BİLİKLƏRİN TƏŞKİLİ

gundem
28-07-2021, 23:21 1440
BİLİKLƏRİN TƏŞKİLİDünyada kitabxanaların formalaşmasına qədər insanlar arasında biliklərin toplanması, onların şifahi şəkildə nəsildən-nəslə ötürülməsi və yazıya alınaraq sənədlərə çevrilməsi kimi mərhələli tarixi gedişat baş vermişdir. Daha sonra kitabxanaların yaranması ilə sənədləşdirilmiş, maddi formaya çevrilmiş biliklərin gələcək nəsillərə ötürülməsi mərhələsinə keçid alınmışdır.

Müasir mərhələ elektron məlumat və biliklər bazasını, informasiya ehtiyatlarını, onlarda saxlanılan sənədlərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə istifadəçiyə çatdırılmasını təmin edən informasiya xidməti sistemlərinin formalaşması ilə xarakterikdir. Ənənəvi kitabxanalarda olduğu kimi, bu sistemlərin fəaliyyətinin təmin edilməsində də əsas yerlərdən birini biliklərin təşkili texnologiyaları tutur.
Bilik - insanın özü, onu əhatə edən aləm və bu aləmin amilləri haqqında informasiya toplusudur.
Hazırkı dövrdə informasiya ehtiyatlarının, internet resurslarının formalaşmasında biliklərin təşkili, o cümlədən biliklərin təşkili vasitəsi kimi, təsnifat sistemləri məsələlərindən geniş istifadə olunur.
“Biliklərin təşkili” anlayışını elmi müstəviyə ilk dəfə olaraq 1929-cu ildə görkəmli Amerika kitabxanaşünası Henri Evelin Blis (1875-1955) tərəfindən gətirilmişdir. Henri Evelin Blis, həmçinin “Biblioqrafik təsnifat” adlandırdığı “Bliss təsnifatı” sisteminin müəllifidir. “Blis biblioqrafik təsnifatı” kitabxana təsnifatı sistemidir və 1940-1953-cü illər arasında dörd cilddə nəşr edilmişdir.
Biliklərin təşkili - lazımi zaman və məkan daxilində istifadəsi rahat və asanlıqla mümkün olan biliklərin məntiqli və sistemli formada nizamlanmasıdır. Əgər biliklər düzgün, məntiqli və sistemli şəkildə təşkil olunarsa, zərurət yarandığı təqdirdə insan minimal vaxt sərf etməklə şüurunun dərinliklərindən ona lazım olan informasiyanı yada sala və yaxud ifadə edə bilər.
Biliklərin təşkili baxımından elmlə məşğul olan hər bir şəxs elmlər sistemini, onun daxili elementləri arasında, eləcə də digər elm sahələri ilə bütün əlaqələri və münasibətlərindən ibarət biliklər məcmusunu təsəvvür etməlidir. İnformasiya xidməti sistemlərində biliklərin təşkili vasitələri (biliklər məcmusu, universumu) qismində təsnifat sistemləri çıxış edir. Təsnifat sistemlərində bu və ya digər anlayışın axtarılması vacib olan elmin strukturu məntiqi ardıcıllıqla açılır.
Məntiq elminə görə, təsnifat - hər hansı bilik, yaxud insan fəaliyyəti sahəsində tabeli anlayışlar sistemidir. Ümumiyyətlə, klassifikasiya və yaxud təsnifat - hər hansı eynicinsli nəsnələrin və ya anlayışların müəyyən ümumi əlamətlərə görə siniflərə, qruplara, bölmələrə ayrılması sistemidir.
Hazırda dünyada kitabxanaşünaslıq və informasiya elmləri sahəsində istifadə olunan çoxlu sayda təsnifat sistemləri mövcuddur. Həmin təsnifat sistemləri müxtəlif aspektlərə görə bir-birindən fərqlənsələr də, ümumi halda eyni məqsədə xidmət edirlər: informasiya xidməti sistemlərində mövcud olan ədəbiyyata dair bilikləri təşkil etmək, sistemləşdirmək və biliklər sistemini formalaşdırmaq, həmin bilikləri optimal şəkildə istifadəçilərə təqdim etmək və xidmətdə istifadəni asanlaşdırmaq.
Biliklərin təşkili nöqteyi-nəzərdən, o cümlədən təcrübi baxımdan təsnifat sistemləri təşkilati (bilikləri müəyyən qayda üzrə sistemləşdirmək), axtarış (biliklərin müxtəlif lazımi əlamətlərə görə axtarılıb tapılmasını təmin etmək), maarifləndirici (biliklər sistemi haqqında kompleks təsəvvür yaratmaq) və sairə funksiyalar yerinə yetirirlər.
Təsnifat sistemlərinə, xüsusən ümumi istifadə olunan universal xarakterli təsnifat sistemlərinə misal üçün, (1876) “Düinin Onluq Təsnifatı”nı (ing. Dewey Decimal Classification), (1895) “Universal Onluq Təsnifatı”nı (ing. Universal Decimal Classification), (1897) “Konqres Kitabxanası Təsnifat”nı (ing. Library of Congress Classification) və sairəni göstərmək olar.
Məlum olduğu kimi, informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. Və müasir dövrdə informasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından geniş istifadə olunur.
Müxtəlif tip verilənlərin eksponensial (zaman keçdikcə bir miqdar artan) şəkildə çoxaldığı bir zamanda onların emalı və saxlanması qlobal miqyas alır. İşlənməmiş (xam) verilənlərə nəzər saldıqda onların öz-özlüyündə heç bir əhəmiyyət kəsb etmədiyi meydana çıxır. Müxtəlif tipli verilənlərin müəssisəyə səmərə verməsi üçün onlardan informasiyanı əldə edib bilikləri aşkarlayaraq düzgün idarə etmək vacibdir. Bu məqsədlə 1988-ci ildə Amerika alimi Rassel Linkoln Akkof (ing. Russel Linkoln Akkoff, 1919-2009) tərəfindən, elmi ədəbiyyatda DIKW (ing. Data, İnformaton, Kowledge, Wisdom - Verilənlər, İnformasiya, Bilik, Müdriklik) piramidası kimi tanınan iyerarxik model irəli sürülmüşdür:
BİLİKLƏRİN TƏŞKİLİ
DIKW iyerarxik sxemi “verilənlər informasiyaya, informasiya biliyə, bilik isə müdrikliyə çevrilir” anlamını ehtiva edir. Dəqiq desək, DIKW modelinin birinci əsas pilləsini təşkil edən “verilənlər”ə müəyyən bir kontekst əlavə edildikdə informasiyaya, “informasiya”ya mahiyyət əlavə edildikdə biliyə, “biliy”ə bacarıq əlavə edildikdə isə “müdriklik” pilləsinə keçid yaranır (Şəkil 1).
Hal-hazırda dünyada biliklərin təşkili problemləri üzrə bir sıra beynəlxalq qurumlar fəaliyyət göstərir. Onlardan ən məşhuru “Biliklərin Təşkili Beynəlxalq Cəmiyyəti”dir. Biliklərin Təşkili Beynəlxalq Cəmiyyəti (ing. International Society for Knowledge Organization - ISKO) informasiyanın və biliklərin təşkili, strukturu, təsnifatı məsələləri ilə məşğul olan elm adamlarının peşəkar qurumudur. Bu beynəlxalq cəmiyyət 1989-cu ildə Almaniyada qurulmuşdur, 2020-ci ildən bu yana Kanadanın Toronto şəhərində fəaliyyət göstərir və UNESCO, Avropa Komissiyası və ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) kimi bir sıra beynəlxalq və milli təşkilatlarla əməkdaşlıq edir.
Qurumun vəzifəsi məlumat bazaları, kitabxanalar, soraq-məlumat nəşrləri, lüğətlər, internet və digər informasiya məsələləri üçün biliklərin təşkili haqqında əsas fikri inkişaf etdirməkdir.
Cəmiyyətin iki ayda bir dəfə “Bilikərin təşkili” adlı rəsmi akademik jurnalı nəşr olunur. Bu cəmiyyətin ilk prezidenti, Almaniyalı xanım filosof, informasiya elmi üzrə tanınmış alim Ingetraut Dahlbergin (1927-2017) təşəbbüsü ilə 1973-cü ildən nəşr olunan bu məcmuənin adı öncə “Beynəlxalq təsnifat” olmuş, 1993-cü ildən isə hal-hazırkı başlıq altında çap edilir.

2016-cı ildən bəri cəmiyyət “Biliklərin Təşkili Ensiklopediyası”nı nəşr etdirir. Həmçinin təşkilat iki ildə bir dəfə beynəlxalq konfranslar keçirir.
“Biliklərin Təşkili Beynəlxalq Cəmiyyəti”nin (2020-ci il hesabatına əsasən) 7 üzvdən ibarət İcra Heyəti və 22 üzvdən ibarət Elmi Məsləhət Şurası mövcuddur. Üzvlük iclasları iki ildən bir təşkil olunur. Bu beynəlxalq cəmiyyətin bir sıra milli və ya regional bölmələri, o cümlədən dünyanın dörd bir yanında müxtəlif elm sahələri ilə əlaqədar fəaliyyət göstərən 600-ə yaxın üzv təşkilatı vardır.

Eldəniz MƏMMƏDOV
BDU-nun və ADMİU-nun müəllimi,
tarix üzrə fəlsəfə doktoru