Səki olsa da, piyadalar yolun hərəkət hissəsi ilə gedirlər

arasdirma
27-12-2019, 10:12 2328
Səki olsa da, piyadalar yolun hərəkət hissəsi ilə gedirlər Bu ilin 11 ayı ərzində baş verən yol qəzalarında ölənlərin 298 nəfəri piyadalar olub. Əbəs yerə bu statistikanı xatırlatmadıq. Bakıda piyadaları ölümlə üz-üzə qoyan bir səki var. Söhbət o səkidən gedir ki, burada səkidə ağaclar yerləşir və bu piyadaların hərəkətinə böyük maneə yaradır.
Səki olsa da, piyadalar yolun hərəkət hissəsi ilə gedirlər.
Səbəb ağacların səkini zəbt etməsidir. Görüntülər paytaxtın Nərimanov rayonu, Nəsib bəy Yuisfbəli küçəsində çəkilib. Piyadalar Tibb Universitetindən üzü metronun ''Gənclik'' stansiyasına doğru yolun müəyyən hissəsini səki ilə gəlsələr də, sonradan səki daraldığından yolun hərəkət hissəsinə çıxırlar. Burada təxminən 100 metrə qədər yolun hərəkət hissəsi ilə gedirlər.
Yol kənarına əkilən şam ağaclarının baxımsızlığı piyadaları çətin duruma salır. Ağaclar budanmadığı üçün, demək olar, bütün səki bağlanıb. Qeyd edək ki, həmin səkidən ən çox unverisitet tələbələri istifadə edirlər. Onların da dərsi eyni vaxtda qutardığından səkidə piyadaların sayı çox olur. Bu da həmin ərazidə piyada vurulması riskini artırır.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirdi ki, sözügedən səkidə əkilən dekorativ ağaclardır və onlar gənc olduğundan budanması mümkün deyil. Bakı Nəqliyyat Agentliyindən isə ''Xəzər Xəbər''ə bildirildi ki, günü sabah mütəxəssislər əraziyə baxış keçirib, piyadaların təhlükəsiz hərəkəti üçün zəruri işlər görüləcək.