» » YAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndi


YAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndi

15-01-2020, 20:54
Oxunub: 590
Çap et
YAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndi Yanvarın 15-də YAP Səbail rayon təşkilatının Rayon Şurası və İdarə Heyətinin geniş tərkibdə iclası keçirildi.
İclasda çıxış edən YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev respublikamızın ictimai-siyasi həyatında baş verən mühüm hadisələr haqqında danışaraq, 2019-cu ilin ölkəmiz üçün uğurlu olduğunu və ötən ilin Azərbaycan xalqının tarixinə islahatlar ili kimi yazıldığını bildirdi. Ş.Hacıyev Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı müşavirədə çıxışına toxunaraq qeyd etdi ki, “Azərbaycan müstəqil siyasət yürütməklə dayanıqlı inkişaf yolunda inamla irəliləyir. Ötən il ölkəmiz üçün çox uğurlu olub. Sosial layihələr çərçivəsində insanların rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Eyni zamanda dərin, köklü islahatlar həyata keçirilib”. Vurğulandı ki, ölkəmizdə aparılan struktur və institusional dəyişikliklər, yeniləşmə və cəmiyyətimizdə gənclərin rolunun yüksəldilməsi, gənclərə geniş meydan verilməsi hər bir vətəndaş tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan olunması dövlətin gənclər siyasətinin daha bir parlaq təzahürüdür.
Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının mühüm rolunu xüsusi qeyd edən sədr bildirdi ki, ötən il Yeni Azərbaycan Partiyası, o cümlədən YAP Səbail rayon təşkilatı üçün uğurlu il olub, rayon təşkilatının sıraları daha da genişlənib və partiyanın yeni üzvləri arasında gənclər, qadınlar üstünlük təşkil edir. Ş.Hacıyev 2019-cu ildə YAP Səbail rayon təşkilatının siyasi-ideoloji, mədəni-kütləvi, sosial və s. istiqamətlərdəki fəaliyyəti haqqında yığıncaq iştirakçılarına ümumi məlumat verdi. Qeyd olundu ki, rayon partiya təşkilatı tərəfindən hər il ənənəvi olaraq keçirilən siyasi, rəsmi təqvim günlərinə həsr olunan tədbirlərdən başqa, ötən il “Nəsimi ili” və Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı” çərçivəsində çoxsaylı mədəni, bədii-publisistik tədbirlər, görüşlər keçirilmiş, cəbhə bölgələrinə səfərlər təşkil olunmuş, gənclərlə iş istiqaməti daha da gücləndirilmiş, rayonun aztəminatlı sakinləri üçün xeyriyyə aksiyaları, iftar süfrələri təşkil olunmuş, rayon sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə Səbail rayon İcra Hakimiyyəti ilə birgə yerlərdə görüşlər keçirilmiş, kütləvi informasiya vasitələrində çoxsaylı çıxışlar edilmiş, məqalə və müsahibələr dərc olunmuşdur. Nəzərə çatdırıldı ki, YAP Səbail rayon təşkilatının illik geniş hesabatı fevral ayında rayon partiya təşkilatının yaranmasının növbəti ildönümü tədbirində təqdim olunacaqdır.
İclasda, həmçinin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Səbail rayonunda təbliğat-təşviqat kampaniyasının aparılması, seçicilərlə görüşlər, seçki qərargahının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələr müzakirə olundu, 20 Yanvar faciəsinin ildönümünə hazırlıqlar barədə məlumat verildi.
Ş.Hacıyev YAP Səbail rayon təşkilatının 2020-ci il üçün hazırlanmış İş planı və Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar tədbirlər planı haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, geniş və əhatəli şəkildə hazırlanan İş planında ənənəvi ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin, həmçinin “Könüllülər ili” çərçivəsində keçirilməsi nəzərdə tutulan xüsusilə gənclər, yeniyetmələr üçün tərbiyəvi, maarifləndirici seminarların, “dəyirmi masa”ların təşkili, həmçinin hər il olduğu kimi bu il də cəbhə bölgələrinə səfərlərin təşkili, səngərdə əsgərlərlə görüşlərin keçirilməsi, Səbail rayonunda qeydə alınmış 300-ə yaxın aztəminatlı ailəyə, əlillərə, müharibə veteranlarına, şəhid yaxınlarına, kimsəsizlərə, tənha qocalara, yataq xəstələrinə mütəmadi olaraq maddi-mənəvi yardımların göstərilməsi üzrə işlər davam etdiriləcəkdir.
İclasda Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar tədbirlər planı müzakirə edilərək təsdiq olundu.
Sonra rayon partiya təşkilatının İş planı, eləcə də YAP Səbail rayon Qadınlar Şurasının, Gənclər Təşkilatının və Nəzarət-təftiş Komissiyasının illik iş planları geniş müzakirə olundu, Rayon Şurası və İdarə Heyəti üzvlərinin rəy və təklifləri dinlənildi. Çıxışlardan sonra iş planları səsə qoyularaq yekdilliklə təsdiqləndi.
Ş.Hacıyev YAP Səbail rayon təşkilatı İdarə heyətinin üzvü, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzovu 70 illik yubileyi və “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının çoxminli üzvləri adından və şəxsən öz adından səmimi qəlbdən təbrik etdi, ona möhkəm cansağlığı, sağlam uzun ömür, şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzuladı.
İclasda “Turizm işçiləri” (Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi) ərazi ilk partiya təşkilatının yeni üzvlərinə partiya üzvlük vəsiqələri təqdim olundu.
Reytinq: