Qırmızı orduya qarşı vuruşan türk paşası...

dunya
4-08-2020, 13:57 2093
Qırmızı orduya qarşı vuruşan türk paşası...Bu gün Azərbaycanda və bütün türk dünyasında böyük sevgi və hörmətlə anılan Osmanlı komandanı Ənvər Paşanın (1881-1922) anım günüdür. Ənvər Paşa istər Osmanlı, istərsə də Azərbaycan tarixində böyük rol oynayıb. Məhz onun əmri ilə Qafqaz İslam Ordusu Bakını işğalçılardan azad edib. Kult.az Ənvər Paşanın vəfatı ilə bağlı məlumatları təqdim edir:
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Qafqaz türklərinin hərbi quruculuq işinə böyük töhfələr vermiş Ənvər Paşa AXC-nin süqutundan sonra, 1921-ci ilin oktyabrında Orta Asiya müsəlmanlarını ingilislərə qarşı birləşdirmək və İslam birliyi qurmaq niyyəti ilə Təşkilat-ı Məxsusanın köhnə rəhbərlərindən Quççubaşı Hacı Sami və digər ittihadçılarla birlikdə Batumdan Buxaraya gedir. Burada Rusiyaya qarşı Basmaçı hərəkatının genişlənməsində mühüm rol oynayır.
1922-ci ilin fevralında komandanlığında topladığı Basmaçi birlikləri ilə Düşənbəni ələ keçirir. Oradakı Sovet qarnizonunu əsir alır. Ardınca Xorasan üzərinə yürüş edərək, Qırmızı ordu birliklərinin Buxara və Xorasandan çəkilmələrini tələb edir. 28 iyun 1922-ci ildəki Kafiran döyüşündə məğlub olduqdan sonra dağlara çəkilir. 4 avqust 1922-ci ildə Qurban bayramı zamanı Tacikistandakı Belçivan yaxınlığında Aqop Melkovyanın rəhbərlik etdiyi bolşevik ordusuna qarşı döyüşdə vəfat edir, Çeğen kəndində dəfn olunur. Ənvər Paşanın nəşinin Türkiyəyə gətirilməsi Türkiyə Prezidenti Süleyman Dəmirəlin 1995-ci ildəki Tacikistan səfəri zamanı gündəmə gəlib. Məsul şəxslərin təmaslarından sonra paytaxt Düşənbənin təxminən 200 km şərqindəki Belçivan şəhərinə bağlı Obtar kəndində olan Ənvər Paşanın məzarı Prezidentin baş müşaviri Münif İslamoğlu rəhbərliyindəki mütəxəssislər və elm adamlarından ibarət 8 nəfərlik heyət tərəfindən 30 iyul 1996-cı ildə açılıb. Xarici quruluşundan Ənvər Paşaya aid olduğu bilinən cənazə Tacikistandakı siyasi qarışıqlıqlara görə çətinliklə paytaxt Düşənbəyə gətirilib. Burada Türkiyə bayrağı ilə örtülmüş tabuta qoyularaq İstanbuldakı rəsmi mərasim üçün hazırlanıb. 3 avqust 1996-cı ildə İstanbula gətirilən nəşi gecə Gümüşsuyu Hərbi Xəstəxanasında saxlanılıb. Ölümünün ildönümündə - 4 avqustda Şişli məscidində 8 imamla qılınan cənazə namazının ardından Tələt Paşanın məzarının yanında dəfn edilib.
Mərasimə o dövrün Prezidenti Süleyman Dəmirəl, Müdafiə naziri Turxan Tayan, Abdullah Gül, Səhiyyə naziri İldırım Aktuna, Mədəniyyət naziri İsmayıl Qəhrəman, Ənvər Paşanın nəvəsi Mayatepek və digər yaxınları qatılıb.