HƏSƏN BƏY ZƏRDABİ VƏ MİLLİ MƏTBUATIMIZ-146

gundem
22-07-2021, 20:12 1995
HƏSƏN BƏY ZƏRDABİ VƏ MİLLİ MƏTBUATIMIZ-146 H.B.Zərdabi yaradıcısı, təşkilatçısı və redaktoru olduğu “Əkinçi”qəzetini doğma ana dilində nəşr etməklə milli mətbuatın bünövrəsini qoymuş,dövrünün ziyalılarını bu qəzet ətrafına sıx birləşdirərək öz vəzifəsini şərəf və ləyaqətlə həyata keçirmişdir.

Görkəmli hüquqşünas və ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşov haqlı olaraq Həsən bəyi Azərbaycan “mayakı”, ”məşəli”adlandırırdı.
H.B.Zərdabi deyirdi ki,öləndə vəsiyyət edəcəyəm ki,haqqımda yazılan təhqiramiz ifadələrin bəzilərini başdaşıma yazsınlar.Gələcək nəsillər görsün ki,mə onlar üçün bir abidə yaratdım,qəzet çıxartdım əvəzində isə millətimin nümayəndələri məni təhqir ediblər.Azərbaycan mətbuatının banisi H.B.Zərdabinin yaratdığı qəzet yalnız Azərbaycanda deyil,bütün Şərqdə şərəfli və uğurlu başlanğıcdır. Bu qəzet yalnız əkin-biçin mədəniyyətini deyil,çağdaş düçüncə,müasir təbliğat və təşviqat mədəniyyətinin başlanğıcıdır. Cəmi 2 il dərc olunan bu qəzet fikirlərdə,düşücələrdə inqilab etdi. XX yüzilliyin əvəllərində onun övladları “Füyuzat”, ”Molla Nəsrəddin”, ”Zənbur”, ”Şəlalə”, ”Açıq Söz”,” Azərbaycan” oldu.Azərbaycan mətbuatının özünəməxsus inkişaf yolu vardır. Keçən əsrin əvvələrindən başlayaraq Azərbaycan ziyalıları, xalqımızın qabacıl oğulları milli mətbuat yaratmaq uğrunda uzun illər boyu gərgin mübarizə aparmalı oldular. XlX əsrin ikinci yarısında belə bir qəzet yaranmış və xalqımzın mədəni həyatında mühüm bir hadisəyə çevrilmişdir.O, Azərbaycan əməkçilərinin mənafeyini fədakarlıqla müdafiə edərək azadlıq ideyalarını yaymışdır.”Əkinçi”qəzetinə qədər Azərbaycanda müxtəlif məsləkli,müxtəlif istiqamətli qəzet və jurnallar,kitab və kitabçalar,vərəqlər çap olunmuşdur.
”Əkinçi”qəzetinin nəşri Azərbaycan xalqının mədəniyyəti tarixində olduğu kimi,realist ədəbiyyatın,xüsusilə poeziyanın olunmasında və aydınlaşdırılmasında dövrü üçün böyük rol oynamışdır. Öz vətəninə,öz xalqına təmənnasız xidməti ilə Azərbaycan xalqının yaddaşında ədəbi iz qoymuş Həsən bəy Zərdabinin həyatı,əməlləri gələcək nəsillər üçün əsl tərbiyə və həyat məktəbi olmuşdur.

O, xalqın zülmət içərisində olduğu bu dövrlərdə onlara yol göstərən, həqiqi inkişaf yoluna çağıran müdrik şəxsiyyət idi. O, alim, filosof,xeyriyyəçiliyin bünövrəsini qoyan, ən əsası isə milli mətbuatımızın banisi idi.

H.B.Zərdabi qədim Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində)maarifpərvər bir ailədə dünyaya göz açmışdı.Körpə yaşıarından atası Səlim bəy tərəfindən ona təlim-tərbiyə,elə,obaya,vətənə sevgi duyğuları aşılanmışdı.Həsən bəy öz bacarığı və fitri istedadı ilə yaşıdlarından xeyli fərqlənirdi.Atası Səlim bəy bu istedadı görüb onu Şamaxıda yenicə açılmış məktəbə gətirmişdir.O,bu məktəbdə təhsil aldığı zaman rus dilinə xüsusi maraq göstərir və rus dilinin qrammatikasını öyrənməklə dərin elmi biliklərə yiyələnir.1858-ci ildə bu məktəbi əla qiymətlərlə başa vurduğu üçün onu dövlət hesabına I-ci Tiflis gimnaziyasına göndərməli oldular.Orada müvəffəqiyətləimtahan verərək 5-ci sinifə daxil olur.1860-ci ildə oranı əla qiymətlərlə bitirərək imtahansız Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin Təbiətşünaslıq şöbəsinə daxil olmuşdur. 1865-ci ildə Moskva Universitetinin əla qiymətlərlə bitirdiyinə və nümunəvi tələbə olduğuna görə elmi şuranın qərarı ilə ona təbiət elmləri namizədi-alimlik dərəcəsi verilir.Burada belə bir mühitdə onun gözləri açılır,qabaqcıl fikirli adamlarla dostluq edir.Hətta,universiteti əla bitirdiyi üçün kafedrada saxlamaq təklif olunur.Lakin Həsən bəy Zərdabi doğma yurduna,elinə,obasına-Azərbaycana gəlir.”Mənim xalqım bu saat qəflət yuxusundadır,cəhalət girdabında boğulur,mənim kimi adam bunu görüb onlardan ayrı qala bilməz”.Bir müddət Qubada barışıq məhkəməsinin katib vəzifəsində çalışır.Burada da o haqsızlıqlarla üzləşir.Sonra Şamaxıda şəxsi vəkilliklə məşğul olur.1869-cu ildə Bakı real gimnaziyasında təbiət tarixi fənnini tədris etməyə başlayır.1872-ci ildən Azərbaycanda ilk “Xeyriyyə cəmiyyəti”nin əsasını qoyur.1873-cü ildən gimnaziyada M.F.Axundovun “Hacı Qara”komediyasının tamaşasını təşkil edir.Həsən bəy Zərdabi məhz bu tamaşa ilə Azərbaycan Milli Teatrının əsasını qoyur.
Bu dövrdə Həsən bəy ana dilində qəzet nəşr etməyin vacibliyini dərk edir və bu ideyanı həyata keçirməyə çalışır.Xeyli əzab-əziyyətdən sonra arzusuna çatır.1875-ci il iyun ayının 22-də Bakıda ilk anadilli “Əkinçi”qəzeti işıq üzü görür.İlk demokratik mətbuatımızın yaranma tarixi bununla başlayır.Qəzetin bütün işlərini təknaşına özü görür.Ancaq H.B.Zərdabi bu qəzeti nəşr etməklə xalq arasında elmi,mədəniyyəti inkişaf etdirib yaymaq,xalqı maarifləndirmək,millətin hərtərəfli inkişafına nail olmaq istəyirdi.
Bu zamanlar Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu hər zaman izləyirdi.1877-ci ilin sentybr ayında “Əkinçi”qəzetinin 56 nömrəsi işıq üzü gördükdən sonra bağlandı.Müxtəlif bəhanələrlə H.B.Zərdabi gimnaziyada müəllimlikdən azad edildi və hətta,Bakıda qalmasını məsləhət bilmədilər.O da öz doğma yurdu Zərdaba köçməyə məcbur oldu.Bir müddət Zərdabda yaşasa da Rusiyada nəşr olunan mətbuat orqanları ilə əlaqə saxlayır,həm də qəzetlərdə öz yazıları ilə çıxışlar edirdi.1896-cı ildə H.Z.Tağıyev ən populyar qəzeti olan “Kaspi”ni mətbəəsi ilə birlikdə alır,sonra qələm adamlarının hamısını Bakıya dəvət edir.Həsən bəy Zərdabi də bu çağırışa qoşulur.Hətta,qəzetdə bir müddətdən sonra reedaktor müavini işləyir.
Azərbaycan mədəniyyəti tarixində ədəbi-bədii əsərlərin milli mətbuat səhfələrində ilk dəfə nəşri “Əkinçi”qəzeti iləbaşlayır.Qəzetin ədəbi əhəmiyyəti ondan ibarətdir ki,keçən əsrin ikinci yarısında dramaturgiya və nəsrə nisbətən geridə qalan şeiri həyatla əlaqələndirmək işinə,satirik və realist üslubda bir sıra poeziya nümunələrinin yaranmasına kömək etdi.
Rus inqilabçı demokrat və qabaqcıl alimlərinin,habelə Azərbaycanmaarifçilərinin fikirlərini dərindən öyrənən H.B.Zərabi “Əkinçi”ni nəşrə başlayarkən məhz bu mənəvi sərvətə istinad edir,ondan ilham alırdı.
Qəzetin ədəbi xəttini-hərəkətini müəyyənləşdirən M.F.Axundov,H.B.Zərdabi,S.Ə.Şirvani,N.B.Vəzirov,Ə.Gorani kimi realist sənətkarların ədəbi,publisist və tənqidi əsərləri idi.Bu illərdə “Əkinçi”Azərbaycan realist ədəbiyyatın ənənələrini davam və inkişaf etdirən yeganə milli mətbuat orqanı idi.
“Əkinçi”Azərbaycan ədəbiyyatı və incəsənətinin saflığı uğrunda mübarizəni üç xətt üzərində aparırdı:Ədəbiyyat və incəsənətdəki formalizm təmayüllərinə qarşı çıxır;Dini-mərsiyə ədəbiyyatı əleyhinə mübarizə edir;İctimai satiranı genişləndirmək uğrunda fəal mübarizə aparırdı.
“Əkinçi”sağlam satira uğrunda yorulmadan mübarizə aparırdı.Bu qəzet məhz mütərəqqi mahiyətdə olan həcvləri inkişaf etdirib siyasi satiraya çatdırır və vulqar həcv guruhu isə yaramaz,mürtəce metod kimi ədəbiyyat cəbhəsində irəli sürür və onu inkar edirdi.
H.B.Zərdabi el mahnıları üstündə oxunan şeirləri toplayıb 1902-ci ildə “Turk nəğmələri məcmuəsi”adı ilə çap etdirmiş,bu ilk nəğmə kitabçasında 18 nəğmə daxil edilmişdir.Bu nəğmələrin bəzisi müəllifsiz çap edilmişdir.Həmin imzasız şeirlərdən bir qismini H.B.Zərdabi tərəfindən qələmə alındığı güman edilir.
H.B.Zərdabi “Köçəri zindəganlığı” hekayəsi öz dövrü üçün çox mühüm və aktual mövzüya həsr edilmişdir.Bu mövzu ilə yazıçının maarifpərvərlik və tərəqqipərvərlik ideyaları arasında yaxın birbağlılıq və daxili səsləşmə vardı.
O zaman Moskvada təhsil alan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani fərəhlənərək qəzetə bir-birinin ardınca maraqlı məqalələr göndərirdilər.Tiflisdən M.F.Axundov “Vəkili-milləti-naməlum”imzası ilə məqalələr göndərirdi.Şamaxıdan S.Ə.Şirvani camaatı qəflət yuxusundan oyatmağa çağıran şeirləri ilə qəzetin oxucularını sevindirirdi. Əhsənül-Qəvaidin Rəşt şəhərindən səsi eşidilirdi.Dərbənddən isə Heydəri yazmağa başladı.Onlar qəzetə yeni üslub,yeni forma gətirdilər.Bütün bu müəlliflərin fəaliyyətinə istiqamət verən,onların məktublarını redaktə edib qəzet üçün hazırlayan, şübhəsiz ki,H.B.Zərdabi özü idi.
H.B.Zərdabi qəzetə ana dilini öyrədən bir məktub kimi baxırdı,eyni zamanda yazırdı ki,”qəzet və jurnal oxumaq insanı dünyadan xəbərdar edir,öz dilini öyrədir.O,təcrübədə sübut edirdi ki,Azərbaycan mətbuatı öz milli zəmini üzərində inkişaf etməyə qadirdi. Qəzet xalqın həyatında inkişafa doğru təkanverici amil ola bilər”.
H.B.Zərdabinin həyat yoldaşı Hənifə xanımın xatirələrinin bir yerində bucəhət belə səciyyələndirilir.”Bir dəfə fransız qəzetinin baş müxbiri Bakıya gəlib çıxmışdır.O,Rusiyada Azərbaycan dilində çıxan yeganə qəzetlə maraqlanıb yanıma gəlmişdir.Qəzetin 3 il müddətində ancaq 300 abunəçisi olduğunu bilincə,müxbir təccüblə H.B.Zərdabiyə baxıb səmimi sürətdə dedi:Siz qəhrəmansız,bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz,sizin energiyanıza heyran qalmışam.Görünür,siz öz xalqınızı çox sevirsiniz.”Əkinçi”zamanın tələbi səviyyəsində dayanaraq öz səhifələrində,azadlıq,maarifçilik ideyaları təbliğ edir,həyatı daim dəyişməkdə,irəli getməkdə görür,xalqı yeniliyə səsləyib “Zəmanə sənə saz olmasa,sən zəmanəyə saz olginən.Pis olmaz ki,dünyada həmişə bir qayda ilə rəftar olunsun”deyirdi.
H.B.Zərdabi cəmiyyətdə bir inkişaf,bir tərəqqi olduğunu dərk edərək bu fikirləri zəruri məqsəd kimi nəzərə çatdırırdı.Onun ədəbiyyat və sənət məsələlərində milli mədəniyyətimizin xəzinəsinə dəyərli hədiyyə olan ideya irsi bu gün beləöz təravətini itirməmişdir.
Böyük iftixar hissi ilə qeyd edə bilərik ki,bu böyük maarif carçısının arzu və ideyaları hər il Ulu öndərimiz HeydərƏliyev və hörmətli prezidentimiz İlham Əliyevin fərmanları ilə Azərbaycanda demokratik mətbuatın yaradılması günü münasibəti ilə təntənəli sürətdə yüksək səviyyədə qeyd olunur.Təəssüf hissi ilə qeyd edirəm ki,milli mətbuatımızın banisi sayılan H.B.Zərdabinin bu günə kimi paytaxtımızdav ev muzeyi yaradılmayıb.H.B.Zərdabiyə olan bu biganəliyi aradan qaldırmaq vaxtı çoxdan çatmışdır.Əminik ki,yeni yaranmış mətbuata dəstək komitəsi bu məsələyə öz münasibətini bildirəcəkdir.

Milli mədəniyyətimizin xəzinəsinə dəyərli hədiyyə olan H.B. Zərdabinin ideya irsi bu gün belə öz təravətini itirməmişdir. Yarandığı 146 il ərzində Azərbaycan mətbuatı keşməkeşli,zəngin və mənalı bir inkişaf yolu keçmişdir.Nizami adına Ədəbiyyat İnistutunun Mətnşünaslıq şöbəsi tərəfindən dövri mətbuatımızın ilk qaranquşu,XIX əsr Azərbaycan ictimai-siyasi həyatının aynası olan və cəmi 56 sayı kütləvi tirajla çıxmış ”Əkinçi” qəzeti Azəarbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində,latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə H.B.Zərdabinin “Əkinçi”qəzetinin tam mətni nəşr olunub kütləvi tirajla ölkə kitabxanalarına hədiyyə edilmiçdir.

Adil Abdullayev
"Gənclik" nəşriyyatının direktoru
Əməkdar mədəniyyət işçisi,
Prezident təqaüdçüsü