» » Mayis Ağabəyov vəfat etdi


Mayis Ağabəyov vəfat etdi

17-06-2020, 23:30
Oxunub: 1354
Çap et
Mayis Ağabəyov vəfat etdi

Xalq rəssamı Mayis Ağabəyov iyunun 17-də vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov məlumat verib.

Azərbaycan təsviri sənətinin inkişafında müstəsna xidmətləri olan Mayis Ağabəyov milli kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan sənətkarlardandır.

Mayis Ağabəyov 1941-ci il mayın 1-də Bakıda anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1972-ci ildə Rəssamlar İttifaqına üzv seçilmişdir.

Onun əsərləri dəfələrlə respublika və xarici ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir. M.Ağabəyov əsasən kino və geyim rəssamlığı sahəsində tanınmış, dəzgah rəngkarlığı, qrafika sahəsində də orijinal əsərlər yaratmışdır. “Nizami”, “Nəsimi”, “Babək” və digər kimi 20-dən çox Azərbaycan filminin quruluşçu rəssamı olmuşdur.

M.Ağabəyov 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamış, 2000-ci ildən Dövlət Rəssamlıq Akademiyasında gənc rəssamlara sənətin sirlərini öyrətmiş, 2006-cı ildən 2010-cu ilin oktyabr ayınadək akademiyanın akademik rəngkarlıq kafedrasına rəhbərlik etmişdir.

Onun bədii yaradıcılıq fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmiş və 2000-ci ildə ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə “Xalq rəssamı” fəxri adına layiq görülmüşdür. 2004-cü ildən Prezident təqaüdçüsüdür.
Reytinq: