III TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI

gundem
25-05-2024, 23:24 1854
III TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI Mayın 24-ü Bakıda , Elmlər Akademiyası Parkında III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı açıq elan olundu. Səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib. Açılış mərasimində öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Türk dünyasının sarsılmaz birliyinə, Türk dövlətləri arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətindən danışıb.

Xalq yazıçısı əsrlər boyu kitabın insanların ilk və ən yaxın sirdaşına çevrildiyini, onun yetişməsində, kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşündə, hərtərəfli inkişafında əvəzsiz rol oynadığını bildirib. III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mayın 31-dək davam edəcək.
III TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI Xeyli vaxt idi görmədiyimiz Nəşriyyat, mətbəə, yazıçı, nasir, şair, jurnalist dostlarımızla bir araya gəlmək özü bayram oldu. Bəlkə elə bir araya gəlməyə görə, sevinməyə, dərdləşməyə, bölüşməyə görə “ dost gəlişi bayram olar” deyib dədə-babalarımız. Xüsusilə, əgər bu dostluq söhbəti Türk dünyasından gedirsə... Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir.
Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır. Əsl dostlar bir-birinə güzəştə getməyi də bacarmalıdılar, yeri gələrsə bir-birini şöhrətləndirməyi də bacarmalıdılar.
Söhbət əsl dostlardan gedir, bizim hörmətli qələm dostlarımız kimi əziz dostlardan...
Sərgilənən kitablar arasında uzun illərin sadiq dostu, mən deyərdim mətbuat kapitanı Nəcibə İlkinin “Gədəbəy qartalı” kitabı diqqətimi cəlb etdi.
“Gədəbəy qartalı” əsərinin sujet xətti 90-cı illərin hadisələri üzərində qurulub. Mənfur və məkrli ermənilərin Qarabağ və onun ətrafındakı siyasətinə qarşı Gədəbəy igidləri də layiqincə döyüşmüşlər.
Bu əsərdə onlardan layiqlərin layiqlisi Faiq Mahmudovun döyüş yolundan bəhs olunur.

III TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI

Şəhidliyi özlərinə ömür payı biçən bu cür Vətən oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət isə hər bir gəncə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını, şəhidlərini tanımalı və tanıtmalıdır. Şəhidlərimizi yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır.
Bu gün yurdumuzda rahat yaşayırıqsa, rahat gəlib-dolaşırıqsa, buna görə şəhidlərimizə borcluyuq. Əsrlər boyu borclu olduğumuz şəhidlər olmasaydı, əmin olun ki, indi millət də olmazdıq. Millətimizin yaşamasını, gələcək nəsillərə çatmasını təmin edən şəhidlərimiz heç nə müqabilində bu fədakarlıqları etməyiblər. Onlar ancaq “Vətən anamızdır”- ideyası ilə hərəkət ediblər. Ruhları qarşısında diz çöküb, baş əyib, minnətdarlığımızı bildiririk.



“Gədəbəy qartalı” kitabından oxuyuruq:
Bu dağlar ulu dağlar,
Çeşməli sulu dağlar,
Burda bir qərib ölüb,
Göy kişnər, bulud ağlar.

Dağlar, mənə qar göndər,
Əsirgəmə, var göndər,
Ya dərdimə şərik ol,
Ya dərmanım al göndər.

Bu dağlar ərən dağlar,
Gülü yox, dərəm dağlar.
Günüm belə keçərsə,
Ürəyim vərəm bağlar.
Nəcibə İlkin AYB-nin, AJB-nin, Dünya Türkmən Ədəbiyyatı və Yazarlar Birliyinin üzvü, Prezident mükafatçısı və bir çox təltiflərin mükafatçısıdır. “Gədəbəy qartalı” kitabı müəllifin sayca 12-ci kitabıdır. Kitabın redaktoru Əməkdar İncəsənət xadimi, yazıçı Elçin Hüseynbəylidir. Texniki redaktorlar Əli Bəy Azəri və Xalidə Nuraydır. Nəcibə xanımın redaktorluğu ilə işıq üzü görən kitablar lap çoxdu, sayını itirmişəm.
Qələm yoldaşmız Nazlı Hacılının qəhrəman şəhidlərimizdən biri Məmmədov Rəvan İntiqam oğlu haqqında yazdığı “Rəvanın şəhidlik zirvəsi” kitabı qarşımdadı. Nazlı xanımı uzun illərdi tanıyıram. Saf, mehriban, vətənpərvər, qayğıkeş, dürüst dost kimi canlanıb həmişə gözlərim önündə. Cəmiyyətdə hörmətli , sözünə və işinə etimad edilən kimsələrin demək olar ki, hər birində dürüstlükdən mütləq bir nəsib payı vardır. Çünki bu təməl və güc insana hörmət qazandıran bir çox xarakter və davranışın meydana gəlməsinin sözdə doğruluğudur. Nazlı xanımın çağdaş Azərbaycan ədəbiyyatında özünəmxsus dəsti-xətti var. Onun poeziyasında vətənpərvərlik hissi güclüdür. Kitabı oxuyub, vərəqlədikicə bir daha anlayırıq ki, yaşadığımız və torpağını şumladığımız, bərəkətindən bəhrələnən, hər guşəsini istədiyimiz qədər ziyarət edə bildiyimiz üçün, şəhidlərimizə borcluyuq. Mənfur düşmənin həmlələri qarşısında namusunu, torpağını, dinini, azadlığını heçə endirmək istəməyən şir ürəkli aslan əsgərlərimiz çox döyüşlərdə döyüşüb, canları bahasına bu torpaqları qoruyublar.
Kitabda şəhidin döyüş yolu, dostların, müəllimlərinin, əzizlərinin xatirələri çox incəliklə qələmə alınıb.

Cəbhəyə yollandın ən çətin anda,
Qeyrətin, hünərin coşurdu canda,
Yurd eşqi axırdı damarda, qanda,
Sən ev vətən oğlu, qəhrəman Rəvan.

III TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI

Nazlı xanım 18 kitab müəllifidir, 2004-cü ildən etibarən AYB-nin üzvüdür. Bir neçə şeir müsabiqələrinin qalibidir. “Azad Qələm” qəzetinin redaktorudur. “Rəvanın şəhidlik zirvəsi” kitabının redaktoru isə, yuxarıda haqqında söhbət açdığımız ziyalımız Nəcibə İlkindi. Texniki redaktor Hüseyn Məmmədovdur.
Nəcibə İlkinin kitab haqqında yazdığı təqdimatdan bir neçə cümlə oxuyuruq:
“Nazlı xanım şəhid Rəvanın ailəsi ilə görüşlərdən aldığı təəssürfatları çox gözəl şəkildə qələmə alıb. Anası Samirə xanımın şəhid balasına olan sevgisini, gördüyü yuxularını, danışdığı xatirələrini yüksək şəkildə qələmə almaqla bərabər, gözəl də nəzmə çəkib.



Atası İntiqam bəyin, qardaş və bacılarının , müəllimlərinin, döyüş yoldaşının Rəvan haqqında söylədikləri hər bir kəlmə ona olan sevgilərin təzahürüdür. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarmız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Vətən sadəcə bir torpaq parçası deyil, millətin namusu, qüruru, ana qucağıdır. Azadlıq bir sözlə hər şeydir. Vətən bir xalqın, onun şəhidlərinin, qazilərinin müqəddəs torpağıdır, qanımızın axdığı yerdir. Məhz bu mənada şəhidlərin yazdığı qəhrəmanlıq tarixini biz də kitabların yadaşlarına köçürür, gələcək nəsillərə ərmağan edirik.

Nazlı Hacılının “Rəvanın şəhidlik zirvəsi” adlı bu kitabı da şəhid Rəvanın ömür taleyndən bəhs edir. O ömür ki, az yaşamaqla böyük bir tarix yazdı. Bu kitabı nəinki Rəvanın yaşıdlarına, hər bir gəncə onun vətən sevgisini aşılamaqla vətəni necə sevməyin yollarını öyrədir. Bəli, adını tarixə zərlə yazan şəhid Rəvan hər birimizin fəxri olmaqla, vətən övladı kimi əziz və sevimlidir. Allah Rəvanın anası Samirə xanıma, atası İntiqam bəyə və doğma bacı-qardaşlarına, əzizlrinə səbr versin.
Rəvanın ruhu şad, məkanı cənnət olsun. Allah şəhdlərimizə rəhmət eləsin”

Mayisə ƏSƏDULLAQIZI
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyinin üzvü

III TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI