DƏRİN ZƏKA SAHİBİ

edebiyyat
15-03-2024, 21:59 809
DƏRİN ZƏKA SAHİBİ Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir.
Uzun illər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifələrdə ləyaqətlə işləmiş dövlət qulluqçusu təqaüdçüsü, Qarabağ müharibəsi veteranı , AYB- nin və AJB- nin üzvü, 2500 dən çox elmi, iqtisadi ədəbi- bədii, publisistik məqalələrin , 10- a yaxın elmi kitabın (monoqrafiya, vəsait və s.)müəllifi, baytarlıq elmlər namizədi Əhməd Bəşir oğlu Əsədov 2024 -ü ilin mart ayının 13- də haqq dünyasına qovuşmuşdur.

Əhməd Əsədov 1942 - ci ilin may ayının 9 -da Qubadlı rayonunun Qaralar kəndində ziyalı ailəsində anadan olmuşdur.Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakıya gəlmiş və qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Memarlıq və İnşaat institutuna daxil olmuşdur.
3 - cü kursda o yenidən imtahan verərək Kənd Təsərrüfatı İnstitunun baytarlıq fakültəsinə qəbul olunmuş və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirmişdir.
Ensiklopedik biliyə malik olan Əhməd Əsədov doğulduğu rayonda təhsil almış həmyerlilərini riyaziyyat və digər fənlərdən mükəmməl hazırlaşdıraraq 25 nəfərdən çox məzunun institutlara qəbul olunmasında əməyi olmuşdur.


10 il Respublikanın baş baytar həkimi vəzifəsində çalışmış və Nazirliyin Baş Heyvandarlıq İdarəsinin rəisi vəzifəsində isə uzun illər şərəflə işləmişdir.
Heyvandarlıq sahəsinin inkişaf etdirilməsində öz ixtisasının gözəl bilicisi olan Əhməd Əsədovun təmənnasız xidmətləri böyük olmuşdur.
Ulu öndər Heydər Əliyev Əhməd Əsədovu şəxsən tanıyır, onun heyvandarlıq sahəsində xidmətlərini yüksək qiymətləndirirdi.
Dəfələrlə fəxri diplom və digər mükafatlarla təltif olunmuşdur.

" Tərəqqi" medalına layiq görülmüş Əhməd Əsədovun dövri mətbuatda , xüsusilə dövlət qəzetlərində 2500 - dən çox iqtisadi, siyasi, elmi, ədəbi, bədii məzmunlu məqalələri, tövsiyyələri çap olunmuşdur.
10 dan çox kitabın ( monoqrafiya və iqtisadiyyata aid kitabların) müəllifi idi.
Qızıl qələm və bir çox media mükafatlarına layiq görülmüşdür.
Dəqiq elmlərlə yanaşı, humanitar elmləri də gözəl bilirdi.

Bir neçə illər Kənd Təsərrüfatı İnstitutunda ( indiki Aqrar univetsitetində) imtahan komissiyasının sədri seçilmiş və ədalətli qərarları ilə neçə - neçə bilikli məzunların oxumasına, elm sahibi olmasına köməklik etmişdir.
" Həkəri" qəzetində baş redaktorun birinci müavini vəzifəsində işləyərkən dəyərli məsləhətləri ilə qəzetimizin çap olunmasında , yayılmasında və təbliğində böyük əməyi olmuşdur.
Poeziya vurğunu idi. Qeyri adi qabiliyyət sahibi idi.
Doğma ana dilindən başqa bir neçə dildə sərbəst danışırdı.
Birinci Vətən müharibəsi illərində Əhməd müəllimin fəaliyyəti xüsusilə təqdirəlayiq olmuşdur.
General Məhəmməd Əsədovla, Zülfü Hacıyevlə, Yasif Nəsirli ilə və digər dövlət adamları ilə birlikdə Ağdamda yerləşən qərargahın üzvü olaraq Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirmişlər.

Cəbhə bölgələrində dəfələrlə ölümlə üz- üzə gəlsə də Əhməd Əsədov öz əqidəsindən dönməmişdir.
El- obamızın xeyir və hüzn məclislərində fəal iştirak edən Əhməd Əsədov dosta sədaqətli, ağırtaxtalı ,mərd kişilərdən idi.

Hələ " Respublika" qəzetində işlədiyim illərdə Kənd Təsərrüfatı Nazirliyinə gedərkən Əhməd Əsədov bizi mehriban qarşılayar və ona vaxtilə təqdim etdiyim kitabları masasının üzərində saxlayaraq iş yoldaşlarına məni yüksək səviyyədə təqdim edərdi.
Son dərəcə qayğıkeş , rəhimli insan idi.Maraqlı və aktual məqalələri ilə imzası qəzetimizi daha da şərafətləndirərdi.
Çap olunan hər cümləni oxuyaraq fikir bildirərdi.
Qəzetimizdə qaçqın, köçkün həyatından silsilə yazılar dərc etdirərdik.Hətta bir dəfə bəzi yoldaşlar Həkəri qəzetinin üz qabığında Xalq qəhrəmanı Qaçaq Nəbinin şəklini dəyişməyi məsləhət görərkən Əhməd müəllim əsəbləşərək qəti etirazını bildirmiş və məni müdafiə edərək demişdir; Qaçaq Nəbi nəinki Qubadlının, eyni zamanda türk dünyasının qəhrəmanıdır.Qəti olmaz.
Əsədli imzasıyla məqalələr dərc etdirən eloğlumuz doğma yurduna qayıtmaq arzusuyla yaşayırdı.
44 günlük Vətən müharibəsində ordumuzun qələbəsi Əhməd müəllimi sonsuz dərəcədə sevindirmişdir.
Doğma Qaralar kəndinin düşmən tapdağından azad olunma xəbərini mənimlə bölüşərkən Əhməd müəllimin sevinc göz yaşlarının şahidi olmuşdum.
Geniş dünya görüşünə , erudisiyaya malik Əhməd Əsədov ədəbiyyat,siyasət, iqtisadiyyat , təbiət elmlərini bir- birindən gözəl bilirdi.

Əhməd müəllim canlı ensiklopediya idi.

Dünyanın hansı ölkəsi haqqında söhbət edərkən həmin dövlətin ərazisini, əhalisinin sayını, paytaxtını və digər məlumatları əzbərdən söyləyərdi.
Öz işinə qarşı çox məsuliyyətli, sözübütöv və dürüst insan idi. Dosta sədaqətli , təəssübkeş ziyalılardan idi. Paxıllıqdan uzaq , xeyirxah insan idi.
Ömür- gün yoldaşı, ali təhsilli təcrübəli müəllimə Sima xanımla birlikdə vətənpərvər övladlar böyüdüb boya- başa çatdırmışdılar.
Şəkər deyilən xəstəlik ondan əl çəkmədi.Uzun illər müalicə olunsa da ağrılarını kimsəyə hiss etdirmirdi.
Amansız ölüm mart ayının 13 də onu da haqladı.Haqq dünyasına qovuşdu.Hər kəs vaxt vədə yetişəndə torpağa qovuşacaqdır.Əhməd Əsədov da şərəfli ömür sürərək Allahın dərgahına qovuşdu.
Mən inanıram ki, Əhməd müəllimin övladları onun maraqlı və aktual məqalələrini, əlyazmalarını toplayaraq çap etdirəcək və gələcək nəsillərə yadigar saxlayacaqlar.
Əhməd müəllim cismən bizdən ayrılsa da, ruhu asimana ucaldı.

Görkəmli şəxsiyyət, elm fədaisi olan Əhməd Bəşir oğlu Əsədovun əziz xatirəsi doğmalarının, dostlarının qəlbində əbədi yaşayacaq və hər zaman ehtiramla yad ediləcəkdir.
Allah rəhmət eləsin


Rauf İLYASOĞLU,
"Həkəri" qəzetinin baş redaktoru.


DƏRİN ZƏKA SAHİBİ