 1955-ci ildə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində ziyalı ailəsində anadan olan Yusif Nəğməkar orta təhsilini Birinci Aşıqlı kənd və Beyləqan şəhər 1 saylı məktəbində (1961-1971) alıb. Bir müddət rayonda çıxan "Yüksəliş" qəzetində müxbir kimi fəaliyyət göstərib, şeirləri, oçerk və məqalələri, publisistik, ədəbi-tənqidi yazıları oxucu kütləsinin marağına səbəb olub. 1973-1977-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini (Ana dili və ədəbiyyat ixtisası üzrə) (əyani) bitirib. Təyinatla Beyləqan rayonunda bir neçə il müəllimlik etdikdən sonra (1983-2006-cı illərdə) Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Novator sənətkar, Azərbaycanın Xalq şairi Rəsul Rza onun yaradıcılığını yüksək dəyərləndirib, “Ədəbiyyat və incəsənət” qəzetinin 30 aprel 1977-ci il tarixli sayında ona “Uğurlu yol” yazıb, onu ədəbiyyata təqdim edib, belə deyək, özündən sonrakılara əmanət qoyub. Sonralar Xalq şairi Bəxtiyar Vahabzadə onun haqqında “Mənim çox sevdiyim şair Yusif Nəğməkar” adlı məqalə yazıb, ona “Dünən, bu gün və sabah” adlı şeir həsr edib... Bu gün Yusif Nəğməkar (özü) neçə-neçə gənc qələm adamına yol göstərir, onlara poeziyanın doğru yönünü ifadə edir.
Yusif Nəğməkarı çoxdan tanıyırıq (dünən, srağagün deyil). Hətta bir qərinə əvvəl (onu) ekranlarda, qəzet, jurnal səhifələrində görəndə də ruhumuz onun – o möhtəşəm surətin işığında doğmalıq tapırdı. (Şübhəsiz) bu da Allahın bizə (bir) lütfü idi...
Yusif Nəğməkar elə bir yüksəkliyin təzyiqi, elə bir kəhkəşanın işıq selidir ki, onu oxuculara təqdim etməyə (zənnimizcə) heç bir ehtiyac yoxdur. Ancaq nəsillər bir-birini əvəz etdiyi, hadisələr müxtəlif istiqamətlərdə duruş tapdığı üçün biz onun uğurları barədə bir-iki nüansa diqqət çəkmək istəyirik:
1. Yusif Nəğməkarın indiyədək 20-dən artıq kitabı nəşr olunub. O, qanlı 20 Yanvardan bəhs edən “Şər şənbə”, “Sizli”, “Şahnaz-ah naz”, “Çingiz çini”, “Vəslin edamı”, “Bəxtiyar”, “Güllər atılmasın” və sair... adlı bir-birindən maraqlı, dərin poetik çalarlı poemalar qələmə alıb. Ədəbi nisbəti aydın-bəlli şeirlərinə söz yox...
2. Yusif Nəğməkar Azərbaycan Jurnalistlər (1989) və Azərbaycan Yazıçılar (1995) Birliklərinin üzvü, şair-publisist, “Qazax Xeyriyyə Cəmiyyəti”nin Fəxri üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvüdür.
3. Yusif Nəğməkar, yaradıcılığna görə dəfələrlə böyük ödüllərlə mükafatlandırılıb. Məsələn, 2015-ci ildə tarixi Çanaqqala zəfərinin yüz illiyi ərəfəsində yazdığı “Çanaqqala-Türkə qala” poeması ilə müsabiqə qalibi olub, həmin vaxt “Azərbaycan Bayrağı” media mükafatına layiq görülüb, “İlin şairi” adını alıb. O, həmçinin, “Qılınc və Qələm”, Rəsul Rza və Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbi mükafatların laureatıdır.
4. Hazırda Azərbaycan Sənaye Korporasiyasında Mətbuat katibi vəzifəsində çalışır.
5. Yusif Nəğməkarın şeirlərinə Azərbaycan və Türkiyə bəstəkarları vaxtaşırı müraciət edib, dillər əzbəri olan mahnılar-şərqilər bəstələyiblər. Məşhur “Azərbaycan, Türk bayrağı” şeirinin müəllifi də Yusif Nəğməkardır. Bu şeir Türkiyədə Mehtərlər marşı üstə bəstələnib, böyük xorun ifasında lentə alınıb və türk dünyasında böyük dinləyici auditoriyası qazanıb və s.
Biz (yuxarıda) dedik, Yusif Nəğməkara Allah lütf verib, onu yüksəklərə sevdalandırıb. Uca Allahın ona əta etdiyi misilsiz əzm çoxumuz üçün (bu gün də) bir görkdür. Onun insanlara hədsiz ehtiramı var. Səbr və təmkin (onun) çətin anlarının mühafizəkar xassələridir.
Şübhəsiz, hələ kiçik yaşlarında ikən gələcək fəaliyyəti ilə bağlı nələrisə bəlli edən Yusif Mədətov Allahdan fitri istedad aldıqdan və iltifat gördükdən sonra öz yolunu müəyyən edib, sözün işığında əsrarəngiz cığırlar açıb. Çox şeyi zamana buraxıb, nail olduğu yenilikləri zamanla süsləyib. Yaradıcılığının ən çətin proseslərini həyata keçirmək istədiyi qlobal məsələ kimi xarakterizə edib, sözü yüksək məqama çatdırıb... Söz indi də onu işıqlı səmtlərdə bərqərar edir; o, sözün aşiqidir, söz onun. Nə vaxt sözə elçi düşür, qapılar (üzünə) taybatay açılır. (Burada) məna budur ki, o, lütf sahibidir, Allahın önəm verdiyi şairdir...
Yusif Nəğməkar üç övlad atasıdır. Övladların ataları haqqında xoş sözlər eşitməsi ayrı bir yaşantıdır. Bu proses insanı qürurlu, məğrur və lütfkar edir. Əminik ki, Yusif Nəğməkarın (da) övladları onun işıqlı adı, dərin-sanballı yaradıcılığı, heyrətamiz nüfuzu ilə öyünürlər...
69 yaşınız mübarək, əziz Yusif Nəğməkar! Varlığınız (şəxsiyyətiniz) bizə xoş ovqat verir, siz bizim üçün (bir) ədəbi hadisəsiniz. O qədər müfəssəl-mükəmməl insanlıq həddiniz var ki, təqdir etdikcə ruhumuz sakitlik tapır. Allah sizi bizə çox görməsin! Amin!

Yusif Nəğməkar ədəbi hadisədir...









Hikmət MƏLİKZADƏ
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı