» » Prezident bu məsələyə görə çox narahatdır - Politoloq


Prezident bu məsələyə görə çox narahatdır - Politoloq

26-06-2020, 14:54
Oxunub: 632
Çap et
Prezident bu məsələyə görə çox narahatdır - Politoloq
Yenidən sərt karantin rejiminin tətbiq edilməsi heç kəsin ürəyincə deyil, lakin bəzi insanlarımızın məsuliyyətsizlikləri ucbatından yoluxma sayı artır. Bu vəziyyətə “dur!” deməliyik. Ölkə başçısının sözləri hər kəs üçün – həm vətəndaşlar, həm də dövlət məmurları üçün əsas olmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışındakı çıxışını şərh edərkən deyib. Politoloq bildirib ki, pandemiya ilə bağlı ölkədəki vəziyyət arzu etdiyimiz kimi deyil:

“Dövlətimizin gördüyü qabaqlayıcı tədbirlər ilk vaxtlar uğurlu olsa da, bəzi daxili səbəblərə görə vəziyyət hazırkı yerə gəlib çatıb. “Daxili səbəblər” dedikdə bəzi vətəndaşlarımızın səhlənkarlığı, pandemiya və onun ölümcül təsirlərini ciddiyə almamaqlarını nəzərdə tuturam. Mövcud vəziyyət ölkə başçısını da narahat edir. Pandemiyanın yaratdığı real təhlükəyə baxmayaraq, ölkə başçısı regionlara səfər edir, yeni xəstəxanaların, eyni zamanda digər infrastruktur binaların açılışında iştirak edir. Diqqət etsəniz, Prezidentin gündəliyində duran bir nömrəli məsələ koronavirus və onunla mübarizə yollarıdır. Bu baxımdan Prezidentin bu səylərinə ölkə vətəndaşları olaraq biz də ciddi dəstək verməliyik”.

Politoloqun sözlərinə görə, bu gün bir vətəndaş olaraq hər birimizin qarşısında duran iki mühüm məsələ var:

“Birincisi, tibbi maskadan istifadə edib, sağlamlığımızı qorumaq; ikincisi isə ictimai yerlərdə tibbi maskadan istifadə etməyən vətəndaşları xəbərdar edib, vətəndaş mövqeyimizi bildirmək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında “biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir” ifadəsini işlətdi. Ölkə başçısı çıxışı zamanı açıq şəkildə bildirdi ki, polis və hərbçilərin işini yüngülləşdirmək lazımdır. Yəni hər bir vətəndaş məsuliyyətini dərk edib, ilk növbədə öz sağlamlığını qorumalı, daha sonra mövcud qaydalara riayət etməyən vətəndaşları xəbərdar etməlidir”.
Reytinq: