Çin və Hindistan üz-üzə: "günahkar" kimdir? - Video

dunya
18-06-2020, 16:52 606
Çin və Hindistan üz-üzə: "günahkar" kimdir? - Video
Çinlə Hindistan arasında bir yox, bir neçə sərhəd münaqişəsi var. Bunlar tezliklə həll olunacaq qədər xırda məsələlər deyil. Lakin müharibə ilə də həll olunmayacaq. Tərəflərin BMT nəzdində danışıqlar masası arxasında uzlaşması və sərhəd problemlərini müzakirə etməsi zəruridir. Əks təqdirdə, iki Asiya ölkəsi dünyanı ciddi bir nüvə böhranına çəkə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Hindistan-Çin sərhədindəki gərginliyi şərh edərkən deyib.

O bildirib ki, bu gün Hindistanla Çin arasında baş verən gərginliyin "günahkarı" Böyük Britaniya imperiyası olub:

“Çünki İngiltərənin müstəmləkə dövründə rəsmi sərhədləri düzgün təyin etməməsi bu gün Hindistanın təkcə Çinlə deyil, Pakistanla da münaqişədə olmasına gətirib çıxarıb.

Mövcud qarşıdurma fonunda Çin tərəfi daha çox günahkar göstərilir. Lakin nəzərə almaq lazımdır ki, Çin 15 ildən artıqdır Hindistan sərhədinə müdaxilə etmirdi. Yəni iki ölkə arasında mübahisəli ərazilər olmasına baxmayaraq, konkret müdaxilə edən tərəf yox idi. Bununla belə Hindistanın son illərdə Kəşmir məsələsini qabartması Çin tərəfini də qıcıqlandırdı və hər iki tərəf sözügedən ərazilərdə hərbi qüvvələrini artırdılar. Ümumiyyətlə, Hindistan hökumətinin xarici və daxili siyasətdə etdiyi səhvlər ciddi nəticələr doğura bilər”.

Q.Hüseynli qeyd edib ki, hər iki ölkə güclü nüvə dövlətidir:

"Hindistanla Çin arasında istənilən hərbi qarşıdurma narahatlıq doğurur. Çünki ikisi də güclü və nüvə silahına malik ölkədir. Bu iki ölkənin müharibə vəziyyətinə gəlməsi regiona, o cümlədən qlobal təhlükəsizliyə təhdiddir. Bununla belə, düşünürəm ki, tərəflər genişmiqyaslı müharibəyə başlamayacaq. Hesab edirəm ki, münaqişə danışıqlar masası arxasında diplomatik yolla nizamlanacaq. Çin tərəfinin açıqlaması da buna böyük ümid yaradır".

Qeyd edək ki, ötən gecə iki ölkə əsgərləri arasında baş verən lokal toqquşma zamanı 20 Hindistan, 43 Çin əsgərinin öldüyü bildirilir.

Çin Xarici İşlər Nazirliyi münaqişənin alovlanmasının qarşısını almaq üçün tərəflərin artıq razılığa gəldiyini açıqlayıb.