Əfşan Yusifqızı “Bədirlənmiş Ay”

edebiyyat
29-05-2024, 16:57 841
Əfşan Yusifqızı  “Bədirlənmiş Ay”Hər kitab bir həyat hekayəsidir. Hər yazıçı (da) bu hekayədə əks edən baş obrazdır. Düşünürük ki, xeyli vaxtdır tanıdığımız, şəxsiyyətinə və yaradıcılığına hörmət etdiyimiz Əfşan Yusifqızı da öz həyatının ssenaristidir. Onun bu vaxta kimi bir neçə kitabını oxumuşuq. Əlbəttə, bu kitablarda razı qaldığımız cəhətlərlə yanaşı, bizi qane etməyən hallar da aşkarlamışıq. Bu, bizim Əfşan Yusifqızı yaradıcılığına olan sevgimizə zərrə təsir etməyib. İndi də Əfşan xanımın “Bədirlənmiş Ay” adlı yeni kitabı ilə qabaq-qənşərik. Bu kitab da əvvəlkilər kimi qalmaqala səbəb oldu, haqqında müəyyən detallar açıqlandı. Biz də bu prosesə nüfuz etdik, bilmək istədik, Əfşan xanımın yeni əsərini tənqidə məruz qoyan nədir.

Əfşan xanımın “Bədirlənmiş Ay” romanı haqqında (bəlli ki,) çoxları söz deyib. Daha çox tənqidə məruz qalan bu əsərin əlbəttə, təqdir-tərif ediləsi tərəfləri də var. Məsələn, romanın adı - “Bədirlənmiş Ay” özü (bir) qibtə hissi yaradır. Nə üçün? Çünki müəllif xalqımızın görkəmli şair qızı, Azərbaycan ədəbiyyatının ən istedadlı qadın nümayəndələrindən biri Xurşidbanu Natəvanı bədirlənmiş Aya bənzədib, onu bizə daha qabarıq, daha dolğun göstərməyə çalışıb. Bəs “Bədirlənmiş Ay” nə deməkdir? Bu hal Ayın (bu peyk-planetin) Yerə çox yaxın olması, həmin an (da) əvvəlki həcmindən daha iriölçülü, daha aydın və parlaq görünməsi prosesidir. Bu, o anlama gəlir ki, (xan qızı) Xurşidbanu Natəvan bu vaxta kimi bizə çox uzaq məsafələrdən görünüb, belə deyək, Göyün əlçatmaz ənginliklərində bərq vuran Ay qədər bizdən uzaq olub, Əfşan xanım isə o fövqəl insanı Azərbaycan oxucusuna bədirlənmiş Ay qədər yaxın etmək məqsədi güdüb, roman boyu Natəvan yaradıcılığını və şəxsiyyətini mümkün qədər əxz edib.
Əslinə qalsa, Əfşan xanımın yeni romanı bir növ, elmi səciyyə də kəsb edir. Ayın bədirlənməsi, onun mövsümi təzahürü, Yerə yaxın olarkən daha təbii və inandırıcı görünməsi və s. astronomik elmin üzərində hələ də tədqiqat işləri apardığı prosesdir. Əfşan Yusifqızı da bu prosesi bədii şəkildə xarakterizə edib, daha dəqiqi, təşbeh qurub – bənzətmə yaradıb, Ayla Natəvanı müqayisə edib.
Təbii ki, iş olan yerdə nöqsan (da) qaçılmazdır. Bu səbəbdən Əfşan xanımın yeni kitabında səhvlər (orfoqrafik qüsurlar, müəyyən redaktə ziddiyyətləri, üslub tərzi və s.) diqqətdən kənarda qalmır. Ancaq bu, romanın bədii çəkisini, ədəbi çalarını, məzmun və mənasını (heç də) azaltmır. Və yaxud, əgər Əfşan xanımın əsərlərində hər hansı (bir) ziddiyyət varsa, bunun (da) bəlli səbəbləri var...
Dünyada ideal heç nə yoxdur; bədii mənzərə həm ürək oxşaya bilər, həm də bir sıra çatışmazlıqla müşayiət olunar. Ən möhtəşəm yazıçının ən tərifli əsərində belə istənilən qədər səhv tapmaq mümkündür... Bu aspektdə (zənnimizcə) Əfşan Yusifqızının “Bədirlənmiş Ay” romanına sərt hücum(lar) etmək, müəllifi məyus girdablara atmaq yaxşı hal deyil. Bu, kasıbın taxta qapısında mamır axtarmaq kimi (bir) şeydir...
Əfşan xanımın Natəvan haqqında bu qədər əhatəli məlumata malik olması, onu oxucu dərkinə sığışdıra bilməsi alqışalayiq haldır. Bu, o deməkdir ki, “Bədirlənmiş Ay” romanı Natəvanı gələcək oxuculara daha yaxından tanıda biləcək.
Əlbəttə, adıçəkilən romanda Natəvanın şəxsiyyət fövqünə işıq tutan bir sıra həyat həqiqətləri və tarixi istinadlarla bağlı bir söz belə yoxdur, lakin bu əsər xan qızının tarixdəki fövqünü (müəyyən mənada) yaddaşa hopdurmaq baxımından məqbul hesab edilə bilər.
Əsərdə bizi qane edən bir cəhət də var: müəllif hadisələri son dərəcə ehtiyatla, öz həyasında, utancaq hislərlə təqdim edir, Natəvanın yaxın keçmişimizdən boylanan həyat siqlətini yumşaq meyllərlə izləyir. Bu da Əfşan xanımın özünün çöhrəsindəki nura, baxışlarındakı işığa dəlalət edir.
Əfşan xanım roman boyu bədii sözü öz vəslinə yetirib, sözü çox böyük ədəblə batinə sığışdırıb. O, Natəvan xanımı (tərəddüdsüz) bir söz fatehi kimi təqdir edib, onu zər-zibaya bükmədən bugünkü oxucu qənşərinə çıxarıb.

“Bədirlənmiş Ay” kitabında hadisələr batini mənada, şüurdan bir qədər yuxarıda ovqat tapır. Müəllif Natəvan şəxsiyyətini sinəsi gövhərdən əskik olmayan bir bulaq kimi mənalandırır, onun sənət incilərini, yaşadığı həyatı və taleyi bəmbəyaz saflıqla eyniləşdirir.
“Bədirlənmiş Ay” Əfşan Yusifqızının Natəvan dünyasına nüfuz edən bədii yolçuluğudur. Burada ani bir təsirdən təlatüm edən sükut da var, qəfil haray qopardan ədəbi səssizlik də. Hər iki halda müəllif oxucunu öz ədəbi lərzəsi ilə süst baxışlardan qoruyur, onu Natəvanla üz-üzə tutur.
Adıçəkilən romanı bir yaddaş da hesab etmək olar. Çünki bu salnamədə özünü təqdir və ifadə edən bir həqiqət var – Xurşidbanu Natəvan həqiqəti.


Əfşan Yusifqızı  “Bədirlənmiş Ay”










Hikmət MƏLİKZADƏ
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı.