"KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA ELMLƏRİ" ANLAYIŞININ ŞƏRHİ

arasdirma
3-06-2021, 15:09 599
"KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA ELMLƏRİ" ANLAYIŞININ ŞƏRHİ "Kitabxanaşünaslıq və informasiya elmləri" anlayışı kitabxanaşünaslıq elmi ilə informasiya elminin vəhdətindən irəli gələn bir istilahdır. Kitabxanaşünaslıq - cəmiyyətdə kitabxanaçılıq prosesinin inkişaf qanunauyğunluqlarını, xassələrini, xarakterini, strukturunu və çap əsərlərindən ictimai istifadənin təşkili problemlərini tədqiq edib öyrənən humanitar elmdir.

Kitabxanaşünaslığa nisbətən informasiya elmi gənc elm sahəsidir. İstilahın "kitabxanaşünaslıq və informasiya elmləri" adlandırılması XX əsrin ortalarından sonra Avropada, o cümlədən Amerika Birləşmiş Ştatlarında ali kitabxanaçılıq məktəblərinin yeni ad altında formalaşdırılması ilə əlaqələndirilir. Belə ki, XX əsri 60-cı illərindən başlayaraq ali təhsilli kitabxanaçı kadrlar yetişdirən universitet fakültələri, kolleclər, kitabxanaçılıq məktəbləri "İnformasiya elmi" (ing. Information Science) və yaxud "Kitabxanaşünaslıq və informasiya elmləri" (ing. Library and İnformation Scences) kimi yeni adlar altında fəaliyyətə başladılar. Buna səbəb gənc elm sahəsi kimi formalaşmaqda olan "İnformasiya elmi"nə günü-gündən artan maraq, bəslənən rəğbət və sürətli inkişafına göstərilən ictimai diqqət idi.
"İnformasiya elmi" termininin formalaşması 1955-ci ilə təsadüf edir. Bu terminin fomalaşmasına təkan verən əsas səbəb isə amerikalı riyaziyyatçı alim Klod Elvud Şennon (ing. Claude Elwood Shannon, 1916-2001) tərəfindən "informasiya nəzəriyyəsi"nin (1948) yaradılması göstərilir.
Beləliklə, 1955-ci ildə Polşa əsilli İngilis kitabxanaçısı Ceyson Farradeyn (1906–1989) özünün "İnformasiya mütəxəssisinin peşəkar təhsili" haqqında elmi məqaləsində "informasiya elmi" terminini istifadə etmiş, həmçinin bu məqalədə o, "sənədşünas" (ing. Documentalist) istilahının sinonimi kimi "informasiya mütəxəssisi" (ing. Information Scientist) terminini istifadə etmişdir.
"İnformasiya" termini "informatio" sözündən yaranmışdır. Latın dilində "informatio"- bir nəsnənin izahı, təqdimatı, konsepsiyası deməkdir. Ensiklopedik mənbələrdə "informasiya" istilahının 14 əsrdə İngiltərədə "araşdırma, təhsil və ya təlimdən əldə edilən biliklər" mənasında istifadə olunduğunu dair məlumatlar da qeyd olunmuşdur. Geniş yayılmasına baxmayaraq, "informasiya" anlayışı elmdə ən mübahisəli mövzulardan biri olaraq qalır. Elmi əsərlərdə bəzi müəlliflər "informasiya" anlayışından informatika elminin sinonimi kimi də istifadə edirlər. Bu, 1960-cı illərin ortalarında Aleksandr İvanoviç Mixaylov (1905-1988), Arkadiy İvanoviç Çornıy (1929-2013) və Rucero Sergeyeviç Gilyarevskiy (1929) kimi Sovet müəllifləri tərəfindən hazırlanmış konsepsiya ilə əlaqəli olduqda xüsusilə doğrudur. Bu alimlər, xüsusən Aleksandr İvanoviç Mixaylov informatikanı «elmi informasiyanı» tədqiq edib öyrənən elm kimi nəzərdən keçirirdi.
Qeyd etmək lazımdır ki, məşhur Belçika alimi Paul Otlet (fr. Paul Marie Ghislain Otlet, 1868-1944) özünun "Sənədləşdirmə risaləsi"ndə ("Traite de documentation", 1934) ilk dəfə olaraq "informatika" istilahını elmi dövriyyəyə daxil etmişdir.
Elmdə predmet - araşdırılan elmin obyektinin müəyyən bir aspektidir (tərəfidir). Məsələn, informatika, kibernetika, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və bir çox başqa elmlər ortaq bir tədqiqat obyektini - informasiyanı araşdırırlar. Lakin bu elmlərin predmeti fərqlidir, araşdırdıqları mövzu müxtəlifdir; informatika elminin predmeti "informasiyanın avtomatlaşdırılması" (informasiya ilə avtomatik iş), kibernetika elminin predmeti "informasiyanın idarə olunması", kitabxanaşünaslıq elminin predmeti "nəşr formasında olan informasiya" (sənəd), biblioqrafiyaşünaslıq elminin predmeti isə "nəşr formasında olan informasiya"nın (sənədin) uçotu və yaxud qeydiyyatıdır.
İnformasiya elminin predmeti təqdimat formasından asılı olmayaraq istənilən məlumat və yaxud informasiyadır.
Norbert Viner (1894-1964) - amerikalı riyaziyyatçı və filosof, kibernetikanın (1947) və süni intellekt nəzəriyyəsinin banisi, "informasiya" termininə belə bir tərif vermişdir: "İnformasiya - hiss və yaxud duyğularımıza uyğunlaşma prosesində xarici dünyadan alınmış məzmunun qeydidir".
Ümumiyyətlə, "informasiya" termini 1957-ci ildən Almaniyada, 1962-ci ildən Fransa və ABŞ-da geniş yayılmağa başlamışdır. Hətta 1964-cü ildə isə ABŞ-ın Pitsburq Universitetində "İnformasiya elmi" (ing. Information Science) adlanan ali təhsilli kitabxanaçı mütəxəssislər yetişdirəcək fakültə formalaşdırılmışdır.
Elmi ədəbiyyatlarda qeyd olunur ki, informasiya - müəyyən predmet və ya gerçəklik haqqında olan tam fikirdir, məlumatdır. İnformasiya elmi isə informasiyanın təhlili, toplanması, təsnifatı, manipulyasiyası, saxlanması, axtarılması, hərəkəti, yayılması və mühafizəsi ilə əlaqədar fənlərarası sahədir.
İnformasiyanın əsas vahidi bayt, minimal informasiya vahidi isə bitdir. 1 bayt 8 bitə bərəbər informasiya vahididir. Bit (ing. binary digit - ikili rəqəm) - minimal informasiya vahidi olub 0 və ya 1 rəqəmlərindən hansısa biri deməkdir. "Bit" termini ilk dəfə 1946-cı ildə amerikalı riyaziyyatçı alim Con Tüki (ing. John Wilder Tukey, 1915-2000) tərəfindən istifadə edilmişdir, o həmçinin 1958-ci ildə "proqram təminatı" ("software") istilahını da elmi müstəviyə gətirmişdir.
Bu gün informasiya elmi, əsasən, onlayn verilənlər bazasının texniki və nəzəri əsaslarını, sosial təsirlərini, dövlət, sənaye, təhsil və internet məkanında geniş yayılmış verilənlər bazasının istifadəsi məsələlərini öyrənir.
İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.
Verilən - bazaya daxil ediləcək informasiya elementidir. Verilənlərin informasiyaya çevrilməsi üçün insanın onları anlaması, dərk etməsi lazımdır. Əgər məlumatı alan insan onun yazıldığı dili bilirsə, o həmin məlumatın mənasını anlaya, yəni informasiya ala bilər.
İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmsal. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompüterlər isə rəqəmsal informasiyaların köməyi ilə fəaliyyət göstərir.
Müxtəlif intensivliyə malik olan siqnallar fərqli informasiyalar daşıyır. Bu tip informasiyanı analoq informasiya adlandırırlar. Yəni biz təbiətdə heç bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı bulud görə bilmərik.
İnformasiyanın təsnifatı məsələsinə toxunulduqda isə, qeyd etməliyik ki, informasiya müxtəlif meyarlara (kriteriyalara) görə növlərə ayrıla bilir. Bu meyarlar: idrak, təqdimat, təyinat, əhəmiyyət, doğruluq və sairədir.
İdrak meyarına əsaslanan informasiya növlərinə vizual, səs, toxunma, qoxu və dad reseptorları vasitəsi qəbul edilən məlumatlar aid edilir.
Təqdimat meyarına görə mətn, rəqəmsal, qrafik, səs, radio, elektron və video formatda ötürülən informasiya növləri mövcuddur.
Təyinat meyarına əsaslanan informasiyalar kütləvi, xüsusi, məxfi və şəxsi növlərə bölünür.
Əhəmiyyət meyarına görə xarici aləmdən alınmış məzmun aktual, etibarlı, anlaşılan, tam və dəyərli informasiya növlərinə bölünür.
Doğruluq meyarına əsaslanan informasiyalar həqiqi (doğru) və yalan (saxta) növlərə bölünür.
Bu sadalananlardan savayı, informasiya formalaşmasına, ötürülməsinə, ifadə forması və vasitələrinə, istifadəsinə və sairə əlamətlərinə görə müxtəlif cür qruplaşdırıla bilər.

Eldəniz MƏMMƏDOV
BDU-nun və ADMİU-nun müəllimi,
tarix üzrə fəlsəfə doktoru