"URƏYİMİN DAMAN YERİ" ALƏMZƏR SADİQQIZI

edebiyyat
31-05-2024, 23:30 2403
"URƏYİMİN DAMAN YERİ" ALƏMZƏR SADİQQIZIBu gün 31 may, Bakıda Elmlər Akademiyası Parkında keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu günü dostarımızla görüşdük. Səkkiz gün davam edən festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilmişdi. Türk dünyasının sayılıb-seçilən qələm adamları, ədəbiyyatşünasları festivalda iştirak ediblər.

Festivalda qələm dostlarımızın da kitabları sərgilənirdi. Xətrini çox istədiyim şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Aləmzər Sadiqqızının kitabları diqqətimi cəlb etdi. Aləmzər xanım dürüstlüyü sevən, haqqı dəstəkləyən, zəngin mənəviyyatı, sədaqəti, səxavəti, xeyirxahlığı ilə seçiləndir. Aləmzər xanım mükəmməl bir şəxsiyyətdir. İnsanın belə nəcib keyfiyyətlərə malik olması əsl xoşbəxtlikdir. Hər zaman inanmışam ki, o, ən yaxşı şair və öz sahəsinin mükəmməl bilicisidir. Eyni zamanda Aləmzər Sadiqqızı vətənpərvər, üzvü olduğu Birliyin tərəqqisi uğrunda var gücü ilə calışan əsl ziyalıdı. Nurlu çöhrəyə, geniş qəlbə malik olan Aləmzər xanımın ruhuna hakim kəsilmiş nikbinlik adamı valeh edir.

Aləmzər Sadiqqızı bəlkə də tək-tük ziyalılardandı ki, həmişə bütün qələm dostlarının xoş gələcəyini, uğurunu arzulayır.
Aləmzər xanımın “Ürəyimin daman yeri” adlı şeirlər kitabı qarşımdadı. Xalq yazıçısı Anarın kitaba yazdığı ön sözdən bir neçə cümlə oxuyuruq: “Yazıçı-şair hər təzə əsəri, kitabı ilə yenidən doğulur. Zənnimcə bu kitab da kövrək ruhlu şairə üçün belə çətin zamanda sevinc bəxş edəcək. Oxucularla yeni görüş də onu təzə əsərlər yazmağa sövq edəcək. Bu şeirləri bir sözlə ümumiləşdirməli olsaq, hər şeydən əvvəl “səmimiyyət” sözü ağıla gəlir. Oxucu ilə dərdləşdirilmiş kimi səmimi olmaq gerçək sənətin əsas tələbidir. Və elə bu səmimiyyətin özündə də insan duyğuları bir çox çalarları ilə şeirə çevrilib. Sevgi, ayrılıq, həsrət, gözlənti, kədər, üsyan, vətənə məhəbbət min-min illrdir ki, poeziyanın əsas mövzusudur. Sadaladığım bu mövzular Aləmzar Sadiqqızının təqdimatında poetik ifadəsini tapır. Müəllifə uğur arzu edirəm, can sağlığı və təzə əsərlər yazmasını diləyirəm”

Ulu Tanrı Aləmzər xanıma gözəl keyfiyyətlər bəxş edib. Aslanın erkəyi, dişisi olmaz deyib babalarımız.O, hər şeydən əvvəl mərddir, dəyərli məsləhət verən, doğru yol göstərəndir, dediyinə əməl edən, sözündən dönməz, haqqı-nahaqa verməz, dosta sədaqətlidir. Yaradıcılıq sahəsində yenicə addım atanlara köməyini əsirgəməz. Bacardığı qədər səhvlərini düzəldər, başa salar, misraları düzüb-qoşar, bir sözlə ədəbiyyat, söz sahəsində doğru yol göstərər.

Aləmzər xanımın “Heç kim küsə bilməz” başlıqlı şeirini oxuyaq:


Məndən inciməyi heç düşünməyin,
Belə yaşayıram, belə, birtəhər.
Heç kim küsə bilməz məndən könüldən,
Özümdən inciyib, küsdüyüm qədər.

Sormayın necəyəm, bilməyin necə,
Gecə mənlə yatır, ya mənmi gecə?!
Bir ömür oynadım, sonu heç-heçə,
Ondan yıxır məni, yıxır bu kədər.

Gözümdən könlümə damır göz yaşım,
Unudur məni də mənim yaddaşım.
Mənim sirr yoldaşım, öz ürək daşım,
Susduqca içimi yeyir bu qəhər.

Hər gecə içimi didir bir sual,
Özüm də qarşımda bitirəm lal-lal.
Min dərdə bölünüb olar halbahal,
Görən açılarmı, görən bu səhər?!

Kimi dünya yeyir, kimi qəm yeyir,
Kimi ömrü boyu duman, çən yeyir.
Birisi bəs qədər, biri kəm yeyir,
Kiminin udduğu havası zəhər.

Yazar min sevincdən barsız ömrünü,
Elə hey xərclənən karsız ömrünü.
Bu nakam ömrünü, şansız ömrünü
Yazar sətir-sətir, verər min bəhər.


“Ürəyimin daman yeri” adlı kitabınız ürəyinizə damdığı yerdən fərəh, sevinc gətirsin. Qoy uca zirvələrdə sönməz bir mayaka çevrilən qürurlu, vüqarlı ziyalı ömrünüz ətrafa yayılan günəş zərrəcikləri kimi yollarınıza nur saçsın!

Xatıradım ki, III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalı, "Bizim.Media" informasiya portalının informasiya dəstəyi ilə təşkil olunmuşdu.



"URƏYİMİN DAMAN YERİ" ALƏMZƏR SADİQQIZI










Mayisə ƏSƏDULLAQIZI
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

realfakt.az