Prezidentlərin görüşündə vacib məqam: “Ermənistan istəməsə də, Zəngəzur dəhlizi açılacaq” - ŞƏRH

siyaset
22-07-2021, 10:18 794
Prezidentlərin görüşündə vacib məqam: “Ermənistan istəməsə də, Zəngəzur dəhlizi açılacaq” - ŞƏRH “Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan görüşdən müsbət nəticələr gözləyə bilərik. Əgər görüşdə Zəngəzur dəhlizi müzakirə edilibsə və Rusiya tərəfindən bu dəhlizin açılmasına müsbət mövqe bildiribsə, deməli görüş bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vahid Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşdə müzakirə olunan məsələlərlə bağlı danışarkən deyib.
“Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyan ilə görüşmüşdü və müəyyən məsələləri müzakirə etmişdilər. Zənnimcə, Prezident İlham Əliyevlə Putin arasında baş tutan görüşdə müzakirə edilən bir çox məsələlər var idi. Bizim üçün ən vacib məsələlərdən biri isə sözsüz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Prezident dəfələrlə təkrar edib ki, bu dəhliz Ermənistan istəsə də, istəməsə də açılacaq. Bu dəhlizin açılması təkcə Ermənistandan asılı deyil. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasında həm Türkiyə, Rusiya və İranın, həm də Çinin, eləcə də digər Asiya dövlətlərinin də marağı var. Yəni, bu dəhliz Ermənistan istəməsə də, açılacaq. Dəhlizin fəaliyyətə başlaması dünya üçün əhəmiyyətli hadisədir. Buradan həm dəmir yolu, həm də avtomobil yolu keçəcək. Fikrimcə, bu və digər məsələlər görüşdə müzakirə predmeti olub”, - deyə o bildirib. Millət vəkilinin sözlərinə görə, bu məsələdə Ermənistanın da həmrəy mövqedən çıxış etməsi onun özü üçün də vacibdir, çünki, ümumiyyətlə bir dövlət kimi Ermənistanın bölgədəki fəaliyyəti sual altındadır.
Vahid Əhmədov əlavə edib ki, regionda Rusiya ilə yanaşı, Türkiyənin də söz haqqı var və bu, Lavrovun çıxışında da öz əksini tapıb:

“Bu dəhliz təkcə Rusiyanın maraq dairəsində deyil. Bu yaxınlarda Çin səfiri layihənin ölkəsi üçün əhəmiyyətindən danışdı və bu səbəbsiz dilə gətirilmədi. Çin fövqəl bir dövlətdir, əgər belə bir fikirlə çıxış edilirsə, deməli bu dəhlizin açılmasında onların da marağı var. Zəngəzur dəhlizi bizim üçün yalnız iqtisadi cəhətdən deyil, siyasi cəhətdən də böyük əhəmiyyət kəsb edir. Bir sözlə, görüşdən müsbət nəticə gözləyə bilərik. Görüşün nəticələrini yaxın zamanda görəcəyik”.