İxrac coğrafiyamızda əsas yeri Türkiyə və Pakistan tutacaq

iqtisadiyyat
28-01-2021, 13:23 1218
İxrac coğrafiyamızda əsas yeri Türkiyə və Pakistan tutacaq“Made in Azerbaijan” brendinin ixrac bazarlarında tanıdılmasına fokuslandığımız müəyyən ölkələr mövcuddur. Bura ənənəvi bazarlardan Rusiya Federasiyası, Orta Asiya, eyni zamanda Asiya bazarları, Uzaq Şərqdə Çin, Cənubi Koreya, İndoneziya, Vyetnam, Yaponiya kimi bazarlar aiddir”.

Bu haqda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Yusif Abdullayev məlumat verib.O bildirib ki, Avropaya gəldikdə isə daha çox Almaniya, Polşa, İngiltərə və paralel olaraq ABŞ istiqamətində ixracı genişləndirməyi planlaşdırırıq. Eləcə də, Preferensial Ticarət Sazişinin icraat mərhələsində Türkiyə Respublikasına da ixracın artırılması gözlənilir. Həmçinin Pakistan da yeni ixrac coğrafiyamızda əsas yeri tutacaq. Y.Abdullayev əlavə edib ki, milli ixrac strategiyamıza görə 2021-2025-i illər ərzində ölkənin ixrac dəyərinin 2020-ci ilə nəzərən maksimuma çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, strategiyanın bir hissəsi kimi İxrac Akademiyası layihəsi hazırlanıb. Bu layihə ilə ixracatçılar və onların əməkdaşları akademiyaya müraciət edərək kurs keçib öz biliklərini daha da artıra biləcəklər. Layihəyə aprel ayında start verilməsi gözlənilir. Fondun prezidenti qeyd edib ki, növbəti dövrdə xarici ölkələrdə ticarət evlərinin açılması istiqamətində yeni konsepsiya əsasında işlər görüləcək və bu ticarət evləri ilkin mərhələdə məhsullarımızın tanıdılması üçün platforma olacaq. Yaxın dövrdə isə Yaponiya və Pakistanda ticarət evlərinin açılması planlaşdırılır.