Əjdər Olun yeni kitabı çıxdı: “Canlı lətifələr, əhvalatlar, deyimlər”

yazarlar
13-08-2015, 10:31 1312
Əjdər Olun yeni kitabı çıxdı: “Canlı lətifələr, əhvalatlar, deyimlər” Yazıçı Əjdər Olun “Canlı lətifələr, əhvalatlar, deyimlər” adlı kitabı (“Qanun” nəşriyyatı) çıxıb.
Müəllif əvvəl yalnız yazıçılarla bağlı əhvalatları qeydə alsa da, sonralar əhatə dairəsini genişləndirərək, sənət adamları, siyasətçilər, dövlət məmurları haqda lətifələri də toplayıb, diqqətini bu məsələyə daha çox yönəltdikcə qərara gəlib ki, sadə insanlara da yer ayırmaq lazımdır.
Əjdər Ol ağızdan-ağıza gəzən, görüşlərdə, məclislərdə, orda-burda qulağı çalan canlı lətifələri, olmuş əhvalatları, yiyəsi tanınan deyimləri əlinə düşən kağızlarda qeyd edib.
Kitab dörd bölmədən ibarətdir. Birinci bölmə “Siyasətçilər və dövlət adamları” adlanır. Bu bölmədə Məmməd Əmin Rəsulzadə, Stalin, Mircəfər Bağırov, İman Mustafayev, Heydər Əliyevlə bağlı müxtəlif əhvalat və deyimlər yer alıb.
“Yazıçılar və alimlər” adlı ikinci bölmədə 1930-cu illərdən bu yana yazıçı və şairlərin başına gələn məzəli əhvalatlar, onların verdiyi sərrast cavablar toplanıb. Bu bölmə o biri bölmələrdən daha genişdir.
Üçüncü bölmə “Sənətçilər” adlanır. Üzeyir Hacıbəyovdan tutmuş müasirlərimizə qədər bir çox sənətçilərin başına gələn maraqlı hadisələrə işıq tutulur.
“Tanış-bilişlə” adlanan dördüncü bölmədə müəllifin, dost-tanışlarının başına gələn maraqlı hadisələri toplayıb.