Rasim Musayev belə dəfn olundu- Ramil Usubov da iştirak edib

sosial
4-09-2015, 13:46 793
Rasim Musayev belə dəfn olundu- Ramil Usubov da iştirak edib Dünən ürəktutmasından dünyasını dəyişən general Rasim Musayev bu gün dəfn olunur.
“Qafqazinfo” xəbər verir ki, general "Mehdiabad" qəbiristanlığında torpağa tapşırılır. R.Musayevin dəfnində Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən nazir Ramil Usubov da iştirak edir.
Qeyd edək ki, Rasim Musayevə 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Öz xahişi əsasında, 2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. Onu da əlavə edək ki, R.Musayev Gəncə polisinə rəhbərlik edən ilk general olub. Eyni zamanda, onun bu vəzifədən hansı səbəblərdən istefa verməsi uzun müddət mətbuatın müzakirə mövzusu olub.
Gəncədən Bakıya qayıdan general bir neçə gün sonra, yəni, 2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilmişdi.
Qeyd edək ki, dəfn mərasimində beş minə yaxın insan iştirak edib. Generalı son mənzilə yola salmaq üçün gələn insan axını “Memar Əcəmi” metro stansiyasından, onun 9-cu mikrorayonda yaşadığı evinin qarşısına kimi uzanıb. Bu səbəbdən bəzi yollar müvəqqəti olaraq bağlanıb. R.Musayev Azərbaycan bayrağına bükülmüş halda, polis əməkdaşlarının çiyinlərində dəfn edilib. Onu da əlavə edək ki, generalın yeganə oğlu İslam atasının yolunu davam etdirmək üçün bu il polis akademiyasına qəbul olmuşdu.