Bakıda yük maşını avtobusa çırpıldı: Beş ölü, çox sayda yaralı var - FOTO + YENİLƏNİR

gundem
13-10-2021, 10:11 552
Bakıda yük maşını avtobusa çırpıldı: Beş ölü, çox sayda yaralı var - FOTO + YENİLƏNİRDövlət Avtomobil Nəqliyyatı Xidməti bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Bununla bağlı DANX-ın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında yazıb.

“Daha bir qeyri-qanuni daşıma xidmətinin sürücüsünün səbəb olduğu hadisə-faciə! Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nömrəli “Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.
Yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib. Dünəndən bu cür daşımalara qarşı başlanan tədbirlərlə bağlı sosial hesablarda ünvanımıza “bir tikə çörəyi niyə kəsirsiniz” ittihamlarına qarşılıq bu hadisənin cavab olmasını heç istəməzdik... Amma fakt faktlığında qalır. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Qəza nəticəsində dünyasını dəyişən sərnişinlərin yaxınlarına səbir, xəsarət alanlara şəfa diləyirik!” - deyə o qeyd edib.

09:26

Bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Oxu.Az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başladılıb.
Hazırda istintaq davam etdirilir.

09:04

Bakıda yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 21 nəfər xəsarət alıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən, 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər 3 saylı Kliniki Şəhər Xəstəxanasına) çatdırılıb.
Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Bu barədə ətraflı məlumat veriləcək.

08:38

Bakıda yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 20 nəfər xəsarət alıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən, 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər 3 saylı Kliniki Şəhər Xəstəxanasına) çatdırılıb.

08:32

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.
Oxu.Az-ın məlumatına görə, qəzada çox sayda ağır yaralılar var. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirilib ki, prospektdə baş verən ağır hadisə zamanı ölən və yaralananlar var:
“Hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub. Polis əməkdaşları prospektdə nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbir görür. Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb olunub. İlkin ehtimala görə, yük avtomobili sürücüsü sükan arxasında yuxulu olub və hərəkət zolağından çıxıb”.

Oxu.az