İsrail Zəngilanda camış ferması tikəcək

gundem
28-04-2021, 02:31 1070
İsrail Zəngilanda camış ferması tikəcək İsrail Zəngilanda 300-400 başlıq camış ferması tikəcək.

Bu barədə Prezident İlham Əliyevin Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı İsrail şirkətinin əməkdaşı məlumat verib.
Onun sözlərinə görə, daha sonra onların sayının 1000-ə çatdırılması planlaşdırılır:
“Şirkətimiz “ağıllı” fermalar üzrə texnologiya ilə işləyir. Bizdə bütün fermanı məlumatların təhlili üzrə proqram təminatına birləşdirən ötürücülər var ki, bu da göründüyü kimi, mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması ilə əlaqədardır. Biz bunu “açar təslimi” layihəsi kimi həyata keçiririk. Buraya texniki-iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, komandanın hazırlanması və mal-qaranın idxalı daxildir”.
O qeyd edib ki, heyvanlar sensorlarla təchiz ediləcək:
“Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi. Bu, o deməkdir ki, Sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olur. Bu cür ferma çox maraqlı olacaq. Beləliklə, biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik”.
Şirkətin nümayəndəsi onu da qeyd edib ki, Zəngilan rayonuna idxal olunacaq camışlar İsraildən deyil, İtaliyadan gətiriləcək. Layihə meneceri Cüzeppe Grisoliya isə əlavə edib ki, məqsədləri regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılıq fermasının və ya yüksək keyfiyyətli “motsarella”, “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır:

“Biz istehsal prosesinə öz təcrübə və biliyimizi gətiririk. Azərbaycanda sadə keyfiyyətdə camış pendirinin istehsal olunmasını istəmirik. Bizim hədəfimiz yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarətdir ki, Azərbaycan da İtaliya kimi mükəmməl “motsarella di buffalo” pendirlərinin istehsalçısı olsun”.