44 günlük Zəfər yolunun 29-cu gününün xronikası - VİDEO

gundem
25-10-2021, 23:12 846
44 günlük Zəfər yolunun 29-cu gününün xronikası - VİDEO2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Vətən müharibəsinin 29-cu gününün xronikasını təqdim edirik:
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib. Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib. Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.
Müdafiə Nazirliyinin məlumatına əsasən, cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib. Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələri canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qalıb. Azərbaycan Ordusu düşmənin 3 tankını, 2 piyada döyüş maşınını, 6 artilleriya qurğusunu, 1 “Qiasint-B” topunu, 2 “Qrad” qurğusunu, 1 komanda idarəetmə məntəqəsini, 9 avtomobil texnikasını və bir neçə atəş nöqtəsini məhv edib. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun düşmənə qarşı yüksək dəqiqlikli silah növü tətbiq etməsi barədə video paylaşıb. Müdafiə Nazirliyi Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
Düşmənin atəş nöqtələri məhv edilib.
Ermənistan ordusu Goranboyun Meşəli kəndinə qadağan olunmuş raket atıb.
Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.

Daha ətraflı Baku TV-nin 25 oktyabr xronikasını təqdim edirik: