ŞƏMSİYYƏ XANIM - NİKBİN VƏ GÜCLÜ QADIN

gundem
24-11-2021, 17:52 869
ŞƏMSİYYƏ XANIM - NİKBİN VƏ GÜCLÜ QADINHeç bir şübhə yoxdur ki, dövr, mühit müxtəlif forma (və şəkil) aldıqca, cəmiyyətlərin əhatə dairəsi (bəlli ki,) çox dəyişib. Yanlışım yoxdursa, hərə bu səmtdə bir cür yozum edir, həyatın elə ilk andan dramatik olduğunu əsaslandırmağa çalışır. Mən də (təbii ki,) öz ədəbi-ictimai zərurətimi bu qənaətdə hasil edirəm; (yəni) həyatı anladığım tərzdə məsamələrə ayırır, hər qatda nə qədər aralığın olduğunu hesablayıram. Görəndə ki, ictimai quruluş, ehtiyac və aclıq, sonu görünməyən iztirab və məşəqqətlərlə dolu qaranlıq güzəran, hətta lirik duyğularda çağlayan acı təəssüratlar poetik-zəruri tendensiya yaradır, fikrimi dərhal fəlsəfi çalarda rəngləyirəm...

Əlbəttə, cəhalət daim boğucu missiya daşıyır, həyat da (yalnız) zəifləri əzir. Ancaq zəif sandıqlarımız (əslində) ən mətin, ən güclü insanlardır. Tam inadkarlıqla deyirəm ki, ömrünü media üçün xərcləmiş, saçlarını mətbuat cığırlarında ağartmış, alnındakı qırışları jurnalistikada "qazanmış" və illərin sınağından keçə-keçə Əməkdar jurnalist olmuş Şəmsiyyə Kərimova da sinəsində görünən acı göynərtiləri daim həyatın və taleyin ayrı-ayrı məsafələrdə qərar tutması ilə əlaqələndirib. Buna (böyük ehtimalla) içində çırpındığı ləngərlər də zəmin verir...


ŞƏMSİYYƏ XANIM - NİKBİN VƏ GÜCLÜ QADINKimdir Şəmsiyyə xanım? Qısaca olaraq deyim ki, o, hər yazısında bir həyat anı əks olunan və bu anın içində daim bir həyat sızıltısı hiss edən mətanətli, vüqarlı qadındır. Çətinlik onun üçün təkcə həyat acısı deyil, həm də mübarizlik faktıdır. O, dərdi həm də mübarizə aparmaq üçün bir vəsilə hesab edir, bir qətrə şərəfli ömür üçün məhz bir kərə şərəflə ölməyi hamıya məsləhət görür. Bu da (şübhəsiz) onun Vətən sevgisidir - azad yaşamaq haqqıdır, yaxşıya da, pisə də insan münasibətidir... Bu anlamda (şəxsən) mən onun ürək yaxan fikirlərini günümüzün xarakterlər məcmusu kimi də qəbul edirəm....
Şəmsiyyə xanım jurnalistikaya - mətbuat camesinə göydən düşməyib, nə də bu əhatədə kiminsə kölgəsində daldalanıb «mən də varam» deməyib. Körpə ikən anası öz laylalarını ona məqalə, esse, oçerk, müsahibə janrında deyib. Ağlı kəsəndə, artıq bilib ki, söz nədir və onu hansı məcraya necə salmaq olar. Yeniyetmə çağlarından əlləri qabar tutan bu çevik insan ilk məqalələrini yazanda mətbuata (yaxşı mənada) necə təsir etməyin yollarını öyrənib. Qələmindən hər dəfə dürr-inci töküb, yaşadığı dövrün həyat tərzini, məişətini, insana sevgisini əxz edə-edə barmaqları da qabar tutub. Radioda, müxtəlif qəzetlərdə çalışdığı vaxtlarda da onun içindəki sevdalar Vətənə töhfə vermək olub. Həmyaşıdları sevmək-sevilmək haqda düşünəndə, o, qələmini özünə yar sanıb, düşüncəsində sakit hücrələr yerləşdirib. İndi hansı rakursdan yanaşsaq, görərik ki, Şəmsiyyə xanımın qabarıq həyat tərzi dərdin bir ayrılıq sistemi olduğuna işarə vurur. Bəlli olur ki, arzular çox vaxt insanı istədiyi səmtə çəkmir. Elə xeyli vaxtdır fərqli təsir bağışlayan yazılarından da aydın ifadə olunur ki, həyatın insana aid etdiyi məqsəd elə bu vacib tərkibdədir. Əslinə qalsa, Şəmsiyyə xanımın sənət-peşə və həyatda çəkdiyi acılar bütün cəmiyyətlərin çəkdiyi acılardır. Lakin fərq o acını necə çəkməkdə, o ağrının odunda necə əriməkdədir. Şəmsiyyə xanım öz fədakarlığına, öz abrına qısılaraq ağır ləngərlərin, iç deşən hayqır¬tıların, göz göynədən təlatümlərin, qəlb yırtan ağrıların, tük ür¬pədən dəhşətlərin... çaxnaqlarından elə keçib ki, ancaq özünü yandırıb, fikrinə ortaq etdiyi oxucunu isə sadəcə, düşündürüb. Bax, bu, əsl yaradıcı ruhun təlatümüdür.
Şəmsiyyə Kərimova (sanki) həyatı boyu cəmiyyəti mənfi tiplərdən "təmizləməyin" yollarını axtarıb. Bu timsalda səciyyə kəsb edən ağır həyat tərzini, yüz yerindən pas atmış güzəranı və ictimai həyatı elə tərzdə yırğalayıb ki, zahirdən batinə qədər hər şey zəlzələyə mübtəla olub. Onun inandırıcı həyat qaynağı mümkün dəyərlər ifadə edib.
ŞƏMSİYYƏ XANIM - NİKBİN VƏ GÜCLÜ QADINBu prizmadan çıxış edərək deyə bilərəm ki, onun jurnalistlik fəaliyyəti öz əhatəsində qor, yanğı sezdirib, vətənə, elə-obaya ehtiram ifadə edib. O, sanki insanın, yurdun varlıq kodeksini öz duyğu orbitində axtarıb, yanğı və duyğusal düşüncələrini obrazlar aləminə atıb, bütövlükdə həyat və cəmiyyət üçün real texnoloji və mədəni zə¬min qurub, hər kəsi öz iç ağrıları ilə üz-üzə qoyub. Bütövlükdə isə bu, onun səmimi insan olmaq (ola bilmək) şansından irəli gəlir. O, bəlli ki, sevgisizlik odunda bişənləri xain adlandırmaqda haqlıdır. Çünki bir ömür qurban verdiyin kəsin bir qırıq xəyanəti hər şeyin üstündən xətt çəkir. Və (oxucu üçün) o, bütün hallarda haqlı tərəf kimi diqqət çəkib (və çəkir). Onun ən böyük uğuru da məhz budur.
Bu gün Azərbaycanın Əməkdar jurnalisti, çoxumuzun yüksək tutduğumuz "Yeni Təfəkkür" qəzetinin təsisçisi və baş redaktoru Şəmsiyyə Kərimovanın ad günüdür. Təəssüflər olsun ki, bu gözəl (və özəl) gündə onu içdən təbrik etmək gücümüz yoxdur. Ard-arda itirdikləri - qardaşı, anası və yeznəsi - əzizləri indi onun üçün bir həyat yoxluğu kəsb edir. Bütün qəlbimlə inanıram ki, Şəmsiyyə xanım nikbin və güclü qadındır. Ona görə (özümdə cəsarət tapıb) bu təbrik yazısını ona ərməğan etdim. Qəbul etsə, nə xoş mənə!

Hikmət Məlikzadə,
Şair-publisist


ŞƏMSİYYƏ XANIM - NİKBİN VƏ GÜCLÜ QADIN