Bu il ilk dəfə Azərbaycandan Vyetnama böyük həcmdə neft satılıb - FOTO

iqtisadiyyat
19-08-2021, 12:18 1128
Bu il ilk dəfə Azərbaycandan Vyetnama böyük həcmdə neft satılıb - FOTO2021-ci ilin iyul ayında Azərbaycandan 10 ölkəyə xam neft və xam neft məhsulları ixrac olunub.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal həcminə görə İtaliya, Xorvatiya və İspaniya xüsusilə seçilir.
Ümumilikdə ilin yeddi ayı ərzində ölkəmizdən 17 106 825 510 ton həcmində (7 585 824 110 dollar dəyərində) xam neft və xam neft məhsulu ixrac edilib.
Məhsulun ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz azalsa da, əldə edilən gəlir həcmi 15,6 faiz artıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dünya bazarında xam neft və neft məhsullarının dəyərinin artması ilə əlaqədardır.
Ümumi ixrac həcminə nəzər saldıqda, İtaliyaya 8 317 020 ton (3 652 875 970 dollar dəyərində), İspaniyaya 1 191 742 ton həcmində (510 500 340 dollar dəyərində), Xorvatiyaya 1 070 523 ton (497 394 440 dollar dəyərində) məhsul satılıb.
Yanvar-iyul ayları ərzində ən çox xam neft və neft məhsulu ixrac etdiyimiz 24 ölkənin siyahısı:Bu il ilk dəfə Azərbaycandan Vyetnama böyük həcmdə neft satılıb - FOTO

Təkcə iyul ayında isə Azərbaycandan ən çox İtaliyaya 1 723 228, Xorvatiyaya 527 005, İspaniyaya 325 795, İsrailə 264 895, Tunisə 188 583, Böyük Britaniyaya 173 607, Vyetnama 139 700, İndoneziyaya 118 916, Portuqaliyaya 97 199, Türkiyəyə 1 200 ton xam neft və neft məhsul satılıb.
Bu il ərzində ilk dəfə iyul ayında Azərbaycandan Vyetnama böyük həcmdə xam neft və neft məhsulları ixrac edilib. Ötən ay ərzində Azərbaycandan böyük həcmdə neft alan 14 ölkəyə - Çexiya, Fransa, İrlandiya, Avstriya, Rumıniya, Avstraliya, Rusiya, Tailand, Almaniya, Belarus, Çin, Ukrayna, Kanada və Hindistan ixrac baş tutmayıb.

Oxu.az