Universitetlərdə dövlət imtahanlarının LƏĞVİ: “Yüksəkixtisaslı kadrlar yetişdirmək istəyiriksə...”

tehsil
29-02-2024, 11:50 696
Universitetlərdə dövlət imtahanlarının LƏĞVİ: “Yüksəkixtisaslı kadrlar yetişdirmək istəyiriksə...” “Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğv olunması tələbələri semestr imtahanlarında daha yaxşı nəticələr əldə etməyə yönəldəcək”.










Bunu təhsil eksperti Elçin Əfəndi Yeniçağ.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ümumi diplom işinin yazılması və praktikanın vacib olduğu ixtisaslarda dövlət imtahanı, yaxud diplom müdafiəsi keçirilə bilər:
“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu il ali təhsil müəssisələrini bitirən tələbələr dövlət imtahanı verməyəcəklər. Başqa sözlə, 2020-ci ildə universitetə qəbul olan tələbələrin 70-75 faizi dövlət imtahanında iştirak etməyəcək. Onlar diplomlarını semestrlər ərzində əldə etdikləri ümumi ortalama göstərici əsasında alacaqlar.
Lakin ümumi diplom işinin yazılması və praktikanın vacib olduğu ixtisaslarda dövlət imtahanı, yaxud diplom müdafiəsi keçirilə bilər. Düşünürəm ki, dövlət imtahanlarının ləğvi müsbət haldır. Onsuz da, tələbələrə dörd il ərzində hər semestr ümumi bilik və bacarıqları götürdükləri kreditlər üzrə yoxlanılıb müəyyən qiymətlər yazılırdı. Belə bir qərarın qəbulu tələbələri semestr imtahanlarında daha yaxşı nəticələr əldə etməyə yönəldəcək.
Fikrimcə, dövlət imtahanının ləğvi semestr imtahanlarının çətinlik səviyyəsinə də təsir göstərəcək. Hər zaman bildiririk ki, universitetə qəbul asanlaşmalıdırsa, bunun qarşılığı olaraq, ali təhsil müəssisəsini bitirmək çətinləşməlidir. Biz cəmiyyət üçün yararlı, yüksəkixtisaslı kadrlar yetişdirmək istəyiriksə, imtahanların çətinləşməsi, təbii ki, gözləniləndir”.