MÜXTƏSƏR OLARAQ MÜQƏDDƏS KİTABLAR, ONLARIN MEYDANA GƏLMƏSİ VƏ YAYILMASI HAQQINDA

arasdirma
1-06-2021, 23:03 1535
MÜXTƏSƏR OLARAQ MÜQƏDDƏS KİTABLAR, ONLARIN MEYDANA GƏLMƏSİ VƏ YAYILMASI HAQQINDA Müqəddəs kitab (müqəddəs mətn) - hər hansı bir din və ya məzhəbdə müqəddəs qəbul edilən və mərkəzi bir əhəmiyyətə sahib olan əsərdir (yazıdır). Müqəddəs mətnlərin Allah tərəfindən birbaşa göndərildiyinə, nəbilərə (peyğəmbərlərə) vəhy edildiyinə inanılır.
Din - mənbəyi yaradana dayanan, məxluqatı dünya və axirət xoşbəxtliyinə qovuşdurmaqla nicatlandıran ilahi inanc sistemidir. Səmavi və qeyri-səmavi olmaqla dinlər iki qrupa ayrılır. Səmavi dinlər Allah tərəfindən vasitəli (mələklər ilə) və vasitəsiz (birbaşa) olaraq peyğəmbərlərə göndərilən yaradan, yaradılış, dünya və axirət məsələləri haqqında fikir və ya hökmlər (vəhy) barədə informasiya qaynaqlarıdır. Yəhudilik, xristianlıq və İslam dini səmavi dinlərdir. Həmçinin bu dinləri haqq və həqiqi dinlər adlandırırlar.
Qeyri-səmavi dinlər isə bəşər övladının şüurunun formalaşdığı dövrdən insanlar arasında təşəkkül tapmış, Allah tərəfindən peyğəmbərlərə göndərilməyən, fərqli inanc, müxtəlif tapınma sistemləridir. Belə dinlərə misal üçün, buddizmi, zərdüştlüyü, şintoizmi və sairəni göstərmək olar.
Səmavi kitabların sayı dörddür. Onların birincisi «Zəbur», ikincisi «Tövrat», üçüncüsü «İncil», dördüncüsü isə «Qurani-Kərim»dir.
Bibliya – xristianlığın «Müqəddəs kitablar (yazılar)» toplusudur. Bu toplu 66 kitab (yazı) olmaqla 2 hissədən ibarətdir.
Əhdi-Ətiq – Bibliyanın birinci və həcmcə böyük hissəsidir. 39 kitabdan ibarətdir. Əksər hissəsi İbrani, bəzi hissələri isə Arami dilində yazılan bu 39 kitab e.ə. 3-2 əsrlərdə tamamlanmışdır. Bu kitablar yəhudilər və xristianlar tərəfindən «Müqəddəs kitablar (yazılar)» kimi qəbul olunur. Yəhudilər Əhdi-Ətiqi «Tanax» adlandırırlar.
Tanax üç hissədən ibarətdir: Tövrat (ibrani dili: תּוֹרָה Tora), Peyğəmbərlər (ibrani dili: נְבִיאִים Nəviim) və Yazılar (ibrani dili: כְּתוּבִים Kətuvim). Xristianlar bu kitablara Əhdi-Ətiq deyirlər. İslamda bu kitablar «Tövrat» və «Zəbur» adı altında qəbul edilir. Lakin daha xüsusi bir mənada Tövrat dedikdə (bu kəlmənin qədim ibrani dilindən tərcüməsi «qanun», «təlim» yaxud «öyüd-nəsihət» deməkdir) Musanın beş kitabı, Zəbur dedikdə isə Davudun məzmurları (ruhani nəğmələri) nəzərdə tutulur. Zəbur 150 məzmurdan (ruhani nəğmədən) ibarətdir.
Musa (e.ə. 1393-1273) - Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbərdir. Dinə əsasən, Allah tərəfindən ona Tövrat göndərilmişdir.
Davud (təqribən e.ə. 1040-970) İsrail-Yəhudi krallığının (təqribən e.ə. 11 əsrin sonu - e.ə. 950) sayca 2-ci hökmdarı, dinə əsasən peyğəmbərdir, Allah tərəfindən ona Zəbur göndərilmişdir. Zəburda adı çəkilən Süleyman peyğəmbər (təqribən e.ə. 1010-930) Davud peyğəmbərin oğludur, o, İsrail-Yəhudi krallığının 3-cü, sonuncu hökmdarı olmuşdur.
Zəbur (ərəb dili: زبور, ibrani dili: תְּהִלִּים Təhillim, yunan dili ψαλτήριον Psalterion), yəni qədim ibrani dilində תְּהִלִּים (Təhillim) kəlməsi «Həmdlər» (şükür, minnətdarlıq) mənasına gəlir, qədim yunan dilində ψαλτήριον (Psalterion) kəlməsi isə sitraya bənzər çoxsimli bir alətin adı idi. 150 mədh və dualardan ibarət olan Zəbur kitabı Tanaxın «Yazılar» (ibrani dili: כְּתוּבִים Kətuvim) hissəsində yer alır.
Əhdi-Cədid – Bibliyanın ikinci hissəsidir. Əhdi-Cədidi, həmçinin «İncil» kitabı adlandırırlar. Əhdi-Cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır.
Müqəddəs kitablar bütün zamanların ən çox yayılan və satılan əsərləri hesab olunur. Başqa dillərə tərcümə nöqteyi-nəzərindən Bibliya dünyada birinci yeri tutur. Bibliya dünyada mövcud olan 7000-ə yaxın dildən tam surətdə 600-dən çoxuna tərcümə olunmuşdur.
İslam dininin müqəddəs və ən əsas kitabı - Qurani-Kərim milyard yarımdan çox insanın etiqad etdiyi, ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusudur.
Məhəmməd peyğəmbərə Ramazan ayında nazil olan Quran 114 surədən, müxtəlif qiraət növləri və bölgülərə görə 6204, yaxud 6236 ayədən, 77934 sözdən ibarətdir. Qurani-Kərimdə hər surə ayələrə bölünür: ayə bəzən bir, iki və ya bir neçə cümlədən ibarət olur. Ayələrdə, ümumiyyətlə, 1-dən 68-ə qədər söz mövcuddur. Qurani-Kərimin ilk surəsi «Fatihə»dir. Quranın ən uzun surəsi Bəqərə 286 ayədən, ən qısa surələri – «əl-Kəusər», «ən-Nəsr» və «əl-Əsr» isə 3 ayədən ibarətdir.
Dünyada Qurani-Kərimin təxminən 200-ə yaxın dilə tərcüməsi mövcuddur. İslam ilahiyyatçı alimləri Quran ayələrinə istinadən bildirirlər ki, Qurani-Kərimi yalnız ərəb dilində orijinal adlandırmaq olar, onun tərcümələri heç zaman Quran ola bilmir. Qurani-Kərimin başqa dillərə tərcüməsi Quranın tam mənasını deyil, yalnız qısa məzmununu ifadə etmək imkanına malikdir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, hər bir dövrün ən müasir kitabı (o nöqteyi-nəzərdən ki, bu kitabda əks olunmuş informasiyalar heç zaman öz aktuallığını itirmir, yəni köhnəlmir) sayılan Qurani-Kərim, o cümlədən digər yazı abidələri «Sənəd-informasiya elmləri»nin tərkib hissəsi sayılan, cəmiyyətdə əlyazma və nəşr əsərlərinin yaranması, yayılması və onlardan ictimai istifadə proseslərini öyrənən, kitab və kitabçılıq işi haqqında elmin – kitabşünaslığın (həmçinin nəsildən-nəslə çatdırılması, qorunub-saxlanılması və özündə sivilizasiya haqqında əks etdirdiyi dəyərli informasiyaların təhlili baxımından, qismən kitabxanaşünaslığın, biblioqrafiyaşünaslığın, muzeyşünaslığın, o cümlədən sənədşünaslığın) tədqiqat obyektləridir.

Eldəniz MƏMMƏDOV
BDU-nun və ADMİU-nun müəllimi,
tarix üzrə fəlsəfə doktoru