20 YANVAR ŞƏHİDİ ÜLVİ BÜNYADZADƏ

yazarlar
2-02-2021, 13:13 3084
20 YANVAR ŞƏHİDİ ÜLVİ BÜNYADZADƏ20 Yanvar Şəhidlərimizdən biri-Ülvi Bünyadzadənin qısa qəhrəmanlıq yolunu oxuyanda, kövrəlməmək olmur. Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı bir ailədə dünyaya göz açmışdır. Beş yaşından yazıb-oxumağı bacaran Ülvi altı yaşında ilk şeirini yazmışdır. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində almışdır. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən şəhərinə köçmüşdür.

12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacarırdı.
1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilmiş, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınmışdır. İnstitutun qəzetində yazıları mütamadi çap olunmuşdur.
19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər etmiş və saat 00.20-də şəhid olmuşdur.
Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında 40-cı qəbrdə dəfn olunmuşdur.
Ülvinin əsərlərinə 200-dən çox şeiri, "Ömür yolu" poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından original tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisi- AMEA Nizami adına ədəbiyyat İnstitutunda şöbə müdiri, filologiya elmləri doktoru, alim Almaz Ülvi və dostları Məhəbbətə, Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir.
Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən küçəyə) "Ülvi Bünyadzadə küçəsi" adı verilib. Həmin evin (babasının evinin) divarına "Burada 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır" yazılı barelyef-lövhə vurulmuşdur.
"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adi haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də kecmiş SSRİ silahlı quvvələrinin Bakıya və respublikanın bir necə rayonuna hərbi təcavuzu zamanı həlak olmuş 147 nəfərə "20 Yanvar şəhidi" fəxri adı verilmişdir.
Ruhun şad olsun, Ülvi Bünyadzadə, məkanın cənnət olsun.

Ülvi, sən Vətəni elə sevdin ki,
Dağında-daşında bitmək istədin.
Otlara qarışıb çəmənliyində
Bu dünyanı atıb, itmək istədin.

Düşmən qabağına çıxan ər oldun,
Dedin torpağımda kələk, tora bax,
Cəngavər aslanı, igid nər oldun,
Dedin ki, mənimdir anam Qarabağ!

Böyütdün Vətəni bir qarış da sən,
Bu yurdun taleyi çıraqban olar.
Elə bir dastansan, bir zümzüməsən,
Sənsizlik ömrümə nisgil, qan olar.

Axirət cənnətdən keçir yolların,
Elə gənc qalmısan, yarından uzaq.
Vətənə sarılıb həsrət qolların,
Adın ruhumuza loğman olacaq.

Ülvi, gül ətrinə qarışıb torpaq,
Odur ki, bolluca nemət yetirir.
Xarı bülbül verir ruhundan soraq,
Türk oğlu, torpağın sərvət bitirir.

Ruhuna dualar oxuyur xalqın,
Adını yaşadır, saf, igid mələk.
Deyirlər Ülviylə tanınır Vətən,
Bu böyük sevgiylə biz də öyünək!

Öyünək, Ülvinin ruhu şad olsun,
Dözmədi düşmənin xəyanətinə.
Hər zaman Vətəndə ruhu yad olsun,
Layiqdi xalqının məhəbbətinə!

MAYİSƏ ƏSƏDULLAQIZI