H.B. ZƏRDABİNİN MAARİFÇİLİK VƏ XEYRİYYƏÇİLİK FƏALİYYƏTİ

gundem
22-07-2021, 20:23 1861
H.B. ZƏRDABİNİN  MAARİFÇİLİK VƏ XEYRİYYƏÇİLİK FƏALİYYƏTİ Görkəmli mütəfəkkir, maarifçi alim, publisist və təbiətşünas Həsən bəy Zərdabi xalqın mədəni tərəqqiyə qovuşması yolunda yüksək əmək sərf etmiş, böyük fədəkarlıq göstərmişdir. O, maarif və mədəniyyət çırağının işığı ilə cəhalət və nadanlıq zülmətini yararaq, elmin nurlu sabahına aparan yolu gənclərə göstərib deyirdi: “ Ey elm təhsil edən cavanlarımız, doğrudur, bizim Vətən qardaşlarımız ilə ünsiyyət tutmaq çətindir. Qoy şüarələr sizi həcv etsin, mollalar lənət oxusun, əvamşünas daşa bassın.Siz millət üçün əziyyət çəkirsiniz.”


Təəssüf ki, həmin dövrdə təhsil alanlarımız çox az idi.Bu məsələyə toxunaraq H.B.Zərdabi yazırdı:- “İndi görək bizim məktəbxanələrdə oxuyanlar kimdir? Bizim quberniyada bircə Badikubə Gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən 250 rus, 150 erməni və 100 müsəlmandır. Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq. Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir açın gözünüzü, dünyayə tamaşa edin”.( “Əkinçi” qəzeti, 1875, N-8). Xalqın yoxsul və yetim uşaqlarının təhsili məsələsi Həsən bəy Zərdabini hər zaman düşündürürdü. Xeyirxahlıq əməlləri ilə yaşayan böyük alim-pedaqoq xalqına təmənnasız xidməti özünə ən ali məqsəd seçmişdi. O, bu nəcib əməlləri hələ erkən tərbiyə alıb böyüdüyü ailədə görüb, hiss etmişdi. Atası Səlim bəy, babası Rəhim bəy şeiri-sənəti sevən, sənət adamlarını himayə edən açıq fikirli şəxslər idi. Onun ilk müəllimi atası olmuşdur. Səlim bəy oğluna rusların Qafqaza gəlməsindən, İran şahı Nadirin Muğanda şahlığı qəbul etməsindən, babalarının şücaətindən söhbət edərmiş. Bir dəfə Səlim bəy general Paskeviçlə görüşərkən dəstə ilə məktəbə gedən erməni uşaqlarını ona göstərərək demişdi:-“Səninlə o zaman hesablaşacağıq ki, bizim uşaqlarda həmin şagirdlərin sırasında olsunlar”.Vətənpərvər kimi yetişən H.B.Vəzirov mənsub olduğu millətin taleyi ilə bağlı eşitdiyi söhbətlər, onun zehnini hələ uşaqkən məşğul etməyə başlayır. O, erkən anlamışdı ki, Azərbaycanın təbiətcə zənginliyi onun tənəzzülünə bais olmuşdur. Şərq-Qərb cahangirləri bu zəngin ölkəni, sərvətlərimizi qəsb edərək, yerli əhalini soymuşlar.H.B.Zərdabi təbiətcə millətçi deyil,millətsevərolduğundan,xalqına qarşı olan belə haqsızlıqlara qarşı ömür boyu böyük mübarizə aparmışdır.Milli düşüncəsinin yüksəlməsində çıxış yolunu yalnız təhsildə,elmdə görən böyük vətənpərvər bunları dərindən dərk edərək xalqı maarifə, mədəni tərəqqiyə çağırır, bütün gerilik hallarını tənqid edirdi. O, elmi-publisist ideyalarında və sosial-siyasi baxışlarında xalqın maariflənməsinə böyük əhəmiyyət verirdi. Zərdabi bu sahədə çarizmin millətçi-müstəmləkəçilik siyasətinin mənfur formada həyata keçirildiyini bəyan edirdi. Xalq mücahidi olan alim yolu önündə maneələri aradan qaldırmağın, Vətən oğullarını “xabi-qəflətdən” oyatmağın, mübarizəyə başlamağın vaxtının çoxdan çatdığını dönə-dönə bildirirdi...

H.B. ZƏRDABİNİN  MAARİFÇİLİK VƏ XEYRİYYƏÇİLİK FƏALİYYƏTİ Həsən bəy Zərdabi həmin zamanlarda min bir əziyyətlə nəşr etdirdiyi, Rusiya müsəlmanlarının yeganə mətbu orqanı olan “Əkinçi” qəzeti (1875-1877) tezliklə qabaqcıl ziyalıların tribunasına çevirərək, maarifçiliyin, xalqın mədəni tərəqqi yoluna düşməsinə, gənc nəslin təlim-tərbiyəsinə də,əsaslı dönüş yaradmağı böyük əhəmiyyət kəsb edirdi. Həsən bəy Zərdabinin xeyriyyə cəmiyyəti yaratmaq təşəbbüsü də məhz bu amaldan irəli gəlirdi. Onun belə nəcib, şərəfli və çətin işə Bakı realni məktəbində müəllim olarkən başlamışdı.

Bu məqsədlə 1871-ci ilin yayında Qafqazın məşhur şəhərlərinə səfər etməyi müəyyənləşdirmişdi. Əvvəlcə cəmiyyəti-xeyriyyənin nizamnaməsini tərtib edərək, təsdiq üçün Qafqaz canişini idarəsinə göndərmiş və sonra cəmiyyətə üzvlük haqları yığmaq üçün “qaytanlı dəftəri notaryusa möhürlədib,” tələbəsi Nəcəf bəy Vəzirovla birlikdə səfərə çıxmışdı. Qeyd edək ki, onun dəsti-xətti ilə yazılmış nizamnamə 46 maddədən ibarət olmaqla sənəddə xeyriyyə cəmiyyətinin vəzifələri geniş şərh olunmuşdu. Millətinin elmi tərəqqisi naminə hər bir çətinliklərə dözən, həyat amalını yerinə yetirmək üçün fədakarlıq nümunəsi olan bu bənzərsiz şəxsiyyətin müəyyənləşdirdiyi marşrut Bakıdan başlayıb, Şamaxı, Gəncə, Tiflis, İrəvan, Naxçıvan, Şuşa, Bakı, Dərbənd, Quba şəhərlərini əhatə etməklə, yenə də Bakıya qayıdılırdı.. H.B.Zərdabi 1871-ci il iyunun 15-dən avqustun 31-dək bu ağır, çətin səfərdə olmuşdu. O, yol qeydlərini sonralar Senkinin redaktorluğu ilə çıxan “Бакински листок” qəzetində dərc edilmişdi. Onların ilk səfəri Şamaxıya olur. O, şamaxılıların cəmiyyətə yaxından olan köməkliklərini minnətdarlıqla qeyd edir: “Bir neçə gün Cavad xanın və Kərim bəy Şirvaniskinin iştirakı ilə 3700 manat abunə topladıq. 8 nəfər xeyriyyə cəmiyyətinə fəxri üzv olmağını bildirirdi və birinci ildə 300 manat, sonrakı illərdə hər il 100 manat verməyi öhdəyə götürdülər”. H.B.Zərdabi buradan Yelizavetpola (Gəncə) gəlir. Yerli əhalinin xeyriyyə işinə hüsn-rəğbətini öyrətmək istədiyini, istidən yaylaqlara köçən şəhərlilərdən heç kəsi tapmadığını təəssüflə qeyd edir. Və iyulun 1-də Tiflisə daxil olur. Cəmiyyətin nizamnaməsinin təsdiq olunduğunu öyrənir və onun sürətini alıb, yoluna davam edir. Tiflislilərin xeyir işə gərəyincə əl tutmadıqlarından danışır:- “Tiflis öz milyonları,generalları olan şəhərdir. İki həftə ərzində burada 150 manat yığa bildim”. İrəvan səfərində təbiətşünas alimi dağlar, meşələr, soyuq bulaqlar cəlb etsə də, onu “ölkənin tərifli güşəsi Dərəçiçək məyus edir. Nə Dərəçiçəkdə, nə də ətraflarda gül-çiçəkliyə rast gəlmir”. Ona deyirlər ki, buralara xeyli vaxtdı yağış yağmayıb. H.B.Zərdabi iyulun 15-də İrəvana yetişir. O, deyir: “Mən əvvəlinci gün quberniya rəisinin yanına getdim. Ondan xahiş etdim ki, müsəlmanların ali zümrələrini yığsın və onlara cəmiyyəti-xeyriyyənin əhəmiyyətini izah etsin... Amma Əli xan və digərləri dedilər ki, biz gimnaziya açacağıq. Onların bu xeyirxah niyyətlərinə təşəkkürümü bildirdim, əməkdaşlıq etməyə söz verdim. Yalnız Abdulla xan cəmiyyətə fəxri üzv olacağını bildirdi. Nəhayət, İrəvan qəzasından xeyriyyə cəmiyyətinə 500 nəfər abunə yazıldı”. H.B.Zərdabi Naxçıvana gedəcəyini bildirəndə tanışları ona deyirlər ki, orada bərk istilər düşüb və bir də ki, Kəlbalı xansız orada nə var? Buna baxmayaraq iyulun 27-də Naxçıvana gəldik. Burada mayor Şəfi ağa xan ilə görüşdüyünü və onun nəcabətli şəxs olduğunu qeyd edir.Onun iki günlüyə başqa yerə göndərilməsinə təəssüflənir.H.B.Zərdabi burada isti-bürkü üzündən xəstələndiyindən danışır: “Yeganə həkim X. praktik həkim idi. O, danışır, hər sözün yerini, qiymətini bilirdi. Xəstəliyimin pis nəticə verəcəyindən qorxaraq iyulun 30-da səhər furqonla Binəciyə yollandım. Bura yerinə və həyat şəraitinə görə Dərəçiçəkdən geri qalmırdı”. O, kirayə etdiyi atla üç gün yol getdikdən sonra avqustun 2-də Şuşa şəhərinə yetişir. Yol təəssüratını belə xatırlayır: “Şuşaya nə poçt yolu,nə də araba yolu yox idi. Yeni çəkilən poçt yolunun işi hələ bitməmişdi. Bütün yollar dağların qarsız, zəngin bitkilərlə örtülmüş yüksəkliklərindən keçirdi. Şuşa qəzası sakinlərinin köçəbələri bu dağlarda soyuq bulaqlar üstündə alacıqlarda yerləşmişdi. Havanın təmizliyi, ətraflardakı yaşıllıq məni gümrahlaşdırmışdı”.H.B.Zərdabi burada da cəmiyyəti-xeyriyyəyə lazımi qədər ianə toplaya bilmir. “Qarabağın ağaları məni qonaq çağırdılar, toy və xeyrat aşı yedirtdilər, amma bir qəpik cəmiyyəti-xeyriyyəyə ianə verən olmadı. Axırda oxumuş bəyzadələrdən 5-10 nəfərə qol çəkdirib Bakıya qayıdıb, Dərbənd, Qubanı da gedib gəzib, avqust ayının axırında Bakıya gəldim”Onuda deyək ki, bu gərgin və uzun çəkən səfərdə H.B.Zərdabi atla, faytonla, furqonla 2min km qədər yol qət etmişdi. Zərdabi bu maarifçilik səfərini 35 ildən sonra yenidən xatırlamış, “Həyat” qəzetinin iki nömrəsində (1905, N 107 və 115) ətraflı işıqlandırmışdı. Məqalədə Bakının sərvətli adamları ilə onun görüşündən, onlara maarif və məktəbin əhəmiyyətindən, yoxsul və yetim uşaqların təhsili üçün maddi kömək göstərməyin vacibliyindən söhbət açılır. Lakin ona söz verənlər çox, kömək edənlər isə az olur. Ancaq Hacı Zeynalabdin Tağıyev cəmiyyətə çox yardım göstərmişdi. Yeri gəlmişkən qeyd etməliyik ki, Həsən bəy Zərdabi ilə Hacı Zeynalabdin Tağıyev bərk dost olmuşlar. “H.B.Zərdabi,H.Z.Tağıyevin ictimai mövqeyinin formalaşmasına böyük təsir göstərmiş, onun xeyriyyəçilik və maarifçilik fəaliyyətinin müəyyənləşməsində mühüm rol oynamışdır”. (Mahmud İsmayıl, Marat İbrahimov “El atası”, Bakı, 1994, səh.9) H.B.Zərdabi yazırdı: “Mən ümidimi Qafqaz vilayətinin qeyri şəhərlərinə bağlayıb, oralara da gedib ciddi cəhd etməyi özümə borc bildim. Çünki cəmiyyəti-xeyriyyə bircə Bakı üçün açılmayırdı.Tamam Qafqaz üçün bina olurdu”.Həsən bəyin həyat yoldaşı,tanınmış maarif xadimi Hənifə xanım Məlikova bu haqda yazırdı: “Uşaqlar üçün pulsuz oxuyan məktəblər az idi. Yoxsul uşaqlarını oxutmaq üçün vəsait tapmaq lazım idi. Həsən bəy bu barədə qəzetlərə yazsa da, ona cavab verən olmurdu. Cəmiyyətin təşkilinə izn almaq çox çətin idi. Dövlət müsəlmanların hər hansı bir təşəbbüsünə mane olurdu. Cəmiyyətə üzv olmaq istəyən yox idi. Həsən bəy bu dövlətlilərin xasiyyətini və xəsisliyini yaxşı bilirdi. Onları cəmiyyətə üzv yazarkən qol kağızı alırdı.” (Revolyusiya və kultura” jurnalı, 1939, N-6). Müasir poeziyamızın tanınmış nümayəndəsi mərhum şair Vaqif İbrahim haqlı olaraq yazıb:”Qadından asılılıdır kişinin sonrakı taleyi”-bu mənada H.B.Zərdabinin xanımı,əqidə dostu Hənifə xanım Məlikovanın H.B.Zərdabinin tutduğu bu müqəddəs yolda ən yaxın silahdaşı,mənəvi yardımçısı olmaqda təqdirə layiq bir hal kimi qiymətləndirilməlidir... H.B.Zərdabi qonşu xalqların maarifçilikdə, mədəni tərəqqinin inkişafında və qeyri işlərdə irəli getdiklərini xatırlayaraq deyirdi ki, ötən əsrin 60-ci illərində Bakıda 10-15 evdən çox olmayan ermənilər xeyriyyə cəmiyyəti təşkil edir, uşaqların oxumasının qayğısına qalırlar. “Halva,halva deməklə ağız şirin olmaz. İş görməkdən ötrü puldan da artıq adam gərəkdir. Bircə adam ortalığa çıxardınız ki, pul təmənnasında olmayıb, millət üçün işləsin”. H.B.Zərdabi cəmiyyətə kömək etməyən, “pul sözü araya gələndə iztiraba düşən, bu işə bir xeyir-duaçı da gərəkdir”-deyərək aradan çıxan dövlətlilərin nə qədər zavallı olduqlarına acıyırdı: “Mən mənzilimə gedəndən sonra bizim bədbəxt müsəlmanların fikrindən bir neçə gecələr mənə yuxu haram oldu”. O, cəmiyyətin işinə əsasən ziyalıların kömək etdiyini xatırladaraq Kərim bəy Hüseynovun (Şamaxı), Abdulla xanın (İrəvan), Mayor Şəfi ağanın (Naxçıvan), Qasım bəy Mehmandarovun (Şuşa), Starosesskinin (Bakı qubernatoru) adlarını məmnuniyyətlə qeyd edirdi. “Diqqət çəkən budur ki, Bakıda bircə o vaxtlar qubernator olan general Starosesskin (O, “Əkinçi” nəşrinə kömək etmişdi .) haqlı olaraq yazırdı: “Nə qədər Bakıda qubernator olsam, borcumdur ki, hər ildə müsəlman cəmiyyəti-xeyriyyəsinə 100 manat verim”.H.B.Zərdabi dərslərin başlandığını, cəmiyyətdən kömək gəlmədiyini, “dəftərlərə qol çəkənlərə kağız yazdığını” və ancaq Dərbənddən bir neçə adamın pul göndərdiyini qeyd edir: “Hər şəhər bir yetim göndərdi ki, onları cəmiyyət saxlayıb oxutsun. Onları gimnaziyaya qoyub, bir mənzil tutub orada saxlatdım”. H.B.Zərdabi 1873-cü ildə əsasını qoyduğu teatrda göstərilən tamaşalardan əldə olunan vəsaiti də imkansız şagirdlərə verməyi tapşırırdıXeyriyyə cəmiyyətinin fəaliyyətindən xəbər tutan şuşalı Yəhya bəy Tahirov 1873-cü ildə Həsən bəyə yazırdı:- “Sizin ideya və hissiyyatınız olduqca qiymətlidir və müsəlmanların taleyində fərəhli nəticələr vəd edir. Buna görə də tam səmimiyyət və hüsn-rəğbətlə sizin yaratdığınız cəmiyyəti-xeyriyyəyə məni üzv yazmağınızı xahiş edirəm”. Qeyd edək ki, bütün çətinliklərə baxmayaraq xeyriyyə cəmiyyəti bir neçə il fəaliyyət göstərmişdi. H.B.Zərdabi çox hallarda maddi çətinlikləri öz üzərinə götürürdü; Sonralar yoxsul uşaqların təhsil məsələlərini Zərdabda və yenidən Bakıya qayıdarkən mənzilində davam etdirmişdi.H.B.Zərdabi kəndə köçməyə məcbur olduğu illərdə də (1880-1896) xeyriyyə təşəbbüslərində olmuş, burada məktəb açmaq, qəzet nəşr etmək üçün gərgin əmək sərf etmişdi. Beş illik mübarizədən sonra məktəbin açılmasına icazə almışdı. Lakin qaragüruhçular, polis məmurları məktəbin fəaliyyətə başlamasına mane olmuşlar. Həsən bəy ruhdan düşmür, qadın və uşaqların təlimini evində öz xərci ilə təşkil edirdi. Hənifə xanım uşaqlara və qadınlara dərs öyrədir, rus dilindən maraqlı hekayələr tərcümə edirdi.
Eyni zamanda qadınlara əl işlərini, barama becərməyin qaydalarını da öyrədirdi. Habelə kənd uşaqlarını peyvənd edir, onlara sağlamlığı qorumağın yollarını başa salırdı. Həsən bəyin qızı, tanınmış müəllim Qəribsultan xanımın xatirələri bu cəhətdən maraqlıdır:
“ Biz keçmiş poçt küçəsində 6 otaqdan ibarət mənzildə yaşayırdıq. Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. Bir dəfə Qubadan bir uşaq gəlmişdi. O, oxumaq istədiyini qətiyyətlə atama bildirmişdi. Atam zarafatla, onu Azərbaycanın Lomonosovu adlandırırdı. Seyidov familiyalı bu uşaq 15 il bizdə qaldı və ali hüquqşünas təhsili aldı. Atam bu uşaqlara çox qayğı və diqqət göstərirdi. Uşaqlar onun ümidi və iftixarı idi”. Qeyd edək ki, Zərdabinin xeyriyyəçilik işləri bununla bitmirdi. Bu nəcib əməllər qabaqcıl gənclərə, ziyalılara nümunə olmuşdu. O zaman Rusiyanın ali məktəblərində təhsil alan tələbələr, başda N.B. Vəzirov və Ə.A.Gorani olmaqla, yoxsul tələbələrə yardım cəmiyyəti- “İmdadiyyə” təşkil etmişdilər. Tezliklə “İmdadiyyə” tələbə gənclərin mübariz dərnəyinə çevrilmişdi. Onlar müntəzəm olaraq Həsən bəylə məktublaşır və ondan məsləhət alırdılar. Ə.Gorani 4 oktyabr 1875-ci ildə Moskvadan yazırdı: “Mən Peterburqda Kərimlə yoxsul müsəlman tələbələrinə yardım edən yeni cəmiyyətimiz haqqında danışdım. Layihə belədir: Mən hər ay 3 manat verirəm, Kərim 2 manat, Nəcəf 50 qəp. Sizdən isə hər ay üçün 2 manat. İlin axırında əlavə qüvvələr cəlb etməklə xeyli vəsait əldə edərik. Və onun faizini yoxsul tələbələrə göndərərik. Cəmiyyətin nizamnaməsi hələlik işlənməyib. Arzu olunur ki, siz onun maddələri barədə öz rəyinizi bildirəsiniz. Cəmiyyətin kassasını isə “Əkinçi”nin redaksiyasında saxlamaq yaxşı olardı” Göründüyü kimi, böyük maarifçinin nəcib əməlləri öz bəhrəsini verməyə başlamışdı. XX əsrin əvvəllərində “Nəşri-maarif”, “Nicat”, “Səfa”, “Səadət”, “Cəmiyyət” kimi xeyriyyə cəmiyyətləri geniş fəaliyyət meydanına çıxmışdı.H.BZərdabi maarifçi, ictimai xadim, filosof, mütəfəkkir, təbiətşünas alim, pedaqoq, publisist, jurnalist kimi bütün qüvvə və istedadını mədəniyyətin, maarifin, elmin inkişafına həsr etmişdi. “Tərcüman” qəzetinin yazdığı kimi “Birinci ovuc maarif buğdasını Həsən bəy ağamız səpdi. Bunun fidanları olaraq Tiflisdə “Ziyayi-Qafqaziya”,”Kəşkül” qəzetləri zühur etmişdi.” H.B.Zərdabi XIX əsrin ikinci,XXİ əsrin birinci yarısında həyatı boyu bütün varlıgı ilə, ilahi bir eşqlə sevdiyi torpağına,millətinə öz övladlıq borcunu fədakarlıqla yerinə yetirən millət pərvanəsi olduğunu əməlləriylə təsdiq edən,yüz ildən bir doğulan böyük şəxsiyyət,heç kimlə müqayisə olunmaz,bənzərsiz ziyalı- fədai və millət şəhidi idi. H.B.Zərdabi nəşr etdiyi “Əkinçi” qəzeti, elmi-publisist və pedaqoji fəaliyyəti ilə maarifçilik ideyalarını uca məqamlara çatdırmışdı, xeyriyyəçilik hərəkatının banisi olaraq qiymətləndirilmişdir.H.B.Zərdabinin mənalı həyatı, çoxcəhətli və dolğun yaradıcılığı, geniş ictimai fəaliyyəti bütövlükdə Vətəninə,millətinə təmənnasız xidmətlərinin misilsiz nümunəsidir.

...Hər bir insanın həyatda, cəmiyyət içində layiqli yerini müəyyənləşdirmək, qiymətini vermək vaxtından M.Arazın M.Ə.Sabir haqqında dediyi fikiri-poetik qənaəti burada yerinə düşür- “Yüzümüz bir M.Ələkbər Sabir deyilik hələ.”
Mən isə səmimiyyətlə deyirəm : “Bizim minimiz bir Zərdabi deyilik hələ…”


Adil Abdullayev
"Gənclik" nəşriyyatının direktoru,
Əməkdar mədəniyyət işçisi,
Prezident təqaüdçüsü