Böyük hərbi əməliyyat başladı - FOTO

dunya
13-08-2015, 12:05 918
Böyük hərbi əməliyyat başladı - FOTO Türkiyə və ABŞ ordusu İŞİD terror qruplaşmasını məhv etməyə davam edir. İŞİD-lə mübarizə üçün əldə olunan razılıq əsasında İncirlik hərbi bazasından istifadə etmək hüququ qazanan ABŞ terrorçu qruplaşmaya qarşı böyük əməliyyata başlıyıb.
Bu haqda ABŞ ordusunun yüksək vəzifəli zabiti Reuters xəbər agentliyinə deyib. Pentaqon sözcüsü Elissa Smit bu gündən etibarən ABŞ ordusunun İncirllik hərbi bazasından pilotlu təyyarələrlə terror təşkilatını bombalayacağını açıqlayıb.
Bundan əvvəl ABŞ ordusu pilotsuz təyyarələrlə İŞİD mövqelərini bombalayırdı. Avqustun 6-da ABŞ Türkiyənin cənubundakı İncirlik hərbi bazasından İŞİD terror qruplaşmasına ilk zərbələri endirib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu TRT kanalına müsahibəsində bildirib ki, ölkə ABŞ liderliyindəki koalisiya ilə birlikdə İŞİD terror qruplaşmasına qarşı hərtərəfli döyüşə başlayacaq. Suriya isə bildirir ki, Dəməşqlə razılaşdırılmamış hər hansı hərbi əməliyyat ölkənin suverenliyini pozacaq.
Ötən ay Türkiyə hakimiyyəti ABŞ-a ölkə ərazisində İŞİD terror qruplaşmasının mövqelərinə zərbələrin vurulması üçün aviasiyadan istifadə etməyə icazə verib. Bu haqda "The Wall Street Journal" Amerika qəzetinin elektron versiyası bildirib. Nəşrin Pentaqondan olan mənbələri iddia edirlər ki, çoxaylıq danışıqlardan sonra Türkiyə ABŞ hərbçilərinə Suriya ilə sərhədə yaxın ABŞ hərbi bazasından İŞİD döyüşçülərinə havadan zərbələr vurmağa icazə verməyə razılaşıb. Söhbət həm təyyarələr, həm də pilotsuz təyyarələrdən gedir.
Türkiyə Adana vilayətinin İncirlik rayonunda yerləşən eyni adlı hərbi baza İŞİD-lə mübarizə aparan koalisiya qüvvələrinin istifadəsi üçün açılıb. Əsas hədəf İŞİD və Əl-Nüsra kimi radikal terror qruplaşmaları olacaq. Ehtiyac olacağı təqdirdə ABŞ və koalisiya qüvvələrinə məxsus İncirlik bazasından qalxan qırıcılar Türkiyə hava sahəsindən keçərək İraq və ya Suriyaya keçə biləcək. Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında baş tutmuş telefon danışığı zamanı bu məsələnin müzakirə olunduğu bildirilir.