Tanınmış onkoloqları Azərbaycana gəlir

sehiyye
11-09-2015, 10:10 1009
Tanınmış onkoloqları Azərbaycana gəlir Gəncədəki Heydər Əliyev Mərkəzində bu sahədə elmi-praktik konfrans keçiriləcək
Sentyabrın 27-də dünyanın tanınmış onkoloqları Gəncədəki Heydər Əliyev Mərkəzinə toplaşacaqlar.
Gəncə şəhər səhiyyə idarəsinin rəisi, tanınmış onkoloq-cərrah, tibb elmləri doktoru, professor Əlikram Məmmədovun verdiyi məlumata görə, bədxassəli şişlərin profilaktikası, erkən diaqnostikası və müasir müalicə üsullarının təkmilləşdirilməsi müasir təbabətin qarşısında duran aktual problemlərdən biri olaraq qalmaqdadır. Bu baxımdan, Gəncə şəhərində keçirilməsi planlaşdırılan beynəlxalq elmi-praktik konfrans təbabətin müxtəlif sahələrində çalışan elmi tədqiqatçılar və praktiki həkimlər, xüsusən də onkoloqlar üçün olduqca faydalı olacaqdır.
Azərbaycan və Avropanın bu sahədə aparıcı mütəxəssislərinin iştirak edəcəyi elmi-praktik konfransda uşaq onkologiyasının, baş və boyun nahiyəsinin, sidik-cinsiyyət sisteminin, qadın cinsiyyət üzvlərinin kolorektar nahiyənin bədxassəli şişlərinin, eləcə də süd vəzisi xərçənginin müalicəsi və rekonstruktiv cərrahiyyəsinə həsr olunmuş məruzələr dinləniləcək.
Bundan başqa konfrans iştirakçılarının əldə etdikləri son nailiyyətləri barədə qarşılıqlı fikir mübadiləsi aparılacaqdır ki, bu da gələcəkdə həmin mütəxəssislərin bir-biri ilə sıx elmi və praktik əlaqələr qurmasına imkan yaradacaq. Söz yox ki, belə bir mötəbər tədbirin Gəncədə keçirilməsi ölkə başçısının bölgələrdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi daha bir töhfə verəcək, onkoloji xidmət keyfiyyətinin daha da yaxşılaşdırılmasına imkan yaradacaq.