Dostunun kreditini bağlayıb, amma adına yenə borc yazılıb - 3-cü qrup əlil narazıdır

sosial
11-02-2020, 21:35 1242
Dostunun kreditini bağlayıb, amma adına yenə borc yazılıb - 3-cü qrup əlil narazıdır Dostunun kredit pulunu tam ödəyən şəxsin adına yenə borc yazılıb.
Belə hadisə Tovuz rayon, Qovlar şəhər sakini Maarif Fərmanovun başına gəlib.
O, 2008-ci ildə dostunun bank olmayan kredit təşkilatından aldığı 3 min dollarlıq kredit üçün zamin durub. 3-cü qrup əlil olan Maarif Fərmanov bu krediti sosial müavinət kartının hesabına ödəyib. İndi isə ona əlavə 318 manat borc gəlib. Bu pul da onun aldığı sosial müavinətdən çıxılmağa başlanıb.
Vətəndaş iddia edir ki, ona bu məbləği ödəyəcəyi barədə əvvəlcədən məlumat verilməyib.
Ədliyyə Nazirliyinin Tovuz rayon İcra və probasiya şöbəsinin rəisi Rəşad Mustafayev "Xəzərə Xəbər"ə bildirib ki, vətəndaşdan tələb olunan ödəmə "İcra haqqında qanun" çərçivəsində təyin edilib.
"İcra haqqında qanun"un 78-ci maddəsində bu tələblər öz əksini tapıb.
Həmin maddədə qeyd olunur ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edə bilər.