BNA-dan taksi sürücülərinin diqqətinə! - Video

sosial
26-06-2020, 21:36 886
BNA-dan taksi sürücülərinin diqqətinə! - Video
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi layihəsi çərçivəsində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanları alması üçün onlayn müraciət platforması hazırlanıb.

BNA-dan Axar.az-a verilən məlumata görə, məqsəd Bakının inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin rahatlığının təmin edilməsi, pandemiya dövründə sosial məsafəni qoruyaraq fiziki təmasların azaldılması və vahid taksi sürücü məlumat bazasını yaratmaqla taksi fəaliyyətində dövlət tərəfindən sahibkarlıq fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının aradan qaldırılmasıdır.

Onlayn müraciət forması Alo141.az saytında yerləşdirilib. Fərqlənmə nişanını almaq istəyən şəxslər müvafiq olaraq qeydiyyatdan keçərək müraciətlərini tamamlaya bilərlər. Həmçinin, onlayn müraciət üzrə video-təlimat da hazırlanaraq sayta yerləşdirilib.

Fərqlənmə nişanı yalnız hüquqi şəxslərə və onlayn taksi xidməti göstərən fiziki şəxslərə verilir. İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək.

Həmçinin, Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli 73 nömrəli Qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişindaşımalarını yerinə yetirən taksi minik avtomobilləri müəyyən edilmiş standartlara və normativlərə uyğun olmalıdır.

Taksi xidmətinin göstərilməsi üçün fərqlənmə nişanlarının verilməsi üzrə onlayn müraciət platforması bu sahədə ümumiləşdirilmiş məlumat bazasının yaradılması məqsədilə digər məlumat bazalarına, o cümlədən, ASAN məlumat bazasına inteqrasiya olunacaqdır.