ŞƏHİD ÜLVİ HACIYEV

yazarlar
1-02-2021, 22:30 3103
ŞƏHİD ÜLVİ HACIYEVDövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin əməkdaşı 26 yaşlı Hacıyev Ülvi Şirin oğlu Vətən müharibəsində şəhid olub.

Ülvi Hacıyev 1994-cü il noyabrın 13-də Bakı şəhərində anadan olub. Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbdə orta təhsilini almışdır. 2012-ci ildə rus dili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. 2016-cı ildə həmin universitetin Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə magistraturasına daxil olub. Qəhrəmanımız 2019-cu ildə hərbi xidməti başa vurduqdan sonra Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” gömrük postunda çalışmağa başlayıb.Hacıyev Ülvi Azərbaycan İqtisad Universitetinin bakalavr və magistratura pilləsini bitirib. Milli Ordu sıralarında hərbi xidmət keçib. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Yaxınları Ülvidən 50-i günə yaxın idi ki, xəbər ala bilmirdilər. Sonuncu dəfə 15 oktyabr tarixində qohumları ilə əlaqə saxlayıb. Onun hələ də sağ olduğunu və evinə salamat dönəcəyinə ümidli idilər. Ülvi Hacıyev 5 dekabr, 2020-ci il tarixində Şəhid kimi geri dönüb. Allah rəhmət eləsin, məkanı cənnət olsun, ruhu qarşısında baş əyirik!


Yurdun nuru-çırağı,
Vətən eşqi həvəsdi.
Elin səsi-sorağı,
Ülvi üçün nəfəsdi.

Vətən üçün doğuldun,
Qəhrəman bir oğuldun,
Qurban dedin Vətənə,
Xarı bülbül bitənə.

Dedin torpağım, daşım,
Sinən üstə qan-yaşım.
Gül üstündə xara bax,
Ana yurdum Qarabağ.

Bu Vətənin günəşi,
Eşqi, odu, atəşi.
Dövlətə bax, vara bax,
Ana yurdum Qarabağ.

Dedin yansın bu ocaq,
Torpaq külə dönməsin.
Biz Şəhid oluruq ki,
Bu od-ocaq sönməsin!

Rahat uyu məzarda,
Qeyrət əkdin, cücərsin,
Ulu xalqın canında,
Vətən eşqi güclənsin!

MAYİSƏ ƏSƏDULLAQIZI

Şəhidimiz haqqında daha ətraflı videonu izləyin:



ŞƏHİD ÜLVİ HACIYEV