Mikayıl Cabbarov yeni rektoru təqdim etdi

tehsil
4-09-2015, 16:20 679
Mikayıl Cabbarov yeni rektoru təqdim etdi “ADNSU-nun yeni inkişaf strategiyası hazırlanacaq”.
Sentyabrın 4-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsinə təyin olunmuş Mustafa Babanlını bu təhsil müəssisəsinin kollektivinə təqdim edib.
Realfakt Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, təhsil naziri Mustafa Babanlıya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir qeyd edib ki, ADNSU-nun Azərbaycan ali təhsil sistemində özünəməxsus yeri var.
Mikayıl Cabbarov deyib ki, Təhsil Nazirliyinin yaxından köməyi ilə ADNSU-nun yeni inkişaf strategiyası hazırlanacaq və ali təhsil sahəsində beynəlxalq təcrübədən istifadə olunacaq. Bütün bu və ya digər işlərdə ali məktəbə yeni təyin olunmuş rəhbərliyin üzərinə ciddi öhdəliklər düşür.
ADNSU-nun rektoru Mustafa Babanlı ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.
O, ali məktəbin kollektivi ilə bərabər ADNSU-nun yeni hədəflərinin gerçəkləşdirilməsi üçün bütün mövcud imkanları səfərbər edəcəklərini bildirib.