ŞƏFİQƏ XANIMIN ÖMÜR YOLU

tehsil
9-10-2023, 12:32 1448
ŞƏFİQƏ XANIMIN ÖMÜR YOLU Deyirlər ki, bəşər tarixində ilk dəfə qədim yunan filosofu Aristotelə xitabən müəllim deyə müraciət ediblər. Aristoteldən sonra cəsarət edib heç kəsin adının əvvəlində və ya sonunda müəllim kəlməsini yazmayıblar. Yalnız Şərqdə türk mənşəli, Orta Asiya türkü, dahi filosof, 70-ə qədər dil bilən Əli-Nəsr əl Fərabini ikinci müəllim adlandırıblar.

Belələrindən biri də istər orta məktəbdə, istər ali məktəbdə, istərsə də başqa təhsil müəssisələrində fəaliyyət göstərdiyi müddətdə tələbələrinin, şagirdlərinin, müəllim kollektivinin, eləcə də, elin-obanın, xalqın dərin məhəbbətini qazanıb ürəklərdə yer tutan şəxslərdən Şəfiqə xanım Tahirovanın adını hörmətlə çəkməliyik.
Şəfiqə xanım 1962-ci ilin 12 sentyabrında axarlı-baxarlı, dağlar qoynunda yerləşən, əsrarəngiz təbiətə malik olan İsmayıllı rayonunun Mollaisaqlı kəndində dünyaya göz açmışdır. Orta məktəbi öz doğma kəndində bitirmişdir. 1981-1986-cı illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunun rus dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. Təhsil aldığı illərdə öz savadı, elmi, hazırcavablığı, mehribanlığı, sadəliyi ilə bütün tələbə yoldaşlarının, müəllimlərinin sevimlisinə çevrilmişdir. O illəri Şəfiqə xanım belə xatırlayır və nəvələrinə necə də şirin bir xatirə kimi nəql edir:
- Əzizlərim, onu bilin ki, ömrün unudulmaz, yaddan silinməz anları çoxdur, lap çox. Acılı-şirinli xatirələr həmişə bizə yoldaş, həmdəm olub. Sevə-sevə xoş xatirə kimi qəlbimizdə yaşatdığımız tələbəlik illəri... Onu xatirladıqca ürək hərarətlə döyünür, gah könül pərvazlanır - uzaq illərin əziz xatirəsi ilə, gah da sinə gizildəyir.
Tələbəlik illəri... Eh, qayğılarla, nəvazişlərlə, yuxusuz gecələrlə, minbir həyəcanla dolu olan illər, gümüşü saçlı müəllimlərin atalıq qayğısı, hərəsi bir kənddən, şəhərdən gəlmiş tələbələrin ilk tanışlığı, sevinc dünyası, küsüb-barışması. Siz necə də unudulmazsınız, sevimli tələbəlik illərimiz!... Son zəng də qu quşu kimi son «nəğməsini» oxuyub susdu. Bizi o illərdən - tələbəlik illərindən ayırdı.
Şəfiqə xanım sonra nəvələrinə nəql edir ki, institutu qurtarandan sonra ata və ananızın doğma kəndində - yəni Mollaisaqlıda düz 4 il - 1986-cı ildən 1990-cı ilədək dərs dedim... O, 4 il ərzində həm təhsil verdiyi, elm öyrətdiyi şagirdlərinin, həm də doğma kəndinin adamlarının hüsn-rəğbətini qazandı, onların ən əziz, sevilən bir şəxsi oldu. Çünki o, yaxşı bilirdi ki, məktəb elmin beşiyidir. "Ömrünü xalqının mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar dünyanın bəzəyidir" (Məhəmməd Yusif Axundzadə). "Ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir" (O.Balzak).
Şəfiqə xanımın elmi işə, yaradıcılığa olan həvəsi onun 1991-ci ildə Bakıya gəlməsinə, tədqiqat işi aparmasına, gələcəyin nüfuzlu alimi olmasına zəmin yaratdı. 1991-1996-cı illərdə Bakının bir çox orta məktəblərində, Taxçıvan, Beynəlxalq, Bakı Dövlət Universitetində pedaqogika fənni üzrə tələbələrinə mühazirə oxudu, seminar məşğələsi apardı.

2009-cu ildən hazırkı vaxta qədər Azərbaycan Dillər Universitetində pedaqoji fəaliyyətini davam etdirir. Pedaqogika üzrə fəlsəfə doktorudur. Hazırda Bakı Slavyan Universitetinin elmlər doktoru proqramı üzrə doktorantıdır. Respublikamızda və xarici ölkələrdə doktorluq mövzusu ilə bağlı maraqlı, sanballı elmi məqalələri dərc olunmuş aə bu yazılara mütəxəssislər yüksək dəyər vermişlər.

Onun tədqiqatlarında bəşər övladı üçün nəcib xüsusiyyətlərdən biri olan halallıq mövzusu xüsusi yer tutur. O, bu mövzuda "Kitabi-Dədə Qorqud" dastanlarında halallıq tərbiyəsi, "Nizami yaradıcılığında halallıq tərbiyəsi", "Halallıq tərbiyəsinin əsas meyarları" adlı onlarla məqaləni qəzet və jurnallarda, kitablarda çap etdirmişdir. Müxtəlif elm ocaqlarında keçirilən möhtəşəm konfranslarda bu mövzuda maraqlı, alimlərin diqqətini cəlb edən, yaddaqalan məruzələr söyləmişdir. Elə bu işgüzarlığına, fəaliyyətinə görə müxtəlif ali məktəblərin, Təhsil Nazirliyinin (təkcə Azərbaycanda deyil, müxtəlif ölkələrin ali məktəb və Nazirliklərinin) sertifikatını almışdır.
Şəfiqə xanım həm də neçə illərdir ki, respublikamızda çox oxunaqlı olan, oxucuların daim maraqla qarşıladığı "Milli irs" adlı jurnalın redaktorudur. Onun dövrün nəbzini tutan bir-birindən maraqlı məqalələri geniş oxucu kütləsi tərəfindən təbərrik kimi qəbul edilir. Oxucu təbəqəsi alimin fitri istedadına, zəkasına heyran olurlar.
Təsadüfi deyil ki, böyük filosof N.Tusi deyirdi ki, o adam ki, bilir və biliyi ilə başqalarını heyran edir, o, alimdir, ona ehtiram edin. N.Tusinin bu fikri də, eləcə də, Həzrəti Əlinin aşağıdakı kəlamı da sözün həqiqi mənasında Şəfiqə xanıma şamil edilə bilər: "Hər insanın dəyəri onun elmi, biliyi qədərdir və xalqa verdiyi xeyirlə ölçülür". O, xalqın sevimli bəndəsidir. Tələbələr də, müəllimlər də, elmi ictimaiyyət də ona böyük ehtiram göstərir. Belə bir fikir vardır ki, Allahın sevimlisi olmaq üçün xalqın sevimlisi olmalısan. Şəfiqə xanımın xalq adamı olduğunu o cür təsdiqləmək olar ki, bir neçə il bundan qabaq "XXI əsr Azərbaycan ziyalıları Beynəlxalq Layihəsinin" qalibi olmuş, "XXI əsrin tanınmış ziyalısı" diplomuna layiq görülmüşdür. Eyni zamanda, 9 fevral 2022-ci ildə Azərbaycan Respublmkasının Milli Məclisinə 86 saylı İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd olmuşdur. Onun insani keyfiyyətlərini sadalamaqla bitib-tükənmir. Şəfiqə xanıma hansı aspektdən yanaşsaq onun böyüklüyünü görərik. O, qayğıkeş ana, qayğıkeş həyat yoldaşı, nümunəvi alim-müəllim, mehriban, sevimli nənədir. Olduqca sadə insandır. Sadə insanı, təvazökar şəxsi hamı sevir. Səməd Vurğun demişkən:

Sadə yaratmışdır məni təbiət,
Sadəni sevərlər, belədir əlbət.


Azərbaycan xanımına xas olan mərifət, həya, qonaqpərvərlik kimi ən ali hislərin sahibidir Şəfiqə xanım. O, bütün tələbələrini öz doğma balası qədər sevir, qayğılarına qalır. O, Azərbaycan qadınının bariz nümunəsidir. Yenə Səməd Vurğun demişkən:

Adın şərəflidir sənin, ey qadın,
Dahilər anası çağrılır adın.


Tanrı onu yaxşılıq etmək, insanlara əl tutmaqdan ötrü yaratmışdır. Çünki cənab Əli buyururdu ki, hər bir insanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür. Tələbələri, tanıdığı şəxslər ona xeyirxahlığını, yaxşılıqlarını xatırlayanda o, dahi Nizamidən bir beyt söyləyir:

Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana.


Ardınca söyləyir ki, bütün sevinclərin mərkəzində yaxşılıq durur. Yaxşılıq insanı saf ürəkli, mərd və xoşbəxt insana çevirir. Yaxşılıq insanın balaca dünyasının Günəşidir. Yaxşılıq hər şeydən üstündür. O, görkəmli alimimiz Xudu Məmmədovdan da həmişə bir hikmətamiz misal çəkir: “Yaxşılıq elmdir”.
Bu yaxınlarda bir alim həmkarı kimi ondan müsahibə alır, qarşıdakı yubileyini təbrik edirdim. O, söylədi ki, müəllim peşəsinin adamları dünyada ən xoşbəxt insanlardır. Ona görə xoşbəxtdirlər ki, elm, bilik, ədəb, ərkan, mədəniyyət, səmimiyyət dərsi verirlər. Doğma Vətənimiz üçün layiqli vətəndaşlar tərbiyə edib yetişdirirlər. O, dedi ki, Tahir müəllim, məlumunuz olsun ki, keçən əsrin əvvəllərində məktəblərin, təhsil müəssisələrinin barmaqla göstərilən vaxtında xalqımızın, eləcə də mənim iftixar edəcəyim maarifçi qadınlar olmuşdur. Onlardan Şəfiqə Axundzadə, Mədinə Qiyasbəyli, Sara Vəzirova, Ayna Sultanova, Ceyran Bayramova, Məryəm Bayraməliyeva mənim ideallarımdır. Yadında saxla, Atatürk deyib ki, müəllim bir şama bənzəyir, özünü əridir, başqalarına işıq verir. Həmin qadınlar da millətimizin gələcəyi naminə özlərini şam kimi əridiblər.
Mən də Şəfiqə xanıma belə cavab verdim:

Çıraq ol, nurunu artır günbəgün,
Hər yerdə həyatın boğ zülmətini.
Məncə çıraq olub başqalarıyçün
Yananlar tapıbdır səadətini.


Sonda xeyirxah əməlləri, səmimi münasibəti, vicdani təmizliyi, daxili paklığı, diqqətli davranışı, qayğıkeş rəftarı ilə tələbələrinin, müəllim kollektivinin, eləcə də xalqımızın qəlbində xüsusi yer tutan Şəfiqə xanım Tahirovaya elmi-pedaqoji fəaliyyətində, şəxsi həyatında uğurlar arzulayıram. Qoy bundan sonra da həyatınızın normasına çevirdiyiniz sadəlik, kamillik, düzlük, halallıq, bütün uğurlar sizinlə olsun! Qoy ömrünüzə gələn bu yeni yaş Azərbaycan Respublikasına, sizi sevənlərə, ailənizə böyük sevinc, xoşbəxtlik və uğur gətirsin!
Sözümü bir bəndlik şeirlə bitirirəm:

Bacım, qəbul elə təbriklərimi,
Sənin altmış yaşın mübarək olsun!
Kədər yol tapmasın qəlbinə heç vaxt,
Ömrünün yolları gül-çiçək olsun!

Tahir Şirvanlı,
Filologiya üzrə fəlsəfə doktoru

ŞƏFİQƏ XANIMIN ÖMÜR YOLU