HİKMƏT MƏLİKZADƏ-Qazancı insanlıq olan Hüseyn müəllim qəlbcə, surətcə də əsl insandır.

edebiyyat
14-09-2023, 22:08 1720
HİKMƏT MƏLİKZADƏ-Qazancı insanlıq olan Hüseyn müəllim qəlbcə, surətcə də əsl insandır.Dəniz, sakit çağında bir cür, fırtına zamanı başqa cür görünür. Hər iki halda o, öz vücudundakı ağayanalığı qoruyur... Zənnimcə, insanlar da (bir çoxları) belədir; dəniz kimi, coşur, təlatümə gəlir, sonra da dəli hay-harayını, çılğın səs-küyünü itirmiş dağ çayı kimi sakitləşir, hətta çöhrəsinə elə bir məsumluq çökür ki, qibtə edirsən. Belələri (ilk yaranışdan)
Adəm üçün qeyrət, Həvva üçün abır-həya, örpək olublar. Allah (bəlkə də) dünyanı belələrinə görə (hələ) dağıtmır...

30 ildən çoxdur "Azərbaycan" nəşriyyatındayam. 30 ildən çoxdur bu ocaqda əllərimi isidir, ürəyimi-könlümü qızdırır, balalarımın ruzisinu qazanıram. 30 ildən çoxdur bu ali məkanda halallıq yol yoldaşım, halal adamlar yol göstərənimdir. Və 30 ildən çoxdur mən bu məbədi öz səcdəgahım, hər gün ən azı min dəfə ziyarət etdiyim pirim, Məşhədim, Kərbəlam və Həccim hesab edirəm. Eh, bu illər ərzində kimlərlə təmas qurmamışam, kimləri qarşılayıb, kimləri yola salmamışam... Bu acı-şirin, dadlı-dadsız, sakit və coşqun illər məni (bəlkə də) min illərin cövhərinə büküb və (bəlkə də) məndən min illərin gücünü alıb. Ancaq məni gözü-könlü tox, nəfsdən uzaq insanlara da tuş edib. Məsələn, sakit, lakin təlatümlü baxışları olan İsa Hüseynov, bütün günü lal surətlə vücudunu pərişan çırpıntılara yük edən Məmməd Araz, hər dəf gur ağ saçlarına əl aparanda min ağrı-acı çəkən Bəxtiyar Vahabzadə, "səndə Füzuli ruhu var" deyib gözlərimin dərinliklərində Şirvan çaları axtaran Zəlimxan Yaqub, "Allah imkan versin, sənə bir dədəlik eləyim" deyən və hər dəfə də qarşılaşanda dərindən köks ötürən Şahmar Əkbərzadə, ustadım, həlim duyğularında sərt yellər əsən Zahid Sarıtorpaq və daha kimlər sənət çırağımın işığını artırdılar, mənə yaxşı və pisin hansı çəkidə olduğunu öyrətdilər. Bu sanballa mən kimin kim olduğunu bildim, elələrinə rast gəldim ki, min dəfə yaxşılıq edib bir dəfə işinə yarımayanda az qaldılar (mənə) düşmən kəsilsinlər, ancaq hərəni öz adı ilə çağırmadım; abrım, həyam, (bəlli ki,) soy-kökdən gələn utancaqlıq çiyinlərimdəki yükü artırdı. Çoxları səmimiyyətimdən istifadə etdi, elə bildilər, anlamıram...
Nə isə. Yaxşı ki, az-az çörək tapdığım nəşriyyat (bu gün də) halal insanlardan xali deyil... O halal-ümmət, o dürüst insanlardan biri illər əvvəl necə görmüşdümsə bu gün də eləcə - dəyişməz gördüyüm yazıçı-publisist, "Bütöv Azərbaycan" qəzetinin əməkdaşı Hüseyn İsa oğlu Məmmədovdur. Mən onu (təxminən) 10 ildir tanıyıram (ancaq beş ildir tanışıq). Nə qədər ki, ondan uzaq əhatədə idim, onu öz hücrəsində - öz sanbalında görürdüm. Hərdən salam belə verməyə cəsarət etmirdim. Ona görə yox ki, o, (bir az) qaraqabaq idi, ona görə ki, o, əhatəsindən kölgə (belə) keçəndə çöhrəsindəki abır-həyadan qızarırdı. Mənim bu pak, bu saf və bu məsum Obrazın vücudunda gəzdirdiyi sakit və utancaq duyğuları hürkütməyə haqqım çatmırdı.

HİKMƏT MƏLİKZADƏ-Qazancı insanlıq olan Hüseyn müəllim qəlbcə, surətcə də əsl insandır.Tale elə gətirdi ki, mən onunla yaxından tanış oldum. O, mənə ürək açdı. Müşahidələrim məni yanıltmamışdı. Hüseyn müəllim 10 il əvvəl gördüyüm insan idi. Nöqsan, qüsur sarıdan bərk hirslənəndə də, yazda su bolluğundan daşan çay kimi kükrəyəndə də, kövrək, isti baxışları öz qış sərtliyi ilə donduranda da onu dəyişməz, halal, həyalı, ismətli gördüm. Açığı, bu sadə, lakin mənən çox uca insanın ürəyi çox təmizdir (az-çox yanlış nə varsa, dilindədir), hirsi-əsəbi payız küləyi kimidir, on dəqiqədən sonra soyuyur. Hətta o qədər insan adamdır ki, günahı üzündən qəlbini qırdığı adamdan üzr də istəyir, onu yenidən əvvəlki havada uçurur. Allah şahiddir, o, 10 il əvvəlki abırlı surətini, işıqlı çöhrəsini, əsl insan qürurunu, ağayanalığını qoruya bilib (belə bir əzm hər insana müyəssər olmur).

Hüseyn müəllim peşəkar qələm adamıdır. O da (mənim kimi) çörəyini "Azərbaycan" nəşriyyatında axtarıb, orada ömrünü xərcləyir. Az-çox uğurları var. Əsas müvəffəqiyyəti insanlıqdır - çoxlarında olmayan lütfkarlıq.

Hərdən (çox nadir hallarda) elə insanlara rast gəlirəm ki, insandan daha çox mələyə bənzəyir (eynən həzrəti Yusif kimi). Tam səmimiyyətimlə deyirəm, Hüseyn müəllim də o insanlardandır. Gədəbəy öz saf havası, təmiz suyu ilə onu əsl dağ insanı kimi yetişdirib və nə yaxşı ki, yönünü bizə sarı tuş edib.
Tam səmimi deyirəm, Hüseyn müəllim adamı pərişan notlara bükür, acı sızıltılara qərq edir, ancaq alçaltmır, onun insan qüruruna toxunmur, nə edirsə, ehtiyatla, inkişafı naminə edir. Belə bir insanın ətrafında, əhatəsində olmaq özü bir xoşbəxtlikdir. Mən bu xoşbəxtliyi demək olar ki, hər gün yaşayıram.

Allah sizi qorusun, Hüseyn müəllim! Nə yaxşı ki, varsınız!